İnsanlara hürriyət, millətlərə istiqlal!

“Allergik xəstəliklərin artmasına səbəb Bakıda əkilən zərərli bitkilərdir” iddiası

1410 11.05.2023 08:12 Yaşam A A

Telman Zeynalov: "Neçə vaxtdır ki, qovaq ağaclarını qırmağa bəhanə axtarırlar" Allerqoloq Səxavət Axundov: "Əslində allergiyanı yaradan..."

Son vaxtlar paytaxt sakinləri arasında allergik xəstəliklərdən əziyyət çəkənlərin sayı çoxalıb. Xüsusilə də azyaşlılar arasında bu xəstəliklərin artmasından şikayətlər var. Valideynlər bildirirlər ki, uşaqları havaya çıxardıqları zaman boğulma, burun tutulma, gözlərdə qızartı, nəfəs almaqda problemlər yaranır. Hətta həkimlərin yazdığı dərmanlara, müalicəyə riayət etsələr də, xəstəlikdən sağalmaq mümkün olmur. Həkimlər isə bildirirlər ki, bunlar bitkilərdən, əsasən də ağacların tozcuqlarından yaranır.

Xüsusilə də burada qovaq ağaclarının adı çəkilir, bildirilir ki, onun “pambıq”ları buruna, boğaza daxil olduqda allergiyaya səbəb olur. Qeyd etmək yerinə düşər ki, əsrin əvvəllərində Bakıda yaşıllıq sahələri az olduğundan, qovaq ağaclarının isə sürətlə inkişaf edib tez yayılması amili paytaxtda bu ağacların əkilməsinə zərurət yaradıb. Ekspertlər bildirir ki, ötən əsrin 70-80-ci illərində kütləvi surətdə Rusiyanın müxtəlif şəhərlərindən qovaq ağacları gətirilərək Bakıda yetişdirilib. O da qeyd edilir ki, qovaq ağacının bir neçə növü var ki, onların kölgəsində dincəlmək insan orqanizmi üçün təhlükəli sayılır.

Həkimlər bildirirlər ki, ağacların buraxdığı tozcuqlar, onların ətri insanlarda allergik renit, allergik kanniktivit kimi xəstəliklər yaradır. Hətta bunun fəsadı bronxial astmaya belə gətirib çıxara bilir. O da qeyd edilir ki, çiçək tozları və kif allergiyasına daha çox böyük şəhərlərdə rast gəlinir ki, bu da havanın çirklənməsinə səbəb olur. Böyük zəhərli qaz kameralarına çevrilmiş və hündür beton binalardan ibarət olan şəhərlərdə qlobal istiləşmə, kifayət qədər yağıntının olmaması səbəbindən tozcuq və kif göbələkləri daha uzun müddət havada qalır və təmas nəticəsində allergik simptomlar daha tez-tez baş verir .

Deyilənlərin hər hansı əsası varmı? Qovaq ağacları təhlükəlidirmi, onlardan imtina etmək lazımdırmı? Paytaxtda daha hansı bitkilər təhlükəli ola bilər? Ümumiyyətlə, allergik xəstəliklərin artmasına səbəb zərərli bitkilərdimi?

Ekoloq: “Palçıq vulkanları vətənimizin sərvətlərini üzə çıxarır” -  01.01.2019, Sputnik Azərbaycan

Telman Zeynalov

Mövzu ilə bağlı ekoloq Telman Zeynalov “Yeni Müsavat”a dedi ki, neçə vaxtdır ki, qovaq ağaclarını qırmağa bəhanə axtarırlar: “Qovaq ağacları insana mənfi təsir göstərmir. Hamısı bir-birinə bağlıdır. Yalandan danışırlar. Bəzi həkimlər də onları müdafiə edir. Ağacları qırmaq lazımdır deyirlər, qırırlar, yerinə bina tikirlər. Bəsdir də şəhəri "asfalta", səhraya döndərdilər. Qovaq ağacında olan o tozanaq may ayında olur. Tumdur, yayılır, başqa yerdə də bitir. Birincisi yığsınlar onları, pambıq düzəltsinlər. Bunun üçün texnologiyalar var. Öyrəniblər hər şeyi qırsınlar. Ən asan yoldur da. Necə ki, insanlara peyvənd edirlər, bu ağacların da zərər verməməsi üçün onlara dərman vurmaq olar. Amma dərman baha başa gəlir axı, bunu etməkdə maraqlı deyillər. Qovaq ağacları da digər canlılar kimi iki cür - erkəyi, dişisi olur. Bu ağacların erkəyini dişi ilə əvəz etmək olar ki, zərərli olmasın".  

Azərbaycan Tibb Universiteti

Səxavət Axundov

Allerqoloq Səxavət Axundov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qovaq ağacı gözlə görünür və əslində allergiyanı o yaratmır: “May ayında allergiyanı verən kənar otlardır. Otlar görünür, amma onun tozcuqları gözlə görünmür, havada 50 kilometr radiusda hərəkət edirlər. May ayında əsas allergiyanı verən kənar otlardır ki, bunlar pişikquyruğu, tülkü quyruğu, çovdar, yulaf, buğda və sairə bitkilərin tozcuqlarından yaranır. Bu, palinos xəstəliyidir. Bunlar mövsümi olur. Əgər allergiya fevral, mart, aprel ayında olarsa, deməli, bu ağacların tozcuqlarından olub. Aprelin axırı, may, iyun ayında olursa, bu, kənar otlara görədir. Qovaq ağacının o hissəcikləri ki var, sadəcə, mexaniki qıcıqlanma yaradır, insanları narahat edir. Yəni bu dövrdə əsas allergiyanı verən qovaq ağacı yox, kənar otlardır. Bu otları da təmizləmək mümkün deyil. Bakıdan təmizləsək də, 50 kilometr aralıda ətraf yerlərdən külək onu gətirəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR