İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib - YENİLƏNİB

8495 26.10.2022 17:35 Mədəniyyət A A

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.

Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxsərə növbəti qurultayda uğurlar arzulayıb.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.

xxx

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

xxx

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.

Musavat.com-un xəbərinə görə, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, daha sonra ali tədbir öz işinə başlayıb.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər. Öncədən xəbər verildiyi kimi, qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb. Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.

Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Xalq yazıçısı daha sonra 2014-cü ildə keçirilən qurultaydan sonra dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların adlarını səsləndirib, onların və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yazıçı Anar deyib ki, qurultay əslində bir neçə il gecikib, amma əgər qurultay 2019-cu ildə keçirilsəydi, o zaman yazıçılar və şairlərin ovqatı indiki kimi olmayacaqdı: “Bu gün Azərbaycan yazıçıları XIII qurultayını qalib ölkənin yazıçısı kimi keçirir. Bizə bu qələbəni, tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvü İsa Həbibbəyliyə söz verilib. Anar İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, İsa Həbibbəyli 77 yaşlı AMEA-nın Yazıçılar Birliyinin üzvü olan ilk prezidentidir.

İ.Həbibbəyli yazıçıları təbirik edərək bildirib ki, yazıçıların bu qurultayının Azərbaycan dövlətinin tarixində mühüm yer tutacağını bildirib. Akademik qurultayın Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini qeyd edib: “Bu qurultay son 30 il ərzində ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən ilk qurultay kimi Azərbaycan ədəbiyyatının və müstəqil Azərbaycan dövlətinin tarixində özünəməxsus yer tutacaq. Prezident İlham Əliyevin “Dəmir Yumruğu” ilə qəhrəman Azərbaycan Ordusunun 30 illik işğaldan sonra Qarabağı azad etməsi çox böyük tarixi zəfərdir. Buna görə Prezident İlham Əliyevə yazıçılar kimi alimlər də, ziyalılarımız da dərin minnətdarlıqlarını bildirirlər”.

İ.Həbibbəyli deyib ki, bu Zəfərin qazanılmasında vətənpərvər ruhda böyüyən gəncliyin böyük rolu var.

Azərbaycan Yazıçılar Birliyinin qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətin mətnini şair, dramaturq İlqar Fəhmi oxuyub. Məktubda dövlət siyasətinin ədəbi mühit tərəfindən dəstəkləndiyi qeyd edilib: “Möhtəşəm qələbə və tarixi uğura görə, eyni zamanda Azərbaycan ədəbiyyatına göstərdiyiniz qayğıya görə sizə minnətdarıq. Sizin daxili və xarici siyasətinizi ədəbiyyat xadimləri olaraq ürəkdən dəstəkləyir və sizə fəaliyyət yolunuzda uğurlar arzu edirik”.

Müraciətdə Azərbaycan yazıçıları Vətən müharibəsində qazanılan Zəfərə görə, həmçinin yazıçı və şairlərə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Qurultaya həmçinin qazax şair, yazıçı Oljas Süleymenov da təbrik məktubu göndərib. Məktubu Xalq yazıçısı Anar oxuyub. O.Sülymenov ölkəsində UNESCO səviyyəsində keçirilən tədbirlə əlaqədar qurultaya qatıla bilmədiyini qeyd edib.

Xalq şairi Sabir Rüstəmxanlı dərin, məzmunlu çıxışında ölkənin, millətin ümumi dərdləri, problemləri ilə əlaqədar məsələlərə diqqət çəkib. Bildirib ki, ideoloji işlərə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətin düzgün qurulmasına mane olur. Xalq şairi güneydən gələn gənclərimizin dövlət hesabına oxudulmamasına diqqət çəkib: “Rəsmi orqanlarımız illər boyu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib. Amma müxtəlif yerlərdən gələnlər oxuyublar. Çünki ideoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub”.

S.Rüstəmxanlı mədəni problemlərimizin olduğunu qeyd edib: “Əslində, qeyd ediləsi problem çoxdur. Məsələn, kəndlərdə mədəniyyət ocaqları, kitabxanalar yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Kəndlərin əksəriyyətində əhalinin bir yerə yığışması ancaq məscidlərdə olur, başqa yer yoxdur”. Xalq şairi sözügedən məsələni ciddi problem adlandırıb: “Bu, son dərəcə ciddi bir problemdir. Oxucularımız çox sürətlə azalır, hətta əlimizdən alınır. İngilis və rusdilli məktəblərin içində bütün dərslər həmin dillərdə keçirilir. Sual doğurur ki, həmin gənclərlə bizim yazıçılarımızın əlaqəsi necə qurulacaq? O gənclərimiz ədəbiyyatımızda xəbər tuta biləcəkmi? Yox. Hesab edirəm ki, Azərbaycanda çağdaş tələblərə cavab verən yeni muzey kompleksi tikilməlidir. Əlyazmalar institutu daha etibarlı şəraitdə qorunmalıdır. Dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır”.

S.Rüstəmxanlı mədəniyyət sahəsindəki problemlərdən, gənclərin kitablardan ayrı düşməsindən, kitabxanaların durumundan bəhs edib, ürəkağrısı ilə danışıb. O, müasir Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, ədəbiyyatımızın çatışmayan məqamlarına toxunub. Sabir Rüstəmxanlı ədəbiyyatımızın milli ruhunun diri qalmasındakı mühüm missiyasından danışıb. Bildirib ki, tariximizin bütün dövrlərində milli mübarizəmizin ön sıralarında yazıçılar dayanıb, qələm adamları durub. Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrdən danışan Xalq şairi deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır.

AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək qurultayın işinə uğurlar arzulayıb. N.Həsənzadə qeyd edib ki, tarixi və çox əlamətdar bir gündə qalib xalq kimi bu qurultayı keçiririk. Bildirib ki, AYB qurultaya məruzələr kitabı təqdim edib. Bu məruzələrdə Azərbaycan yazıçıları geniş tədqiq olunur. Bildirib ki, AYB-də çox gözəl yaradıcılıq mühiti var, gözəl tədbirlər keçirilir.

Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarını təbrik edərək bildirib ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək cəmiyyətimiz üçün öz lazımi töhfələrini verəcəklər: “Əziz qurultay nümayəndələri və hörmətli yazıçılar, bu gün tarixi gündür və çox əlamətdar bir dövrdə bu qurultayı keçiririk. Qalib xalq olaraq bu gün bu mötəbər tədbiri təşkil edirik. Bu münasibətlə hamınızı təbrik edirəm. Əminəm ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək, cəmiyyətimizə uğurlu töhfələr bəxş edəcəklər”.

Türkiyənin sabiq mədəniyyət naziri, qələm adamı Namiq Kamal Zeybək deyib ki, ürəyinin yarısı Türkiyədə olsa da, yarısı Azərbaycandadır: “Birinci Qarabağ müharibəsində Azərbaycan gəncləri əzmlə savaşdılar. Ancaq Zəfər qazanmaq üçün ordu olmalıdır. O zaman Azərbaycanın ordusu yox idi. O zamanlar mən çalışdım Türkiyəni bu mücadiləyə qoşum, ancaq əlimdən gələni etsəm də, buna nail olmadım. Azərbaycan məğlub olsa da, qəhrəmanlığını isbat etmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan düşmənin üzərinə güclü ordu ilə getdi, azərbaycanlı gənclər bu dəfə də qəhrəmanlıq nümayiş etdirdilər və 30 il davam edən işğala son qoydular”.

Yazıçı Anarın təklifi ilə Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Akademik Kamal Abdulla ədəbiyyatımızın qarşısında duran vəzifələrdən bəhs edib.

Sonra qurultayın katibliyi və seçki komissiyası seçilib, reqlament müəyyənləşdirilib.

Qurultay öz işini davam etdirir. Bir daha xatırladırıq, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR