İnsanlara hürriyət, millətlərə istiqlal!

Arnoldun "veteran barakı" - Siraqəddinin qafası

2632 19.07.2022 10:19 Yazarlar A A

Birləşmiş Ştatlarda son 20 ildə 30 mindən çox müharibə veteranı intihar edib. İraq və Əfqanıstanda müharibə başa çatdıqdan sonra Amerika veteranları arasında "intihar epidemiyası" səngimək bilmirdi.

Vyetnam müharibəsindən sonra 50 mindən çox Amerika əsgərinin intiharla həyatına son qoyması hələ də Amerika kimi nəhəng bir dövlətin tarixində qara ləkə olaraq qalır.

Müharibə zamanı 58 min əsgər itirmiş Amerika hökuməti əsgərlərinin psixoloji gərginliyini dərk etməyə çalışdı, Silvester Stallone, Arnold Şvartsnegger kimi məşhur aktyorlar Vyetnam müharibəsi veteranlarının qəhrəmanlıqlarından saysız-hesabdız filmlər çəkdilər, veteranlara cəmiyyətdə hörmət qazandırdılar.

Halbuki amerikalıların Vyetnamda apardığı müharibə işğalçı müharibəydi, ancaq veteranların xatirinə elə filmlər çəkirdilər ki, bütün dünya Rembonun qəhrəmanlığına heyran qalırdı. Həmin "Rembo" elə Vyetnam müharibəsinin veteranı kimi bizdə məzlum vyetnamlılara qarşı nifrət də oyatmışdı.

Britaniyanın Braun Universitetinin alimləri "Müharibənin qurbanları" adlı layihədə "suisid" hallarının səbəbini araşdırıblar. Onlarla veteranı danışdırıblar, ürək sözlərini dinləyiblər. Maraqlı nəticələr alınıb. Öz dillərilə desək, "müharibə onları dəyişib, fərqli insanlar kimi qayıdıblar". Öz durumlarını bu cür təsvir edən veteran və ya qazi cəmiyyətdən istədiyi diqqəti ala bilmədikdə tez sarsılır.

Oxu.az - “Rembo” uğrunda Al Paçino, Robert De Niro, Dastin Hoffmana qalib  gələn Silvestr Stallone

Çoxları posttravmatik stress pozğunluğundan əziyyət çəkir, istər-istəməz gündəlik həyatda dəhşətli xatirələrə qapılır, əsəbi olurlar, narahatlıqdan əziyyət çəkirlər. Dostlar və qohumlar çox vaxt bunun üçün lazımi anlayışı göstərə bilmirlər və beləliklə, ətraflarının üzərinə əlavə yük düşür. Onlar sağ qaldıqlarına görə özlərini tənha və hətta günahkar hiss edirlər. Britaniya alimlərinin gəldiyi nəticə budur.

İraq və Əfqanıstanda 20 illik müharibə başa çatıb. Müharibə trilyonlarla dollara başa gəlib və müharibə zonasında yüz minlərlə mülki insan itkisi ilə yanaşı, minlərlə ABŞ əsgərinin həyatına son qoyub. Lakin bu rəqəmlər münaqişənin Amerika xalqına nələrə başa gəldiyini tam əks etdirmir.

Statistikaya görə, veteranlar arasında intiharların sayı mülki şəxslərlə müqayisədə daha çoxdur. Bunun əsas səbəbləri müharibənin bəxş etdiyi travmaların mülki həyata dönüşü çətinləşdirməsidir.

2013-cü ildə veteranların intiharı daha yüksək olub. Bir gündə 20-22 müharibə veteranı həyatına qəsd edib. 2007 ci ildə intiharın qarşısının alınması məqsədilə ABŞ Kongresi xüsusi qanun qəbul edib. Bu qanuna əsasən Müharibə Veteranları Nazirliyinə əlavə səlahiyyətlər verilib. Psixoloqlar tez-tez müharibə veteranlarına baş çəkir, onların əhval-ruhiyyəsini öyrənir, problemlərilə maraqlanırlar. Məhz bu preventiv addımlardan sonra veteran intiharları əhəmiyyətli şəkildə azalıb.

Azərbaycanda həyatına qəsd etmiş veteranlar daha çox diqqətsizlikdən və yerli icra orqanlarının biganəliyindən şikayətləniblər. Bürokratik əngəllər, laqeydlik trauma sonrası stressin əsas düşməni olduğunu nəzərə alsaq, icra orqanlarının qazilərə münasibətdə daha həssas olmaları vacibdir.

Prezident İlham Əliyev şəhid ailələrinə ev və avtomobillərin təqdim  olunması mərasimində iştirak edib

Digər dövlətlərlə müqayisədə Azərbaycan yeganə ölkədir ki, qazilərə, şəhid ailələrinə ev, avtomobil bağışlayır. İkinci belə bir nümunə tapa bilmədim. ABŞ-da müharibə veteranlarına kirayə evlər verilir, həmin evlərin kirayəsi dövlət tərəfindən qarşılanır.

Ötən Milad bayramı ərəfəsində veteranlara ev bağışlamış məşhur aktyor, keçmiş qubernator Arnold Şvartsneggerin hədiyyəsini bütün dünya gördü. "Plasmas barak"ları Amerika mediası 1 həftə reklam etdi, dünyaya yaydı. Ancaq söhbət barakın plasmaslığından getmir, insanlıqdan, diqqətdən gedir. Dünya şöhrətli Arnold Şvartsnegger Vyetnam veteranını sayıb gəlib, onlarla maraqlanıb. Arnoldla görüşü həyatlarının sonuna kimi unutmayacaqlar.

Sabirabad icra başçısı çətin durumda – Statistika İdarəsinin rəisi  Siraqəddin Cabbarovun üzünə durub? | Zirvə Yolu

Bizim Siraqəddinlərdə Arnoldun insanlığı yoxdu. Azərbaycanda tək bir ildə qazi və Şəhid ailəsinə 1500 ev, 7 min avtomobil bağışlanır. Arnoldun Amerika veteranlarına bağışladığı "baraklar" bu evlərin anbarı böyüklükdə deyil. Ancaq icərisi insanlıqla, şəfqətlə, anlayışla doludur.

Amerika veteranlarının bizim qazilərdən fərqli cəhəti onların problemləri ilə daima məşğul olan qurumlarının olmasıdır. ABŞ-da müharibə veteranları nazirliyi ötən əsrin 30-cu illərindən fəaliyyət göstərir.

Bəs bizim ölkədə sırf qazilərin problemi ilə məşğul olan dövlət qurumu varmı? Yoxdu. Dövlət vəsaitinə qənaət yaxşı şeydi. Ancaq qazi həyatı o vəsaitdən qat-qat üstündür.

Bizim qaziləri intihara sürükləyən nədir? Əlbəttə ki, bivec məmurlar, laqeyd icra başçıları, "üzülmüş" siyasətbazlar.

Dövlət başçısının qazilərə və şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərməsinə baxmayaraq, qaziləri aşağılayan, onların problemlərinə, qayğılarına biganə qalan, hətta qazini "prikola" tutan icra başçıları, qazilərin intiharından "qara piar" kimi istifadə edən siyasətçilər, media orqanları var.

İcrabaşı Siraqəddinin davranışı adekvat insanın hərəkətinə yad olmasından əvvəl xəyanət sayıla biləcək ölçüdədir. Komandasına zərbə vuran, hökumətini təzyiq və təhdidlərə məruz qoyan, qazini intihara sürükləyən məmurun yeri dövlət idarələri deyil.

Elvinin son videosundan da açıq görünür ki, onu intihara sürükləyən Siraqəddinin istehzalı danışığıdır. Axtarsan ailəsində hərbi forma geyinən bir zat tapılmaz. Ancaq qazinin medallarını sorğulayıb, "racon" kəsir.

Bizim əsl Rembolarımızın şücaəti dünya liderlərinin dilindən düşmür, ancaq indiyə qədər Mübariz İbrahimovu dünya çapında tərənnüm edə biləcək bir əsər, bir film çəkilməyib. İşğalçı Amerikan əsgərini qəhrəman kimi dünyaya tanıdan Silvesterlərimiz də var, ancaq qapılar üzlərinə bağlıdır. Hər yerdə Siraqəddin qafalılardan var, bağlayırlar qapıları üzlərinə. Müharibə ərəfəsində olan bir ölkə üçün bundan böyük təhlükə yoxdur.

 Elxan Həsənli, Sürix, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR