İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman əsirliyindən iki dəfə qaçan general – Stalin olmasa, Beriya Bondovskini güllələdəcəkmiş

2295 08.07.2022 11:36 Yaxın tarix A A

Sovet-alman müharibəsi illərində sovet ordusunun 80 generalı (bəzi mənbələrdə 79 və 83) almanlara əsir düşüb. Onlardan əksəri nasistlərlə əməkdaşlığa razılıq verməyib, aralarında intihar edən də olub, almanlarla əməkdaşlıq təklifinə müsbət cavab verənlər də tapılıb. Generallar arasında əsirlikdən altı nəfər qaçmağa nail olub. Aleksandr Bondovski isə yeganə general olub ki, əsirlikdən iki dəfə qaçıb...

1896-cı ildə Penzada anadan olan Aleksandr Bondovski Penza gimnaziyasında təhsil alıb. 1915-ci ildə Rusiya İmperator ordusuna xidmətə çağrılıb. Bir il Çuquyev və Xarkovda xidmət etdikdən sonra Moskvada 4-cü gizirlər məktəbində təhsil alıb. Bondovski 1917-ci ilə qədər 12-ci orduda kiçik zabit kimi xidmət edib və həmin ilin noyabr ayında tərxis olunub.

Xidmətdən Penzaya qayıtdıqdan sonra Bondovski şəhər milisində işə qəbul edilib. 1918-ci ildə isə o, yenidən hərbi xidmətə çağrılıb. Bu dəfə xidmətinə qırmızı orduda başlayıb.
Vətəndaş müharibəsinin iştirakçısı olan Bondovski 1926-cı ildə Komintern adına “Vıstrel” zibitlərin təkmilləşdirmə məktəbində kurslar keçib.

img_item_39297.jpg (60 KB)

Bondovski sovet-alman müharibəsi başlanana qədər Volqa və Ural hərbi dairələrində diviziya komandiri vəzifəsində xidmət edib. 1940-cı ildə general-mayor rütbəsinə yüksəlib.

Müharibə başlananda Bondovskinin komandir olduğu diviziya Belarusiya ərazisində dislokasiya olunub. General müharibənin ilk günlərindən döyüş bölgələrində xidmət aparıb. 21 iyul 1945-ci ildə Belarusiya cəbhəsində mühasirəyə düşəndə Bondovski mühasirədən çıxmağa cəhd etsə də, almanların əlinə keçib.

O, əvvəcə almanların Belarusiyada yaratdıqları əsir toplantı məntəqəsində saxlanılıb. Əsirliyin ilk günlərində ona ağır işgəncələr verilib. Bondovski general olduğundan yaxçı anlayıb ki, onunla sorğu-sual daha cddi olacaq. Əsirliyin beşinci günü bölgü aparılıb, əsirləri Almaniyada və Polşadakı əsir düşərgələrinə bölüşdürüblər. Bölgüdən sonra, iyulun 26-da general gecə saatlarında toplantı məntəqəsinin tikanlı məftillərini kəsərək meşəyə qaçıb. Səhərə qədər onun qaçmasından heç kim xəbər tutmayıb.

432560_original.jpg (102 KB)

Bondovski sovet qoşunlarına, yaxud sovet partizanlarına çatmaq üçün 51 gün işğal olunmuş ərazilərdə təkbaşına meşələri dolaşıb. Nəhayət, sentyabr ayında Belarusiya ərazisində yerləşən partizan dəstəsinin qərargahını tapa bilib. Bu ərəfədə o, yalnız meşələrdə əlinə keçənlərlə qidalanıb. Generalı dərhal “NKVD”-nin yerli xüsusi idarəsinə təhvil veriblər. “NKVD” əməkdaşları tərəfindən bir həftəlik araşdırmalardan sonra Bondovskinin fəaliyyətində heç bir “qaranlıq” məqam aşkar olmadıqda o, yenidən hərbi xidmətinə davam edib.

Ancaq çox keçməmiş, 21 oktyabr 1941-ci ildə Bondovski ikinci dəfə də Belarusiya cəbhəsində almanlara əsir düşüb. Artıq “qaçmaq” təcrübəsi olan çevik general bu dəfə beş gün gözləməyib. Elə əsir düşdüyü günün gecəsi, adı əsirlərin qeydiyyat kitabına düşməmiş general özünü meşəyə atıb. Bu dəfə general özününkülərə çatmaq üçün daha çox əziyyət çəkib. Hava şəraitinin soyuq olduğu bir vaxtda kilometrlələ almanlar tərəfindən işğal olunmuş əraziləri keçmək Bondovskiyə asan başa gəlməyib. O, yalnız dekabrın 30-da Kursk istiqamətində dislokasoya olunan sovet hərbi qoşunlarının qərargahına çata bilib.

Amma bu dəfə generalı “NKVD” rahat buraxmayıb. 1942-ci ilin aprel ayına qədər generalın bütün fəaliyyəti araşdırılıb və bu dəfə də onu “ilişdirmək” üçün heç bir dəlil, əsas və sübut tapılmayıb.
Lavrenti Beriya İosif Stalinə Bondovski haqqında ətraflı məruzə edib. Stalin onu sona qədər dinlədikdən sonra soruşub:

433598_original.jpg (135 KB)

- Lavrenti Pavloviç, siz əsir düşsəydiniz qaçmağa cəhd edərdiniz?

- Yoldaş Stalin, yəqin ki, cəhd edərdim.

- İndi bu general da cəhd edib və onda bu iş alınıb. Yəqin ki, səndə alınmazdı. Çünki sən Bondovski kimi çevik deyilsən. Mən onu Sibirdən, Ural hərbi dairəsində xidmət etdiyi illərdən tanıyıram. O, çox ləyaqətli bir adamdır, həm də qoçaqdır. Hər qoçağın üstünə casus damğası vurmaq olmaz. Dörd aydan artıqdır ki, siz onu yoxlayırsınız, şübhəli bir məsələ varmı?

- Xeyr, yoldaş Stalin.

- Onda bu söhbətə bir daha qayıtmaq mənasızdır.

Bondovsky_AV.jpg (55 KB)

1942-ci ilin aprelində generalı vaxtilə təhsil aldığı “Vıstrel” zibitlərin təkmilləşdirmə məktəbinə kurs rəhbəri təyin ediblər. Bir neçə ay bu vəzifədə xidmət etdikdən sonra Bondovski Stalinə yazılı müraciət edərək cəbhəyə göndərilməsini xahiş edib. Stalin onun müraciətinə müsbət cavab verib. Bondovski Belarusiya cəbhəsində 324-cü motoatıcı diviziyaya komandir təyin edilib. O, dəfələrlə uğurlu hərbi əməliyyatlara imza atıb.

1944-cü ildə döyüş zamanı general ağır yaralanıb və sağ ayağını itirib. 1944-cü ilin sentyabr ayına qədər hospitalda müalicə alıb. Müalicədən sonra onu yenidən “Vıstrel”ə kurs rəhbəri göndəriblər. 1946-cı ildən isə Bondovski Poltava Pedaqoji İnstitutunun hərbi kafedrasına rəhbərlik edib. İki ildən sonra, 1948-ci ildə general istefaya göndərilib. Ömrünün son illərində memuarlarını yazan qoçaq general 1970-ci ildə, 73 yaşında yaşadığı İvanovo şəhərində vəfat edib. General-mayor Aleksandr Bondovski həmin şəhərdəki Balino qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR