İnsanlara hürriyət, millətlərə istiqlal!

Akademik teatrın rəhbəri təzələndi, teatrda abı-hava da təzələnəcəkmi...

1557 16.05.2023 08:12 Mədəniyyət A A

 

Mehriban Ələkbərzadə: “Teatrın bugünkü iş prinsipi, repertuarı, ümumi yaradıcı atmosferi ilə yaxından tanış olub, öyrənməliyəm, daha sonra...”

Mayın 13-də mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

M.Ələkbərzadənin dosyesi: O, 1965-ci il avqustun 5-də Gəncədə doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və 17 saylı orta məktəbi bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris Teatrında Tennessi Uilyamsın “Sökülən yurd”, Eduard de Filipponun “Silindr”, Dövlət televiziyasında Elçinin “Ömrün son səhəri” pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib. 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib. O, “Azdrama”da “Dəfn edilməmiş ölülər”, “Min illərin işığı”, “Müəmmalı bir qətlin üç versiyası”, “Poçt şöbəsində xəyal”, “Afət” və başqa tamaşalar hazırlayıb. 2003-cü ildə Naxçıvan MR-in “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

AMEA-nın “Yeni tarix” şöbəsinin elmi işçisidir. 2017-22-ci illərdə Azərbaycan Dövlət “Yuğ” teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. O, müxtəlif Prezident mükafatlarına layiq görülüb.

Qeyd edək ki, Mehriban Ələkbərovadan öncə bu vəzifəyə xalq artisti Azər Paşa Nemətov məsul idi. A.Nemətov 2023-cü il aprelin 9-da vəfat edib.

Bəs tanınmışların Mehriban Ələkbərzadənin ana teatra rəhbər təyin olunmasına mövqeyi necədir?

Səidə Quliyeva: "O filmdə də çatışmayan cəhətlər var, amma..."

Səidə Quliyeva

Akademik Milli Dram Teatrın aktrisası, xalq artisti Səidə Quliyeva məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Mehriban Ələkbərzadə bizim teatra yad adam deyil, elə bu teatrın yetirməsidir. İlk gündən Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra təyinatla bizim teatra  gəlib. Mən onun 3 tamaşasında oynamışam. İlk olaraq "Min illərin işığı", daha sonra “Qatil” tamaşasında.  İndi də teatrımıza bədii rəhbər gəlib, xoş gəlib, səfa gətirib.

Bildiyiniz kimi, biz aktyor və aktrisalar rejissordan və bədii rəhbərdən asılı sənət adamlarıyıq. O mənada ki, hansı əsərləri götürürlər, biz də onu səhnələşdiririk.

Həmişə teatrda mənə rol verilib, səhnədə olmuşam.  Bundan sonra da münasib rol olar, məmnuniyyətlə oynayarıq.

Mehriban  Ələkbərzadəyə cansağlığı, yaradıcılıq uğurları arzulayıram. Cansağlığı olsun ki, biz də yaradıcılığımıza rahatlıqla davam edə bilək".

Teatrın digər aktrisası, xalq artisti Firəngiz Mütəllimova da öz mövqeyini bildirib: “İlk öncə Mehriban Ələkbərzadəni təyinatı münasibəti ilə təbrik edirəm, teatra gəlişi xeyirli-uğurlu olsun.

O ki qaldı perspektiv və dəyişikliklərə,  bu haqda yalnız özü danışa bilər. Fikrimcə, repertuar dəyişikliyi və sairə ola bilər. Ola bilsin ki, daha başqa fərqli bir şey olsun. Amma hər halda, düşünürəm ki, nə olacaqsa, teatrımızın xeyrinə olacaq".

Şeyx Əbdül: Bəhramın cəsarəti çatmayıb desin ki… Yeni Sabah

 Şeyx Əbdül Mahmudov

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov isə bu təyinatdan gözləntisi olmadığını dedi: “Mehriban Ələkbərzadə ilə illər öncə heç üzünü görmədən bir konflikt yaşamışdım. Belə ki, 2014-cü ildə Akademik Milli Dram Teatrın səhnəsində "Qatil" tamaşası nümayiş olunurdu. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə və baş rolun ifaçısı Münəvvər Əliyeva məni tamaşaya dəvət etmişdi, mən də xalq artisti Alim Qasımovu dəvət etmişdim. Tamaşada açıq-saçıq, yataq səhnələri Alim Qasımovu bərk əsəbləşdirib, özündən çıxartdı. Dedi ki, “Əbdül, mən dünyanın heç bir ölkəsində belə biabırçılıq görməmişəm”. Mən və Alim Qasımov buna etiraz olaraq, tamaşanı yarımçıq tərk etdik. Zalda xeyli sayda tələbə var idi, onlar da bizim ardımızca tamaşanı tərk etdilər. Daha sonra mən açıqlama verdim ki, “biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkildə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir”. Bundan sonra Mehriban Ələkbərzadə mənim, kişiliyim barədə çox nalayiq, yersiz sözlər demişdi, amma mən ona cavab vermədim. Əgər bir qadın bir kişinin kişiliyinə irad bildirirsə, deməli, onun kişilərlə problemi var, buna başqa ad vermək olmaz.

İndi onun Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunmasına gəldikdə, çox maraqlıdır, bu təyinatları kim edir? O böyüklükdə teatra necə rəhbərlik edə biləcək? Məlum olduğu kimi, Mehriban Ələkbərzadə son müddətə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində idi. Orada hansı böyük uğurları olub, bu barədə məlumatım yoxdur. Amma məncə, elə orada qalıb işləsəydi, formalaşsaydı, daha  yaxşı olardı. Demək ki, bu gün ana teatrımızın səviyyəsi ora gəlib çatıb ki, Mehriban Ələkbərzadə ora rəhbər təyin olunub.

Akademik Milli Dram Teatra Ədil İskəndərov, Mehdi  Məmmədov rəhbərlik edib. Onlardan sonra bu teatrda bu cür enişə yol vermək doğru deyil. Təki yaxşı olsun. Amma hər halda, qarşıda hansısa perspektiv görməyə ümidim yoxdur".

“Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni bir rejissor kimi çox sevsəm də, onun Akademik Milli Dram Teatrına yüksək vəzifəyə təyin olunması xəbərinə heç də sevinmədim”.

Bu sözləri isə Qaynarinfo-ya  Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev deyib.

Yasin Qarayev – Yeni Çağ Media

Yasin Qarayev

Aktyor saytların “Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi” xəbərinə iradını da bildirib: “Başa düşə bilmirəm, Mehriban xanım Gənc Tamaşaçılar Teatrında yüksək vəzifədə deyildi ki? Elə bu teatrda da baş rejissor işləyirdi. Şəxsən mən Gənc Tamaşaçılar Teatrını heç bir teatrdan asağı səviyyəli teatr hesab etmirəm. Kim də mənimlə mübahisə eləmək istəyirsə, mübahisəyə hazıram”.

Mehriban Ələkbərzadənin “Azdrama”ya bədii rəhbər təyin olunmağına gəlincə, Yasin Qarayev ona bu yolda uğurlar arzulayıb: “Allah xeyir versin! Öz şəxsi işidir. Amma belə hallarda rəhmətlik nənəmin bir sözü yadıma düşur: ”Ölməz Xədicə, görər nəticə!"

Mehriban Ələkbərzadə: “Əksər kişilərdən həm güclüyəm, həm cəsarətli” –  Müsahibə

Mehriban Ələkbərzadə

Mehriban Ələkbərzadə də təyinatı ilə bağlı “Yeni Müsavat”a danışıb. “Bu təyinatı gözləyirdinizmi?” sualına yeni bədii rəhbər bu cür cavab verib: “Əlbəttə ki, gözləyirdim. Sevinirəmmi? Əlbəttə ki, sevinirəm. Çünki həyatımın 25 ilini həsr etdiyim teatrdır. Belə ki, universitetdə təhsil aldığım zaman təcrübə keçdiyim, diplom tamaşası hazırladığım teatrdır.

Gələcək perspektiv anlamında belədir ki, mən teatrın bugünkü iş prinsipi, repertuarı, ümumi yaradıcı  atmosferi ilə yaxından tanış olub, öyrənməliyəm, daha sonra nəsə demək olar. İstənilən halda teatr kənardan  başqa cür görünür, daxildən tanışlıq isə başqa cürdür. Ona görə müəyyən bir zamandan sonra bu haqda danışa bilərəm.

Amma hələ ki bu işdə özümə səbir, dözüm və uğur arzulayıram".

Xalidə GƏRAY,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR