İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağlamaq istəyirdim”- Jurnalist tərəfindən şantaj edilən direktor danışdı- TƏFƏRRÜAT  

531 13.03.2025 14:26 Kriminal A A

“Saatlı TV” youtube kanalı və “13Asim13” adlı “TikTok” səhifəsinin idarəçisi olan şəxs həbs edilib. O, Saatlıda vəzifəli şəxsləri şantaj edərək onlardan pul almaqda ittiham edilib.

Musavat.com xəbər verir ki, söhbət DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Asim Əliyevin cinayət işindən gedir.

İş üzrə zərərçəkmiş kimi Varxan kənd Bələdiyyəsinin sabiq sədri Rəfayıl Səfərov, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavini, 35 saylı Yol İstismar İdarəsinin əməkdaşı var.

O, özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılıb.

35 yaşlı təqsirləndirilən şəxs özünü günahkar bilməyib və heç kimə hədə-qorxu gəlmədiyini söyləyib. Bildirib ki, zərərçəkmişlər məcburi şəkildə onun əleyhinə ifadə veriblər.

Asim Əliyev zərərçəkmiş kim göstərilən 6 nəfərin heç birindən şantajla pul tələb etmədiyini bildirib. Dediyinə görə, zərərçəkmiş kimi tanınan Nicat adlı şəxsdən borca pul alıb. Digər şəxslərlə isə tanışlığı olub. Bəzən onun restorandakı yemək pulunu ödəyiblər, bəzən də xərclik kimi ona pul veriblər.

Əlavə edib ki, onun həbs edilməsinin səbəbi Saatlı Rayon İcra Hakimiyyəti ilə bağlı yazıları olub. O, tutulmasının səbəbi kimi icra hakimiyyətini göstərib.

Zərərçəkmiş şəxslərdən biri Varxan Bələdiyyəsinin sabiq sədri Rəfayıl Səfərov ifadə verən zaman Asimdən könüllü şəkildə şikayət etdiyini, heç kimdən göstəriş almadığını deyib: “Asim mənə bələdiyyənin fəaliyyəti ilə bağlı sorğu göndərmişdi. Mən də cavab vermədim. Sonra zəng edib dedi ki, cavab verilməsə, “TikTok”da rüsvayedici məlumatlar paylaşacaq. Mən də görüşüb 150 manat verdim. Şikayətçiyəm və həbslə bağlı olan cəza verilməsini istəyirəm”.

Zərərçəkmişlərdən biri də Saatlı Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru olub. O, da Asimə pul verdiyini, şantaj edildiyini bildirib.

“Asimi bir dəfə çağırıb izahat aldım ki, bizə bir də sorğu yazmasın. Asimin uşağının xəstə olduğunu biləndə hər gələndə ona 15-20 manat verirdim ki, uşağına pampers alsın. Asimin sorğularına cavab vermədikdə prokurorluq və ombudsmandan məktub gəlmişdi. Asim ilk dəfə sorğu verəndə suallarının sayı 18 idi. Sonra azaldaraq 10-na saldı. Suallar işçilərin sayı, onların adı, soyadı, atalarının adı, hansı vəzifə tutmaları, diplomlarının nömrəsi, mühasibatlığın arayışı ilə bağlı idi. Asimdən şikayət etməyə məni kimsə məcbur etməyib. Məni o həddə çatdırmışdı ki, ağlamaq istəyirdim. Ondan şikayətçiyəm”.

Digər zərərçəkmişlər də eyni məzmunlu ifadə verərək Asim tərəfindən şantaj edildiklərini bildiriblər. Qeyd ediblər ki, Asim pul verilməyəcəyi halda onlar barəsində məlumatlar paylaşacağını deyib.

Məhkəmənin hökmü ilə Asim Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR