İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman humanizminə sığınan şovinist rusların avto-yürüşü – VİDEO

4261 04.04.2022 17:29 Yazarlar A A

Ruslar öz qeyri-səlis məntiqləri və qeyri-ordinar düşüncə tərzləri ilə Avropanı heyrətləndirməkdə davam edirlər.

Dünən Almaniyada 5 mindən artıq sürücü öz avtomobillərini Rusiyanın, keçmiş SSRİ-nin və Ukraynada “tarix yazan” hava desantçılarının bayraqları ilə bəzəyərək, rus ordusunun Ukraynaya hücumuna dəstək veriblər.

Bunlar təbii ki, almanlar və Almaniyada yaşayan başqa millətlərin övladları olmayıblar, yüzdə 95 faizi ruslar (+belaruslar və digər yarınanlar) olub.

Əgər bu avto-yürüşün məqsədi Rusiyanın aqressiyasına etiraz etmək, abad şəhərləri dağılmaqda olan Ukraynaya dəstək vermək olsaydı, heç kəs təəccüblənməzdi.

Ancaq tərsinədir. Avropada yaşayan ruslar öz aqressiv dövlətlərini müdafiə edirlər.

Onlar bu addımı Rusiyanın hücuma məruz qaldığı təqdirdə atsaydılar belə, yenə alqış qazanardılar, hamı deyərdi ki, rusların na vətəni ağır durumdadır və onlar özünümüdafiə instinkti ilə hərəkət edirlər.

Müstəqil dövlətə hücum edən, onun ərazisinin bir hissəsini artıq ilhaq etmiş, digər hissələrini işğala məruz qoymuş, yerdə qalanında isə “yandırılmış torpaq” strategiyası həyata keçirən dövləti dəstəkləmək bu deməkdir: “Düz yoldasan, davam et, şəhərləri bombala, mülki insanları, uşaqları öldür, bütün Avropanı qorxut”.

Bu vəhşi məntiqlə çıxış edənlər Avropanın göbəyində yaşayırlar. Onların əcdadları vaxtilə alman nasizmindən əziyyət çəkiblər, özləri isə hazırda alman humanizminə sığınaraq öz slavyan qardaşlarının üstünə rus şovinizmi ilə gedirlər.

Deyək ki, Rusiyada yaşayan ruslar dövlətin tətbiq etdiyi informasiya blokadasındadırlar, Ukraynadakı acı gerçəkliklərə dair dolğun informasiya almırlar, bəs Almaniyada yaşayan ruslar yaşadıqları ölkənin kütləvi informasiya vasitələrində gedən materiallardan Ukraynanın halından xəbərdar deyillərmi?

Heç cür mümkün deyil ki, fikir plürazlismi, söz və mətbuat azadlığı olan ölkədə onlar müharibəyə dair obyektiv xəbərlərdən və şərhlərdən xəbərsiz olsunlar.

Həqiqət budur: Almaniyada yaşayan ruslar öz dövlətlərinin qonşu və qardaş ölkəyə qarşı necə bir haqsız-ədalətsiz, aqressiv müharibə apardığını bilirlər, görürlər və zalımlığın yanında yer alırlar. Onlar şüurlu şəkildə, sevə-sevə, Buça şəhərində törədilən qətliamdan xəbərləri ola-ola hərbi canilərin tərəfindədirlər.

maxresdefault.jpg (123 KB)

Onları Rusiyanın Almaniyadakı 5-ci kolonu adlandırmaq olarmı? 100 faiz.

Bu şəxslər Rusiyanı iqtisadi çətinliklərə, siyasi təqiblərə, məhdudlaşdırılan azadlıqlara görə tərk etmiş olsaydılar, belə etməzdilər, haqsızın, zülmkarın yanında yer almazdılar.

Ancaq hiss olunur ki, onlar Almaniyaya məqsədli şəkildə yerləşdiriliblər və hansısa xətt ilə dövlətə bağlıdırlar və bu gün həmin dövlət dünya birliyi tərəfindən sanksiyaya məruz qalıb deyə mütəşəkkil qaydada ayağa qalxıb ortaya mövqe qoyurlar.

Bu arada Rusiyanın daxilində də insalar kütləvi şəkildə, 70 faizdən artıq bir nisbətdə Rusiya ordusuna dəstək verir, Ukraynaya hücuma bəraət qazandırır, onu vacib sayırlar. Telekanallarla nümayiş olunan video-sorğular bütün yetkin yaşlı (18-78) və hər iki cinsdən olan insanları əhatə edir və rusların gənci də, yetkini də, ahılı da Ukraynanı Rusiyanın bir hissəsi saydığını bəyan edir, çox səmimi şəkildə “oranı işğal edəcəyik, müharibə bitəcək” deyirlər.

Bu ölkədə müharibə əleyhdarları azlıqda və təzyiq altındadır. Sorğularda onları rəyləri qayçılanır. Nümayiş keçirən pasifistlər döyülüb-qovulur, tutulur, Ukraynaya dəstəyini bildirənlər həbs edilir.

Ruslarda özlərinəxas müharibə kultu var. Onlar üçün dövlətin apardığı müharibənin müdafiə və ya hücum xarakterli olmasının heç bir fərqi yoxdur və bir növ idman azarkeşliyinə bənzəyir. Əsas məsələ odur ki, “bizimkilər döyüşür və onları dəstəkləmək lazımdır”.

Bir vaxtlar ABŞ-da belə olub. Məsələn, Pentaqon Vyetnamda qanlı-qadalı müharibə aparanda xalqın böyük hissəsi əvvəl-əvvəl dövlət rəhbərliyinə dəstək verib, ancaq sonra dəstək azalıb və etirazlar başlayıb. Müharibə əleyhinə etirazlar şiddətləndikdə ABŞ siyasiləri Vyetnam müharibəsinə son qoyublar.

1989-cu ildə SSRİ rəhbərliyi sovet qoşunlarını Əfqanıstandan çıxarmağa məcbur qalanda isə rus xalqı bu geriçəkilmədən narazı qalmışdı, əksəriyyət “bizim oğullar orda qan töküb, ordumuz Əfqanıstandan çıxmamalıydı” deyirdi.

İndi də bu kampaniya. 5 min sürücünün Almaniyadakı avto-yürüşü bütün Avropaya, Avropa dəyərlərinə meydan oxumaq, dünyanı qaba gücün idarə etməli olduğuna dair açıq mesajdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR