İnsanlara hürriyət, millətlərə istiqlal!

«АНТАЛИЯ» bir gecədə «НАТАЛИЯ» oldu, İran da “Cənub” – Buqələmun xisləti

3047 11.04.2023 10:00 Yazarlar A A

 

Yaddaşı iti oxucularımızın yadında olar: 2015-ci ilin noyabrında Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsi (“Su-24”) Suriya tərəfə keçəndən sonra vurulmuşdu.

Bu xüsusda təfərrüata varmadan deyim ki, rus qırıcısını yerli türkmənlər vurmuşdu, katapultla təyyarəni tərk edən pilotun birini havada güllələmişdilər, digərini əsir götürmüşdülər.

O zaman Türkiyənin baş naziri, “dərin strateq”, “türk Bjezinski” adıyla tanınan Əhməd Davudoğlu nəyə görəsə döşünə döyərək, demişdi ki, “Su-24”-ü biz vurmuşuq. Kreml əvvəlcə üzdən getmişdi, əl yeri qoymuşdu ki, bəlkə sizin xəbəriniz yoxdur. Davudoğlu demişdi, yox e, biz vurmuşuq, özü də yaxşı eləmişik.

Bu sözdən sonra onsuz da əsəbi-nervinni camaat olan rusların başı çönməmişdimi? Vallahi, Türkiyənin yerində bir az zəif dövlət olsaydı, rus tankları gecəylə o dövlətin ərazisinə girər, paytaxtına gedərdi. O dərəcədə hiddətlənmişdilər.

“Biz vurmuşuq”un ertəsi gün hiddətlənmiş rus patriotlar dəstə-tifaq şəklində Türkiyənin Moskvadakı səfirliyinin qarşısında toplaşmış, səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atmışdılar. Səfirliyin bir neçə pəncərəsi sındırılsa da, polis aksiyaya müdaxilə etməmişdi.

Bu aksiyanın ertəsi gün onsuz da əsəbi-çılğın olan türk camaatı hiddətlənmişdi, Rusiyaya qarşı kəskim çıxışlar etmişdilər.

Yadımdadır, hər iki tərəfdən “müharibə qırğıları” meydana çıxıb “qan-qan” deyirdilər. Əslində “qan-qan” deyənlər təkcə bu iki tərəf deyildi, Atlantik okeanının o tərəfində də, bu tərəfində də Rusiya və Türkiyənin arasında qanlı savaş başlamasını istəyənlər vardı, NATO-da deyirdilər ki, Türkiyəni tək qoymayacağıq. Yəni qorxma, Rusiyanın qabağından qaçma. Qərb nəşrlərinin yazarları öz baş məqalələrində qeyd edirdilər ki, bu Rusiyaya vurulan tərs şillədir, heç bir superdövlət buna dözməz. Yəni, adınız-sanınız var, cumun Türkiyənin üstünə.

Beləcə, gerçək bir müharibə şəraiti yaranmışdı. Türklər Rusiyadan, ruslar Türkiyədən təcili çıxırdılar. İki dövlət arasında alış-veriş, gediş-gəliş kəsilmişdi, Türkiyənin pomidoru əlində almışdı, Rusiya Türkiyəyə gedən turistlərə qadağa (eləcə də söyüş) qoymuşdu.

Bax, belə bir vaxtda Moskvada fəaliyyət göstərən «АНТАЛИЯ» adlı restoranın adını gecəylə dəyişib «НАТАЛИЯ» qoymuşdular.

Səbəb də bu idi ki, anti-Türkiyə ovqatına qapılmış hirsli kütlələr cumub bu “türk restoranı”nı dağıtmasınlar, ya da hüquq-mühafizə orqanları, vergi, audit, qida təhlükəsizliyi xidmətləri, yanğınsöndürmə idarəsi və s. qurumlar gəlib onun qapısını möhürləməsinlər.

“Antaliya”nı “Nataliya”ya çevirmək təklifini verən hər kim idisə, bişəkk, ağıllı adam idi. Həm də ona görə ki, bu addəyişmə o qədər vaxt, enerji və vəsait tələb etmirdi, sadəcə, bir usta çağırırsan, bir uzun nərdivan tapırsan, adam dırmaşır, A hərfi ilə N hərfinin yerini dəyişir, düşür aşağı. Buna nə qədər xərc gedər? Heş nə. Bəlkə də işi bir şüşə “Absolyut”la tam həll etmişdilər.

Zəka budur, iti beyin budur, əlverişsiz şəraitdən minimal itkiylə çıxmaq budur.

Düzdür, aradan 1 il keçəndən sonra ruslarla türklər, eləcə də hər iki dövlətin rəhbərləri yenidən qardaş oldular, amma ta bilmədim, həmin o “türk restoranı”nın sahibi iaşə müəssisəsinin adındakı N hərfi ilə A hərfinin yerini təzədən dəyişdimi.

Budur, bənzər hadisə öz ölkəmizdə də baş verib. Dünənə qədər Bakıda “İran malları”, “İran nemətləri” adıyla fəaiyyət göstərən mağazalar artıq reklam lövhələrini dəyişib “Cənubi Azərbaycan malları”, “Cənub nemətləri” qoyublar. Hələ lövhəyə Azərbaycan bayrağı işarəsi də həkk ediblər ki, onların patriotluğuna şübhə yaranmasın. Buna səbəb son aylarda gərginləşən İran-Azərbaycan münasibətləridir və açığı, bu gərginlik nə kəşfiyyatçılar üçün əlverişlidir, nə də ticarətçilər, iş adamları üçün.

Bəlkə də o mağazanı işlədənlər bunu saf niyyətlə ediblər, amma el arasında buna qılıq dəyişdirmək deyirlər. Bioloqlar isə bu hərəkətin daha dəqiq tərifini verirlər: təbii şəraitə uyğun olaraq dərinin rəngini dəyişmək. Təbiətdə bu işi yalnız buqələmunlar bacarır. (“Buqələmun” sözünü başa düşməyənlər üçün “xameleon” deyək, anlaşıqlı olsun).

Fəqət, bu, rəng, lövhə, ad dəyişmək proseduru bir işə yarayacaqmı? Burasını demək çətindir.

Arzu edək ki, “Antaliya-Nataliya” haqq-hesabında olduğu kimi, bu məsələdə də gərginlik uzun sürməsin və xurma satanlar İran xurmasını camaata Tunis xurması kimi təklif etməsinlər.

P.S. Yeri getmiş olsa da, deyim ki, Davudoğlunun “biz vurmuşuq”u o vaxt Türkiyəyə 50 milyarddan çox ziyan vurdu, ruslar isə Alanya pomidoru yerinə Zərəfşan pomidoru yedilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR