İnsanlara hürriyət, millətlərə istiqlal!

Anklavlar Azərbaycana qaytarılır, sülh sənədi isə... - Brüssel Moskvanı qabaqlayacaq?

1956 06.06.2023 10:47 Siyasət A A

 

Rəsmi İrəvan zamanı uzatmaq üçün min oyundan çıxır; amma ekspertlərimiz əmindir: “Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri oradan çıxarılacaq, ən azından separatçı rejimin ”köpü" alınacaq"...

Azərbaycan, Ermənistan, Almaniya, Fransa liderləri və Avropa İttifaqı Şurası Prezidentinin “beşli format”lı Kişinyov görüşündə hər hansı sənəd qəbul edilməsə də, məlum oldu ki, saat yarım çəkən müzakirələr, ən azı, növbəti, 21 iyul Brüssel görüşünə hazırlıq xarakteri daşıyıb, həmin tarixə indeksləşib.

Ermənistanın “Past” qəzeti isə son danışıqlarla əlaqədar yazıb ki, Qazağın Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri, eləcə də Kərki (Naxçıvan) iyulda Azərbaycana qaytarıla bilər. “Paşinyanın Kişinyovda beştərəfli görüş zamanı aparılan müzakirələrin müəyyən təfərrüatlarını açıqlaması diqqət çəkir. O qeyd edib ki, Ermənistan və Azərbaycan 1975-ci il xəritəsinin delimitasiya üçün əsas götürülməsinə qarşı deyil. Digər tərəfdən, Paşinyan bildirib ki, Ermənistan anklavları (Qazağın 7, Naxçıvanın 1 kəndi) Azərbaycana qaytarmağa hazırdır. Bütün bunlar o deməkdir ki, iyulun 21-də Brüsseldə keçiriləcək görüş zamanı tərəflər bu konkret mövzularda razılığa gəlməyə çalışacaqlar”, - yazıda iddia olunur. Nəşr Bakı və İrəvanın bu məsələdə anlaşmaya çox yaxın olduqlarını da qeyd edib. Sözügedən yazıda həmçinin bildirilir ki, Ermənistan rəhbərliyi Qarabağı da sənədləşdirilmiş formada Azərbaycanın bir hissəsi kimi tanımağa yaxındır. Kişinyovda keçirilən beştərəfli görüşə gəlincə, “Past” Avropa Şurasının Prezidenti Şarl Mişelin bununla bağlı açıqlamasına diqqət çəkib: “Şarl Mişel bildirdi ki, Kişinyovda mayın 14-də Brüsseldə keçirilmiş görüşdə müzakirə olunmuş sərhədlərin delimitasiyası və sülh müqaviləsi məsələlərinə toxunublar. Mişelin sözlərinə görə, beştərəfli görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti təmaslar üçün çox yaxşı hazırlıq oldu”. Qəzet həmçinin Avropa Birliyinin vasitəçilikdə Rusiyanı qabaqlamaq üçün fəal şəkildə çalışdığını yazır.

Erməni mediasının xəritələrlə bağlı tirajladığı iddiaları elə bu ölkənin baş diplomatı təkzib edib. “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün hansı xəritədən istifadə ediləcəyi ilə bağlı yekun razılaşma yoxdur” - Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib. “Amma bu işlərin ötən ilin oktyabrında Praqa görüşündə tərəflərin razılaşdığı Almatı Bəyannaməsinə uyğun olaraq aparılması öhdəlikləri var və bildiyimə görə, Kişinyoda Azərbaycan Prezidenti 1975-ci ilin xəritələrinin istifadəsinə etiraz etməyib”, - erməni nazir bildirib.

Xatırladaq ki, 21 iyul Brüssel görüşünədək Vaşinqtonda dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüş planlaşdırılır. İyunun 5-6-da isə Vyanada Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair iki günlük müzakirələr planlaşdırılır. Bu barədə Milli Məclisdən bildirilib.

“Qazağın Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri, eləcə də Kərki (Naxçıvan) mütləq Azərbaycana qaytarılacaq və bu, tez bir zamanda olacaq”

Əslində vəziyyət necədir? İddia olunduğu kimi, nəhayət, iyulun 21-də konkret sülh sənədinin və ya çərçivə sazişinin imzalanmasının şahidi olacağıqmı? O halda Rusiyanın buna reaksiyası nə olacaq, Qarabağda, sərhəddə erməni təxribatları arta bilərmi?

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, birincisi, Ermənistan baş nazirinin 1975-ci il xəritəsinə əsasən, sərhədlərin delimitasiyasına razılıq verildiyi haqda dedikləri faktdan çox, onun arzusudur: “Bizim Xarici İşlər Nazirliyinin son açıqlaması da təsdiqləyir ki, bununla bağlı hələlik prinsipial razılıq yoxdur. Azərbaycan Prezidentinin bu məsələdə tutduğu mövqeni də bilirik. O, mayın 28-də Laçındakı çıxışında da bildirdi ki, delimitasiya "bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır". Hər kəs, o sıradan da haylar da yaxşı bilir ki, cənab İlham Əliyev heç vaxt maksimalist və populist fikirlər səsləndirmir, özəlliklə də belə məsələlərdə. Ona görə də aydındır ki, qarşı tərəfin nə düşünməyindən, danışıqlarda Paşinyana kimlərin yandaşlıq etməyindən asılı olmayaraq, delimitasiya məhz Azərbaycanın dövlət başçısının dediyi kimi, “bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında” aparılacaq. Ancaq bununla yanaşı, onu da deməliyəm ki, Ermənistanın israrla üzərində dayandığı 1975-ci il xəritəsində də bizim indi işğal altında olan həmin o 8 kəndimiz Azərbaycan sərhədləri çərçivəsində göstərilir. Sadəcə, Ermənistan tərəfi ona görə bu xəritədən yapışıb ki, bizim konstitusiyada indiki Azərbaycan Respublikasının Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğunun vurğulanmasından yaxşı xəbərdardırlar. Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi isə 1975-ci ilin xəritəsində göstərildiyi kimi, 86,6 min yox, 113,4 min kvadrat kilometr idi. Yəni hansı xəritə əsasında olur-olsun, bütün hallarda sözügedən kəndlər təbii ki, qaytarılacaq və bunun qaçılmazlığını Ermənistan rəhbərliyi da anlayır. Bu, iyuldamı baş verəcək? Məncə, bu haqda dəqiq razılaşma yoxdur, Brüssel görüşündən sonra yəqin ki, hər şey bəlli olacaq". Kişinyovda hər hansı razılığın əldə edilməsinə və oradakı danışqların Brüssel görüşünə hazırlıq məqsədilə keçirilməsinə gəldikdə, S.Alıyev qeyd etdi ki, bununla bağlı fərqli mövqedədir: “Mən bu fikirdəyəm ki, Moldova paytaxtında indiyədək əldə olunan uğurlar təsdiqlənib və təsbitlənib, vəssalam. Şarl Mişelin Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması və sülh anlaşmasının bağlanması yönündə irəliləyişlərdə Brüsselin rolunu qabartması təbiidir. Fəqət heç də reallığı tam əks etdirmir. Ona qalsa, Yelisey sarayının da açlqlamasında ən böyük irəliləyişlərin Makronun Paşinyana yandaşlıq etdiyi Praqa və Kişinyov görüşlərində baş verdiyi vurğulanır. Əslində isə biz görürük ki, 2023-ci ildə məhz Vaşinqtonun moderatorluğu altında keçirilən görüşlər daha məhsuldar olub. Mən Kişinyov danışıqlarını deyil, yenə də Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin məhz iyunun 12-də Vaşinqtonda aparacaqları danışıqların Brüssel görüşünə hazırlıq məqsədi daşıdığı, hər hansı irəliləyişlərin də elə orada gözlənildiyi fikrindəyəm. Brüsseldə isə həmin irəliləyişlər ən yüksək səviyyədə təsbit olunacaq. Bu təsbit heç olmasa çərçivə sənədinin imzalanması ilə rəsmiləşdiriləcəkmi? Bu, Ukraynada gedən savaşda nə baş verəcəyi qarışıq, bir sıra faktorlardan asılıdır. Amma mənim proqnozum belədir ki, bu il iki ölkə arasında sülh anlaşması imzalanmasa belə, Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri oradan çıxarılacaq, ən azından separatçı rejimin "köpü" alınacaq, kommunikasiyaların açılması yönündə prinsipial irəliləyişlər olacaq".

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, "anklavlar Azərbaycana qaytarılır" ifadəsi son zamanlar çox müzakirə olunur: “Mənim yanaşmam belədir ki, bu günə kimi Azərbaycan rəsmilərindən kimsə bir dəfə də olsun "biz bu vacib məsələdə ermənilərə hansısa güzəştlər etməyə hazırıq"- deməyib. Ümumiyyətlə, biz nədən məğlub Ermənistana hansısa ərazilərimizi güzəşt etməliyik?! Düşünmürəm və böyük ehtimallarla böyük anlamda bir sıra məsələlərdə fikir ayrılığı olduğuna görə bu anklav məsələləri gündəmə buraxılır və müzakirələr qızışır. Düşünürəm ki, ermənilər gec-tez o ərazilərin də Azərbaycan ərazisi olduğunu təsdiqləyən rəsmi sənədə imza atmağa məcbur olacaqlar. Olmasalar belə, ordumuz və Silahlı Qüvvələrimiz onları buna məcbur edəcək".

Ü.Cəfərov qeyd etdi ki, hazırkı mərhələdə bir sıra məsələlər ətrafında, xüsusən də sərhədlərin müəyyənləşməsində hansı xəritələrin önəmi və sairə məqamlarda hələ uzun illər müzakirə və mübahisələrin şahidi olacağıq: “Bu sərhəd və xəritə məsələləri də önə ona görə çıxarılıb ki, tərəflər arasında hələ uzun müddət ümumi razılıq əldə edilməsin. Baxın, dünən tərəflər arasında (?) ilin sonuna hansısa sülh müqaviləsi imzalanacağını anons edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün təhrif olunmuş məlumatlarla çıxış edir və Azərbaycan XİN də onun cavabını verir. Ermənilər və onlara havadarlıq edənlər bu yolla vaxt əldə edirlər. Onlar ordularını hazırlayır və gələcəkdə guya öz məqsədlərinə çatacaqlarını düşünürlər. Növbəti, 21 iyul Brüssel görüşü öncəsi belə çaşdırıcı açıqlamalar və bəyanatların sayı daha da artacaq. Qazağın Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri, eləcə də Kərki (Naxçıvan) mütləq Azərbaycana qaytarılacaq və bu, tez bir zamanda olacaq. Təxribatların sayı da hiss olunacaq qədər artıb. Bunu necə başa düşmək olar? Əlbəttə ki, ermənilər və ruslar tərəflər arasında hər hansı razılığın olmaması üçün əllərindən gələni edir və edəcəklər. Biz də bu məsələdə bir qədər sərt və ardıcıl olmalıyıq. Bunun alternativi yoxdur. Əks təqdirdə, bu məsələ də uzun illər həll olunmamış qalacaq”.

Ədalət Verdiyev: "Düşmənin Qafanda yerləşən bir hərbi hissəsi darmadağın  edilib”

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Ermənistanla onun başa düşdüyü dildə danışmağı vacib sayır: “30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal edib talayan, Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayan, əldə edilən razılıqlara baxmayaraq, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, işğalçı tərəf kimi yalnız silah alınması barədə bəyanatlar verən, 8 kəndimizin qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə hərbi təxribatlarını davam etdirən xəstə Ermənistanın müalicə üsulu yalnız "Dəmir Yumruq"dan keçir. Siyasətçilərimiz danışıqlar aparsın, diplomatlarımız alternativ həll variantlarını axtarsın, əsgərimiz də düşmən təxribatlarına ağrılı-acılı nəticələrlə müşayiət olunan cavablar versin".

Ə.Verdiyev hesab edir ki, əgər Ermənistan sülh və delimitasiya istəməyib, 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq: “Delimitasiyanı isə daha əvvəl olduğu kimi, tarixi torpaqlarımızın lazım bildiyimiz ərazilərindən keçirəcəyik. Təhlükəsizlik konsepsiyası süquta uğrayan Ermənistan bu proseslərə müdaxilə etmək imkanına malik deyil. Sülhün alternativi müharibədir, amma müharibə aparmaq fərari ordunun imkanları xaricindədir. Ermənistanın real döyüş potensialı hazırda 2-3 günlük lokal toqquşmalardan artıq fəaliyyətlər üçün yetərli deyil”.

Ermənistan Təhlükəsizlik Şurasının  rəhbərinin ardınca Ermənistan XİN-in cəfəng iddialarla çıxış etməsi, rəsmi Bakıdan verilən tutarlı reaksiyalar, bitməyən sərhəd təxribatları sülh müqaviləsi ilə bağlı iddiaların, sadəcə, söz oyunu olduğunu söyləməyə imkan verir. Nikol Paşinyan hələ keçən ilin sonunadək müqavilənin imzalanacağını iddia edirdi. “Nəticə” ortada...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR