Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 447-1-ci maddəyə əsasən, ərzaq balansının tərtibi ilə bağlı məlumatları təqdim etməyən kənd təsərrüfatı istehsalçıları, fermerlər cərimə ödəməli olacaqlar. Ərzaq balansı ilə bağlı məlumat təqdim etməyən fermerlərə qarşı məsuliyyət tədbirlərinin tətbiqindən əvvəl geniş məlumatlandırma və izahat işlərinin aparılması vacib sayılır.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, ərzaq balansı ölkənin ərzaq təhlükəsizliyinin, ərzaq məhsulları ilə etibarlı təminatın, idxaldan asılılıq səviyyəsinin və özünü təminetməni qiymətləndirmək üçün olduqca vacib informasiya resursudur.
Onun sözlərinə görə, Prezident yanında keçirilən aqrar müşavirədən sonra aqrar sahədə uçot və statistika məsələsi daha da aktuallaşıb:
“Dövlət başçısı hər zaman kənd təsərrüfatının etibarlı informasiya bazasının yaradılmasına xüsusi diqqət yetirib. Çünki effektiv aqrar siyasət etibarlı statistik-informasiya bazası tələb edir. Kənd təsərrüfatına cənab Prezident tərəfindən olduqca həssas münasibət göstərilir. Təsadüfi deyil ki, ölkə başçısı qeyd edir ki, kənd təsərrüfatı bizim üçün həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik məsələsidir”.

Azər Əmiraslanov qeyd edib ki, ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır, kənd təsərrüfatında məşğul əhali isə ümumi məşğul əhalinin təxminən 40 faizini təşkil edir:
“Belə olan halda kənd təsərrüfatının inkişafı regionların inkişafına, yoxsulluğun azaldılmasına və məşğulluğun təmin edilməsinə təsir göstərir. Bu baxımdan aqrar sahə olduqca strateji sahədir”.
Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsi kontekstində kənd təsərrüfatı istehsalçıları zəruri məlumatları, xüsusilə ərzaq balansı ilə bağlı məlumatları təqdim etməlidirlər. Əks halda məsuliyyət tədbirləri görülə bilər:
“Amma kəndli, fermer heç bilmir ki, ərzaq balansı nədir. Üstəlik, nəzərə almalıyıq ki, fermerlər daim dövlət qayğısının və dövlət dəstəyinin obyekti olublar. Biz zəruri məlumatlandırma aparmadan, izahat işləri görmədən, informasiya-məsləhət xidmətlərini səmərəli təşkil etmədən fermerləri potensial cərimə ödəyicisi kimi görməməliyik”.
O vurğulayıb ki, aqrar siyasəti həyata keçirən dövlət qurumlarının əsas missiyalarından biri informasiya-məsləhət xidmətinin gücləndirilməsidir:
“Burada millət vəkillərinin böyük əksəriyyəti aqrar rayonları təmsil edir. Hər birimiz çox yaxşı bilirik ki, kəndlinin əsas qayğısı əkin və biçindir. Bəzən fermerlər dövlətin onlara təqdim etdiyi dəstək tədbirlərindən, dəstək xarakterli təşəbbüslərdən belə xəbərsiz olurlar. Məsuliyyət tədbirləri artırıla bilər, amma bu şərtlə ki, əvvəlcə zəruri məlumatlandırma və izahat işi aparılsın, yalnız bundan sonra müvafiq tədbirlər görülsün. Aidiyyəti qurumlar kəndlini və fermeri bilgiləndirmədən onların qapısını döyüb təqdim edilməyən məlumatlara görə cərimə tələb etməməlidirlər”.
E.Paşasoy,
Musavat.com






