İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan sonra Almatı - sülh danışıqlarında sıçrayış

1737 11.05.2024 09:46 Siyasət A A

XİN başçılarının görüşü Azərbaycanla sazişin razılaşdırılmasına yönəlib; kommunikasiyaların açılması da müzakirə mövzusudur; siyasi ekspert: “İlkin razılaşma variantı da var”...

Mayın 10-da Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başladı. Qazaxıstanda “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Müzakirələr iki gün davam edəcək.

Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək. Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiq olunacağı, eləcə də regionda nəqliyyat infrastrukturunun və ticarət marşrutlarının açılmasının müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə olunub. Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlı gözləntiləri artırır.

Almatıda XİN başçılarının görüşü keçirilir

Baş nazir Nikol Paşinyan da mayın 7-də keçirdiyi mətbuat konfransında Almatı danışıqlarında irəliləyişə ümid etdiyini və hətta bu ilin noyabrınadək sülh sənədi imzalanmasının mümkün olduğunu söyləyib.

Maraqlıdır ki, bir gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə Bakı və İrəvan arasında sülh sazişinin ən qısa zamanda imzalanmalı olduğunu deyib. Ərdoğan tərəflər arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

Onu da yada salaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri son dəfə bu ilin fevralında Almaniyada, xarici işlər naziri Anjela Berbokun moderatorluğu ilə bir araya gəliblər.    

Görüşü və nəticəsini diqqətdə saxlamaq. Əsas gözlənti nədir, Bakı və İrəvan arasında danışıqlarda nəhayət, diplomatik sıçrayış olacaqmı?

Görüşdən bir neçə saat öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır.

APA xəbər verir ki, Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda erməni nazirlə danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.

Ceyhun Bayramov onu da bildirib ki, onunla erməni həmkarının Almatıdakı danışıqları iki gün davam edəcək.

XİN rəhbərinin sözlərinə görə, Almatıda aparılan danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq.

Ceyhun Bayramov açıq qalan məsələlərdə həll yolları tapmaq üçün növbəti iki gün ərzində məhsuldar işləməyi bacaracaqlarına əminliyini ifadə edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə görüşdən az öncə bildirib ki, Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib.

Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.

Nazirlərin görüşünün iki gün davam etməsi prosesdə ciddi irəliləyişlərin olacağı ehtimalını yaradır.

Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında Rusiya maraqlıdır”

“Alyans” Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, indiyə qədər Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında əsas maneələr qarşı tərəf sayəsində yaranıb. Əvvəl Qarabağla bağlı ortalığa iddialar atırdılar. Bununla prosesi ləngitdilər. Son Qranada sammitində bizim təqdim etdiyimiz 5 baza prinsipinin üçünə əlavələr elədilər və növbəti dəfə sülh danışıqlarını dalana dirədilər. İndi əsas danışıqlar da həmin o üç baza prinsipi ətrafında getməlidir. Söhbət birincisi, ərazi bütövlüyünün tanınması ilə yanaşı ərazilərin rəqəmlərlə göstərilməsindən gedir ki, ermənilər bunu tələb edirlər. Ancaq delimitasiya aparmadan dəqiq rəqəm göstərmək çox çətindir. İkinci mühüm problem Almatı Bəyannaməsi ilə əlaqədardır: “Ermənilər delimitasiyanın 1991-ci il Almatı Bəyannaməsi əsasında aparmağı və 1975-ci ilin xəritəsini əsas götürməyi təklif edirlər. Ancaq Azərbaycan Prezidentinin bugünlərdə bəyan etdiyi kimi, sovet dövründə hətta inzibati sərhədlər dəqiq müəyyənləşməmişdi. Xüsusilə dağlıq ərazilərdə sərhədlər dəqiq deyil. Bu səbəbdən Almatı Bəyannaməsini əsas götürüb iddia eləmək ki, inzibati sərhədlər hər yerdə dövlət sərhəddidir və onun delimitasiya onun əsasında aparılmalıdır, bu bir qədər çətindir. Çünki bəzi yerlərdə sərhədlər yoxdur. Burda da Ermənistan müəyyən qədər götür-qoy eləməlidir. Komunikasiyaların açılması ilə bağlı da Ermənistanın ortaya atdığı müddəalar müəyyən qədər sülh sazişinin imzalanmasına problem yaradır. Çünki ermənilər təklif edirlər komunikasiyalar dövlətlərin suverenliyi, yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik əsasında açılmalıdır. Bu da tamamilə yanlışdır. Çünki Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn komunikasiya ilə Ermənistandan məsələn, Rusiyaya və ya Çinə gedən komunikasiyalar eyni bərabərhüquqlu ola bilməz. Azərbaycan dəfələrlə təklif edib ki, burada fərqli yanaşma tətbiq olunsun və Kalininqrad modeli əsas götürülsün. Bu məsələlər əsasən sülh sazişinin imzalanmasını ləngidib”.

A.Səmədovun fikrincə, Almatıda danışıqları iki gün aparmaq barədə verilən qərar ona yönəlib ki,  həmin o mübahisəli məqamlar aradan qaldırılsın və Azərbaycan Prezidentinin təklif etdiyi kimi baza prinsipləri əsasında ilkin razılaşma əldə olunsun, digər məsələlərlə bağlı müzakirələr davam etdirilsin: “Əgər Ermənistan konstruktiv mövqe tutsa bütövlükdə sülh sazişini imzalamaq çətin olmayacaq. Yəni ilkin razılaşma variantı da var. Ancaq sülh sazişinin bütövlükdə hazırlanması, paraflanması və sonradan liderlər tərəfindən imzalanması da mümkündür. Ümid edək ki, danışıqlar arzuladığımız nəticələri verəcək”.

Qəzetimiz çapa gedənədək görüşün nəticələri barədə açıqlama verilməmişdi. Böyük ehtimalla açıqlamalar iki gün davam edən müzakirələr bitəndən sonra olacaq...

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR