İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman jurnalist Zelenskidən niyə soruşmur:“Krım və Donbas Ukrayna üçün nədən önəmlidir?”

2392 17.03.2022 13:23 Yazarlar A A

 

Bu gün çoxları Almaniyanın “Bild” nəşrinin Azərbaycana qarşı riyakarlığından yazır. Söhbət Qarabağ müharibəsində “Ərdoğanın Qatil Dronu” adlandırılan “Bayraktar TB2” dronlarının Ukraynada “ümidlərin silahı” kimi təqdim olunmasından gedir. Fərq, qərəzli münasibət göz önündə. Amma bu münasibət təkcə ikili münasibətini manşetlərə daşıyan “Bild”ə, yaxud bütövlükdə Almaniyayamı xasdır? Qəti şəkildə!

Yaxın tariximizdir, unutmamışıq: Azərbaycan Türkiyə dronlarından istifadə etməklə öz torpaqlarını erməni işğalından azad edərkən Kanada qardaş ölkəyə faktiki olaraq sanksiya tətbiq etdi, “Bayraktar”ların optik elektrosisteminin Türkiyəyə satışını dayandırdı!

Fransa prezidenti müharibənin ilk günlərində erməni işğalını dəstəklədi, hətta Azərbaycanı “Dağlıq Qarabağı işğal etmək cəhdində” ittiham edəcək qədər absurd getdi, müxtəlif ölkələr Ermənistana silah-sursat yolladı.

Hələ Tovuza hücumdan sonra Serbiyadan Ermənistana çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatının göndərilməsi də faktdır. Azərbaycan Prezidenti Rusiya rəhbərliyinə zəng edərək Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəmişdi. O zaman Türkiyə, Pakistan xaric, bir ölkəni bizim müdafiəmizdə görmədik. Bu gün Putinin “hərbi cani” adlandıranlar sözgəlişi etiraz da etmədi işğala dəstək olanlara. Azərbaycana qarşı koalisiya qurulmuşdu, qeyri-rəsmi şəkildə. Hansı ki, Azərbaycan bütün risklərə rəğmən, antiterror əməliyyatlarında iştirak edib, sülhməramlıları ilə bərabər öndə olub.

Üzləşdiyimiz haqsızlıqlara rəğmən, yenə də haqqın yanındayıq, Azərbaycan dövləti birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, işğalı qəbulolunmaz sayır, hətta buna görə rəsmi Bakının, dövlət başçımızın mövqeyi təqdir olunur, təşəkkür mesajları gəlir. Amma bunlar azdır, dünya birliyi, aparıcı dövlətlər və təsisatlar Azərbaycandan üzr istəməlidirlər son 30 il ərzindəki ədalətsiz davranışlarına görə!

Bu illər ərzində Azərbaycan xalqı nə qədər məşəqqətlər çəkdi. Bu günədək Ukraynanın 4 milyonadək insanı ölkəsindən didərgin düşüb, dünyanın onlarla ölkəsi qaçqınların qarşılanması, yerdəyişməsi ilə bağlı hərəkətə keçiblər. Amma 1988-ci ildən başlayaraq 300 minədək azərbaycanlı Ermənistandan didərgin salınanda bir Avropa ölkəsi bizim qaçqınlarımızın harayını eşitmədi, onlara dəstək vermədi, qaçqın şəhərciklərində sitəm gördü insanlarımız. Azərbaycanın öz ərazisindən Yuxarı Qarabağdan və ətraf 7 rayondan didərgin salınanların da taleyinə eyni reaksiyanı gördük. Azərbaycan dövləti öz dərdləri ilə baş-başa qaldı, milyardlar xərclədi insanlarını müvəqqəti məskunlaşdırmaq üçün. Bu gün Ukraynaya 300 milyardlıq vəsaiti “uf” demədən ayıranlar – həm də Rusiyanın dondurulmuş vəsaitlərini – on illər ərzində Azərbaycana münasibətdə eyni mövqeni sərgiləmədilər, Ermənistana qarşı bircə dəfə də olsun sanksiya qərarı vermədilər. Rusiya haqqında Haaqa Məhkəməsində operativ qərar çıxaranlar Ermənistanın cinayətkar rəhbərliyini müttəhimlər kürsüsündə oturtmağı ağıllarının ucundan belə keçirmədilər. Rusiyanı son 8 ildə ikinci dəfə cəzalandıran, dünən bayrağını endirən AŞ PA eyni münasibəti işğalçı Ermənistana göstərmədi? Niyə?!

Bu günlər Qərb ölkələrindən Ukraynaya döyüşmək üçün könüllülər axışır, 60-fək ölkədən! Amma kimsə onları ittiham etmir, əksinə, təbliğ olunurlar, stimullaşdırılırlar. 44 günlük müharibədə nə gördük? Azərbaycan və Türkiyə ittiham olunurdu, Suriyada döyüşmüş birisini mediaya çıxarıb, onu Qarabağda, Azərbaycan tərəfdə döyüşən biri kimi təqdim edirdilər, şərəfsizcəsinə qara piar aparırdılar torpaqlarını öz oğullarının qanı-canı bahasına azad edən ölkəni!

Başqa müqayisə: bu gün Ukraynada əsir götürülən Rusiya hərbçiləri ilə bağlı xəbərləri dünya mediası gen-bol tirajlayır. Bir sözümüz yoxdur. Amma heç bir qurum, paytaxt çağırış etmir ki, əsir və girovlar dərhal, qeyd-şərtsiz azad edilsin. Gəlin görək Azərbaycana münasibət necə oldu: bütün təşkilatlar ağız-ağıza verib, “erməni əsirləri” azad etməyə çağırdılar, hərə bir minnətsiz göndərdi, vasitəçi oldu, 5-5, 10-10 erməni hərbçiləri Bakıdan alıb İrəvana qaytardılar. Hansı ki, onlar da özgə torpağında əsir götürülmüşdülər, bir çoxlarının terrorçu əməli sübuta yetirilmişdi, azərbaycanlıları qətlə yetirmişdilər! Amma Avropa üçün, Amerika üçün burası maraqlı deyildi, təki erməni canilər azadlığa çıxsın.

Müqayisə olunası çox faktlar var. Bir daha vurğulayıram ki, Ukraynaya qarşı təcavüzü birmənalı olaraq biz də pisləyirik, qəbulolunmaz sayırıq. Lakin istəyirik ki, beynəlxalq aləm nəhayət, Azərbaycana qarşı heç olmasa bundan sonra ədalətli davransın, ayıbına kor olaraq, səhvlərini etiraf edərək. Di gəl, bu gün də görürük ki, Rusiyanın tərəfində Ukraynaya qarşı döyüşmək istəyən ermənilər himayə olunur, Azərbaycan ərazisindəki separatçılara maliyyə ayrılır.

Yazını alman nəşri ilə başladıq, bir faktı da xatırladım. 2020-ci ilin 28 oktyabrında Almaniyanın ARD televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə götürmüşdü.

Jurnalistin ilk sualı yadınızdamı: “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” Təsəvvür edin, ərazisi 30 ildir işğalda olan ölkənin başçısına “atəşi kim birinci açdı”, sualı verilir. Əclaflığın nümayişidir. Əslində sual belə qoyulmalı idi: “Siz nədən torpaqlarınızın 30 il işğalda qalmasına bu qədər dözdünüz?”

Ancaq həmin alman jurnalistin digər sualı daha dəhşətli idi. Xatırlayaq: “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”

Düzdür, Prezident “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”, deyərək, ermənilərin ağuşunda olan alman jurnalistə dərs keçmişdi. Amma bu, Avropanın Azərbaycana münasibətinin idbar nümunəsiydi. Avropa mediasına utanc gətirən mövqe idi.

Bu gün Almaniyanın ARD televiziya kanalının həmin əməkdaşını prezident Zelenski ilə müsahibəsi çox maraqlı olardı. Görən eyni sualla başlayardımı müsahibəyə. Yaxud cürəti çatardımı Volodimir Zelenskidən “Krım, Donbas, Luqansk, Xerson... Ukrayna üçün belə önəmlidir”, sualını versin?

Yəqin ki, soruşmaz. Hətta soruşsa, onu işdən iti qovan kimi qovarlar. Azərbaycandakı davranışına baxmayın, sifariş icra edirdi...

Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR