İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz qırağındakı “ləşkər”

4090 17.10.2022 15:05 Yazarlar A A

Əslində İran dövləti bu gün, oktyabrın 17-də Azərbaycana təbriklər göndərməli idi. Məhəmməd Füzulinin şərəfinə adlandırılmış Füzuli rayonunun 27 illik erməni işğalından azad olunmasına görə! İran İslam Respublikasının rəsmiləri yəqin ki, məlumatlıdırlar, İslam Peyğəmbərinin adını daşıyan böyük şair Kərbəlada, İmam Hüseyn (ə) məzarının yanında uyuyur. Amma erməni vandallar işğal dövründə “Varanda” adı ilə murdarladıqları müqəddəs torpaqlarımızı viranəyə çevirmişdilər, Azərbaycan ordusu torpaqları azad etdikdən sonra bayrağımızı sancmağa bir salamat tikili tapmadı...

Amma azadlığının ikinci ilinin tamamında yer üzündən silinmiş Füzuli şəhərinin təməl daşı yenidən qoyuldu Azərbaycan Prezidenti tərəfindən. Dilimizdə “od qonşusu” ifadəsi var, normalda İrandan bir təbrik də bu məkanın yenidən qurulması ilə bağlı gəlməliydi. Kərbəlaye-Füzulinin adını daşıyan Füzulini Kərbəla çölünə döndərən erməni faşistlərinə İrandan bir İslam ölkəsi olaraq quruca təpki gəldimi? Yox! Bircə dəfə etiraz oldumu ki, sən niyə bu məkandakı məscidləri darmadağın edibsən, yarım uçuq vəziyyətində olanları donuz ferməsısna çevirmisən? O da yox!

iran.jpg (234 KB)

Kim bilir, bəlkə daşını, dəmirini daşımaqda erməniyə kömək etdiklərinə görə utanıblar... Axı, bütün dünya erməniləri yığışsaydı, Qarabağı, Şəqri Zəngəzuru darmadağın edə, söküb, daşıya, talayıb, apara bilməzdi... Təkcə Mehri “nəfəsliyi”ndən, hazırda Azərbaycan ordusu tərəfindən nəzarətə götürülən - buna görə də İranın əsəbi reaksiyası ilə qarşılanan - Qafan-Gorus yolundan istifadə olunmadı, Arazın üstündən də adlayıb, Azərbaycan ərazilərini talamağa daraşdılar illər boyunca... Diplomatik etiket naminə səslənən gəlişigözəl sözlərin arxasında təəssüf doğuran həqiqətlər, reallıqlar var, bunu həm İranda bilirlər, həm də Azərbaycanda.

Deyək ki, İran Azərbaycanı Füzuli zəfərinə görə təbrik etmədi. Bəs, Gəncə müsbiətinə görə niyə başsağlığı vermədi? Elə Füzulinin azadlıq günündə Ermənistan növbəti dəfə dinc sakinlərimizə qarşı terror hücumu həyata keçirmişdi. 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistandan 5-ci (!) raket hücumu olmuşdu. 15 nəfərin həlak olması, 79 nəfərin yaralanması ilə nəticələnmişdi bu, alçaq terror hücumu!

Gəncədə həlak olanlar günahsız dinc sakinlər, İran rəsmilərinin dili ilə desək, müsəlmanlar idi. Bəs, niyə İran həmin terroru ittiham etmir? Ermənistanın yuxuda olan körpələrimizi öldürməsinin qarşılığında İran hansı addımlar atdı? Hə, xatırladım, bu ölkənin rəsmiləri Azərbaycanın ildırımsürətli hücumunun qarşılığında bəyan etdilər ki, Ermənistanın sərhədləri bizimçün qırmızı xəttdir. Hətta iki gün əvvəl İran parlamenti həmin bu “qırmızı xət”lə bağlı son ayda ikinci dəfə xüsusi iclas keçirib, qərar qəbul edib. Amma 30 illik işğal dönəmində bircə dəfə də Azərbaycanın ərazi bütövlüyünün pozulmasına həsr olunmuş müzakirələr təşkil etmədilər, çağırış etmədilər, tələb qoymadılar. Səbəbi əslində bəllidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini həzm edə bilməyən müsəlman qonşumuz sabahkı gündə, yəni 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı qəbul ediləndən, istiqlaliyyətimizi elan etdikdən sonra da xeyli düşündü, yalnız dekabrın 25-də dövlət müstəqilliyimizi tanıdı, 1992-ci ilin martında isə diplomatik əlaqələrlə bağlı qərar verdi. “Od qonşumuz” bizim dövləti Rumıniyadan iki həftə, Pakistandan 13 gün gec tanıdı...

sdfsd-1662541708.jpg (38 KB)

Azərbaycan dövlətinin varlığını həzm edə bilmir İran rejimi... Qarabağın azadlığını da eləcə...

Üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Bunu Gəncədə səfərdə olan qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O bildirib ki, “Biz bunun həyəcanını yaşayırıq”. Keçən il Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən cənab Ərdoğan bu dəfə Zəngilandakı hava limanının açılışını Azərbaycan lideri ilə bərabər reallaşdıracaq! Qardaşlıq deyilən bu!!! Yaxşı gündə də, yaman gündə də yanımızda oldu Türkiyəmiz!

Türkiyə ilə Azərbaycanın cəmi 11 km-lik sərhədi var, ona da böyük Atatürk qızıl pulun qarşılığında nail olub. İranla sərhədimizin isə ucu-bucağı bilinmir, amma bu sərhəddən bizə nə gəlir? Sonuncu “partiyası” barədə elə indicə xəbər yayıldı: Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı 15 oktyabrda alınıb. Bax, belə! Müsəlman qonşumuz terrorçu Ermənistana silah, yanacaq, elektrik enerjisi...yardımını edir, Azərbaycana narkotika “ixrac” edir. Əks təqdirdə, sərhəddən qaçaqmalçıların belə rahat keçməsini necə anlamaq olar? Hər narkotik qaçaqmalçısı bir neçə azərbaycanlı ailənin məhvi, belinin qırılması deməkdir. Hər həftə Azərbaycan polisi onlarla narkoman aşkarlayır, vətəndaşlarımızı bu, dəhşətli mərəzə mübtəla edən ölkə çox təəssüf ki, qonşumuzdur...

XUD.jpg (451 KB)

Bu qonşu, Azərbaycanın nə xoş günündə, nə də yaman günündə yanında olmayan ölkə bu gün, Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 31-ci ildönümü ərəffəsində... Araz çayı kənarında hərbi təlimə başlayıb. İran od-alov içərisindədir, amma SEPAH-ın quru qoşunları “Aşura təlimlərini Azərbaycanla sərhəddə keçirir! Özü də Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsini (?!) nəzərdə tutan təlim!!!

“Arazı ayırdılar” bayatısına kükrəyən İran indi Araz qırağına “ləşkər” yığıb... 2021-ci ilin oktyabrında da İran bənzər davranışlar sərgiləmiş, hətta İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdollahian özünü Rusiyaya yetirib rəsmi Moskvanı da öz tərəfinə çəkməyə çalışmışdı. Amma hətta damarlarından erməni qanı axan Sergey Lavrov Azərbaycanın İran ordusunun sərhəddəki təlimlərindən narahatlıq keçirdiyini vurğulayaraq, fars diplomatı peşman eləmişdi. İranın Araz qırağına “ləşkər” yığması 2001-ci ildəki olayları xatırladır. O vaxt hava sərhədlərimizi pozmuşdular, “Türk Şahinləri” Azərbaycan səmasında ay-ulduz çəkdi, farslar çəkilib getdilər. Bəlkə Türkiyə-Azərbaycan birgə təlimləri keçirilsin...

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR