İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır məğlubiyyətin acı statistikası

1037 04.08.2022 16:45 Yazarlar A A

Maradonanın iliydi, yəni 1986. Kirovabad adlanan Gəncədə tələbəydik. İnstitutdan təqaüd alarkən bizə futbol biletləri vermişdilər, broşüra kimi bir şey idi. Bileti batırmamaq üçün hər dəfə stadiona, “Kəpəz”in oyununa baxmağa gedirdik.

Yeri gəlmişkən, bu yazını yazarkən bəzi nüansları dəqiqləşdirmək üçün klubun vikipediyasına baxdım. Göstərilir ki, “Kəpəz”in adı 1989-cu ilə qədər “Dinamo” olub, sonra “Kəpəz”ə dəyişib. Burda ciddi yanlışlıq var, dostlarım və mən heç vaxt “Dinamo”nun oyununa getməmişik. Biz oyununa tamaşa etdiyimiz klubun adı 1986-cı ildə “Kəpəz” idi.

Allahdan, heç vaxt o stadiondan məyus qayıtmadıq. “Kəpəz” öz stadionunda oynadığı 15 oyunun 15-də də qələbə qazandı. Bu komanda Cənubi Qafqaz respublikalarının komandalarını (yerli klubları, eləcə də erməni və gürcü komandalarını) ard-arda çiləyirdi.

Yalnız bir dəfə Mingəçevirin “Avtomobilist” komandası “Kəpəz”ə dirəşdi, heç cür qol buraxmaq istəmirdi. “Kəpəz”in oyunçuları, həm də azarkeşləri çox hiddətlənmişdilər. Necə yəni, Mingəçevirdən gələsən və liqanın liderinə uduzmaq istəməyəsən?

Stadionda gərginlik o həddəydi ki, azarkeş sektorlarının liderləri ayağa qalxıb gur səslə “Kəpəz”in müdafiəçisi Tofiq Məmmədova və Füzuli Allahverdiyevə çağırışlar edirdilər: “Tooofiiiq, o 11 nömrənin qarnına iki təpik qoy, qalsın yerdə!”; “Füzuuuliii, o sarıbaşın qıçlarını qır!” və s.

Axırda hakim də gördü ki, oyun heç-heçə qurtarsa, stadiondan salamat çıxmaq müşkül olacaq, ona görə də çox müdrik qərar qəbul etdi, mingəçevirlilərin qapısına lapdan bir penalti təyin etdi, gərək ki, Asif Əliyev vurdu, qol oldu, nəticədə ölüm-itim olmadı. Hamı gördü ki, bu saxta penaltiydi, amma hamı məmnun idi.

“Kəpəz”in özünəməxsus stadionu və aurası vardı. Azarkeşlər çox çılğın idilər. Xatırlayıram ki, may ayının 3-cü ongünlüyünün ortasıydı, ya 25-i, ya 26-sıydı. Axır ki, müğənni Niyaməddin Musayevin Gəncə filarmoniyasında bıçaqlandığı günün ertəsi idi. Bizdən arxa cərgədə oturmuş gəncəlilər öz aralarında belə danışırdılar: “Hə, ölüb, ölüb, gecəylə aparıblar Bakıya”; “Lələ, bura Gəncədir e, burda oşibkaya yol verəni salamat qoymazlar”; “Yaxşı müğənniydi, amma gərək dinc duraydı də, arada lələni zibilə saldı”.

Beləcə, əsas qənaət bundan ibarət idi ki, günah konsert zamanı bıçaqlanmış müğənnidə olub, onu vuranda isə günah yoxdur.

Xüləs, söhbət futboldan gedir. Həmin il “Kəpəz”in əla heyəti vardı. Əfqan Talıbov klass göstərirdi, Asif Əliyev yaşlaşsa da, zərbələri yenə güclü idi, bir dəfə az qala topla tiri sındıracaqdı.

Həmin il “Kəpəz “ liqanın 1-cisi oldu və güclülər dəstəsinin A qrupunda oynamaq üçün Moskvanın “Krasnaya presnya”, Kuybışevin (indiki Samara) “Krılya sovetov” komandaları ilə birlikdə pley-off oynamalı oldu. “Kəpəz” bir qələbə, bir heç-heçə ilə qrupda ikinci yeri tutdu, amma 3-cü yeri tutan “Krasnaya presnya” komandasına Moskvada elə bir hesabla (2:9) uduzdu ki, biabırçılıq oldu.

Biz o vaxt Əfqan Talıbovu dost-tanış azarkeşlərə çox tərifləmişdik, 2:9 hesablı məğlubiyyətdən sonra deməyə söz tapmırdıq. Eləcə, bizə sataşanlara deyirdik ki, nə olsun, həmin komandanı Kirovabadda udduq, Moskvada uduzduq. Bax, belə olanda 4-5 yaş bizdən böyük bir nəfər dedi ki, elə deyil, bu statistikadır, futbol tarixinə düşəcək, 30 ildən sonra xəcalət verəcək.

O vaxtdan 36 il keçib. Gerçəkdən həmin 2:9 hesablı məğlubiyyət bu sətirlərin müəllifinin yadından çıxmır.

44 günlük müharibədə ermənilər bizə təxminən eyni hesabla uduzublar, müqavimətləri sırf illərlə qurduqları istehkama görə azca uzandı. Yoxsa 1-2 həftənin içində lap biabır olacaqdılar. Elə ona görə də onlar hazırda ağır psixoloji durumdadırlar, bilirlər ki, 44 günlük savaş öz statistikası ilə tarixə həkk olub.

Ancaq dəvədən yıxılan “höt-höt” deməkdə davam etdiyi kimi, ermənilər də höcətliklərindən qalmırlar və ağır hesabla uduzmaqlarını unutmaq, Allah qoymasa, hər şeyi sıfırdan başlamaq istəyirlər. Qarabağda vaxtaşırı gərginlik yaratmaları bu üzdəndir. Adama deyərlər, dalaşmışıq, döyülmüsən, salamat qalmaq üçün boynuna öhdəlik götürmüsən, zəhmət çək, yerinə yetir, yoxsa elə bilirsən, araya girənlər var və xirtdək əldən çıxıb deyə, hər şey keçmişdə qaldı, indi şərtləri pozmaq olar?

P.S. Əfqan Talıbova rast olsaydım, soruşardım, lələ, o vaxt o nə hesabıydı?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR