İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya dəqiqliyinə İRADƏ DƏRSİ

1147 16.03.2023 19:27 Gündəm A A

İkinci Dünya Müharibəsindən sonra iqtisadi möcüzənin baş verdiyi, dağıntılardan inkişafa doğru mürəkkəb siyasi, iqtisadi eləcə də mədəni tərəqqi yolu keçmiş Almaniya “soyuq müharibə” dövründə Sovet İttifaqı ilə Qərbin təmas nöqtəsi olub. Almaniya ilə Azərbaycanı bir-birinə bağlayan dəyərlər çoxdur. Hələ XIX əsrin əvvəllərində Rus İmperatorunun təşəbbüsü ilə Napoleonun dağıdıcı müharibələrindən əziyyət çəkmiş, Reyn çayının sahillərində yaşayan sadə alman ailələri Azərbaycana, bugünkü Şəmkir və Göygöl rayonlarının ərazisinə köçürülmüşdü. İkinci Dünya Müharibəsi başlandıqdan dərhal sonra isə bu ailələrin nəsilləri Mərkəzi Asiya çöllərinə sürgün edildi. Bu gün Almaniyada əcdadlarının Azərbaycanda yaşamaları, yaxud Azərbaycanla qohumluq əlaqələri barədə məlumatı olan insanlar çoxdur. Elə o zamanda da bu zamanda da Almaniyanı Cənubi Qafqaza bağlayan Azərbaycan amilidir. Ötən il Azərbaycanla Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olundu. Əslində bu əlaqələrin 200 ildən artıq yaşı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2019-cu ildə Azərbaycana alman ailələrinin köçürülməsinin 200 illiyinin təntənəli şəkildə qeyd olunması barədə sərəncam imzalamışdı. Azərbaycan Prezidentinin 2023-cü il ərzində  Almaniyaya ikinci səfəri hər iki ölkə üçün bu əlaqələrin vacibliyindən xəbər verirdi. Prezident 13-14 mart tarixlərində Almaniya Federativ Respublikasına işgüzar səfərinə iqtisadi məsələlərdən başladı. Çünki Prezident İlham Əliyev Azərbaycanın siyasi iradəsini həm də iqtisadi baxımdan güclü və dayanıqlı ölkə olaraq dünyaya tanıdır. İqtisadi dayanıqlılığın hər bir vətəndaşın milli identifikasiyası qədər vacib olduğunu beynəlxalq aləmə bəyan edir.     

 

Prezident İlham Əliyev Almaniyanın nüfuzlu iş adamları ilə görüşündə iki ölkə arasındakı iqtisadi, ticarət, biznes əlaqələri hərtərəfli müzakirə olundu. Görüşün nəzərdə tutulduğu müddətdən artıq baş tutması Preziddentin hər bir məsələyə həssas və dəqiqliklə münasibət bildirməsi, alman iş adamlarının qarşılaşdıqları problemlərin yerindəcə, dərhal həll olunmasından xəbər verirdi. Buir faktı da qeyd edək. Azərbaycan Prezidenti bu ilin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gələndə ilk rəsmi görüşü Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla keçirmişdi. Prezident İlham Əliyev hər bir görüşündə iqtisadi dayanıqlığın təkcə Azərbaycan üçün deyil, eləcə də Cənubi Qafqaz üçün vacib olduğunu önə çəkir. Bir mühüm faktı da qeyd edək ki, bu gün Azərbaycanda 239 alman şirkəti fəaliyyət göstərir.

2.jpg

Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış Avropanın enerji təhcizatı ilə bağlı sazişdə ən çox marağı olan ölkələrdən biri Almaniyadır. Almaniya da öz növbəsində Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qoymətləndirdiyini bəyan etmişdi.  Almaniyaya işgüzar səfərinin ikinci günündə Prezident İlham Əliyev almaniyalı həmkarı Frank Ştaynmayerlə görüşündə bir daha Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsini özündə əks etdirən 5 prinsipin vacibliyini vurğulayır, Avropa İttifaqının prezidenti Şarl Miuşelin sülh missiyasını, eləcə də Brüssel gündəliyinin vacibliyini bəyan edir. Zəngəzur dəhlizinin Cənubi Qafqaz, eləcə də Avropa üçün siyasi və iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olduğunu, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşınmalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirir. Prezident İlham Əliyev Avropanın mərkəzindən dünyaya bəyan edir ki, separatizmin bütün forma və təzahürləri qəbul edilməzdir. Prezident Avropaya və dünyaya vahid dövlət fəlsəfəsini bir daha xatırlatmış oldu. Bu alman dəqiqliyinə verilən iradə dərsi, özünəməxsus master-klass idi. Avropa özü də əsrlərboyu separatçılıqdan, bölünmək qorxusundan əziyyət çəkib. Hələ də Avropada müstəqillik əldə etmək istəyən torpaqlar və toplumlar var. Avropa rəsmiləri birmənalı şəkildə bunun yolverilməz olduğunu qeyd edirlər. Halbuki, Fransa faktiki olaraq Korsikanı işğal altında saxlayır, Avropanın birləşmiş qurumları isə bu məsələnin üzərindən sükutla keçirlər. Amma nədənsə Cənubi Qafqaza gələndə vəziyyətə yanaşma tərzi başqa cür olur. Məsələn mart ayının 2-də Almaniyanın Federal kansleri Olaf Şolç Ermənistan Baş naziri ilə keçirilən mətbuat konfransında əsl separatçı mövqe nümayiş etdirmişdi. Mart ayının 14-də isə Azərbaycan Prezidenti və Almaniya Kanslerinin ikitərəfli görüşdən sonra birgə keçirdikləri mətbuat konfransında Şolç Real Televiziyasının ona ünvanlanan sualına cavab olaraq, bir neçə gün öncə səsləndirdiyi fikirlərin tam əksini söyləyir, “Dağlıq Qarabağ” adlı qurumu tanımadıqlarını bəyan edir.  

1678788930_16787882864656032102_1000x669.jpg (340 KB)

Almaniya-Azərbaycan münasibətlərində bir də Mərkəzi Asiya faktorunu qeyd edək. Son aylarda Almaniya hökuməti bir neçə dəfə bəyan edib ki, o özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə yenidən baxmağı nəzərdə tutub. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olaraq Avropa ilə Mərkəzi Asiya arasında təkcə nəqliyyat qovşağı deyi, eləcə də siyasi və iqtisadi baxımdan yüksək əlaqələndirici ölkə rolunda çıxış edir. Almaniya üçün Mərkəzi Asiyada regionu da Cənubi Qafqaz kimi mühüm əhəmiyyət kəsb edir. Bütün bu sadaladıqlarımız onu sübuta yetirir ki, alman dəqiqliyi azərbaycanlı iradəsi ilə  düz mütənasib təşkil edir. Azərbaycan Almaniya üçün strateji tərəfdaş və vacib ölkədir. Deməli, Azərbaycanın bərəkətli torpağı ilə 200 ildən artıq bir müddəti əhatə edən fiziki və mənəvi təmas heç də boşuna getməyib.

Kamran Qasımov,
Real TV-nin xüsusi müxbiri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR