İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır “atlet”lərin görməli olduğu iş...

1594 16.11.2022 12:55 Yazarlar A A

 

Mənə görə, bütün idman yarışlarının şahı ağırlıqqaldırmadır. Dərhal “yoo, bəs futbol” deyə etiraz etməyin, sürətlə mətləbə gəlirəm.

Söhbət bu idman növünün populyar, kütləvi olmamasından, böyük tamaşaçı auditoriyası toplamamasından getmir. Ağırlıqqaldırmanın “şah”lığı ondadır ki, burada cığallığa, mübahisəyə yer yoxdur. Heç kəs bu məsələdə “Ronaldo-Messi” və ya “Haland-Mbappe” davası aparmaz. 240 kilonu kim qaldırırsa, Messi (daha dəqiqi, Naim) odur.

Yaxud heç bir idman klubi bu cür yarışlara tapşırıqla, himayədarlıqla atlet göndərməz, kim komanda yoldaşından 1 kilo artıq ağırlıq qaldıra bilirsə, yarışa da o gedəcək.

Hər sahədə belə olsa, yaxşı olar.

Kəsəsi, hər işin öz peşəkarı, biləndarı, səriştəlisi qabağa durmalıdır, müsabiqəyə, yarışa, cəngə o çıxmalıdır.

Təəssüf ki, həmişə belə olmur. Məsələn, bu saat İranla münasibətimiz gərgindir, arada söz atışması gedir, onlar yazır, biz yazırıq. İranlı jurnalistlər, keçmiş səfirlər, politoloqlar öz aləmlərində bizi “sionistlərlə işbirliyi”ndə qınayır, rus demişkən, “neprav” çıxarırlar, bizim iranşünaslar da “məsciddə donuz saxlamaq-işğal edilmiş kəndləri söküb daşımaq-erməniyə hər cür dəstək vermək” mövzusunda İranı ittiham edən yazılar yazırlar. Ortalıq qarışıqdır.

1001 dəfə təkrarlanmış arqumentlərin 1234-cü dəfə təkrarlanmasının bu söz duelində nə kimi effekti olacaq, bilinmir. Nə iranlı rəsmilər bizim daş çatladan mülahizələrə cavab verirlər, nə bizim rəsmilər ağzını eymələyə-eymələyə danışan iranlı təbliğatçıların dediyinə qoz qoyurlar. Eləcə onlar Arazın və hasarın o tayında qışqırışırlar, biz də Arazbarıda və barının bəri tərəfində durub səs-küy salırıq.

Son günlər ortalıqda yekə bir tozanaq qopub. 3-4 cümləni ard-arda qoşub danışa, 2-3 abzaslıq düz-əməlli yaza bilməyən xeyli adam özünə borc bilir ki, İranı yıxıb-sürüsün.

Əlbəttə, dostunun evindəki yanğını söndürmək üçün dimdiyində su, düşməninin evindəki yanğını şiddətləndirmək üçün caynağında saman aparan sərçənin rəvayətinin hikməti ilə götürsək, belə addımlar anlaşılandır. Amma hamı qovğaya qarışanda bu artıq “söz dueli”, “snayper atışı” olmur, qışqırışma olur, hər ağızdan bir avaz gəlir və kimin nə dediyi bilinmir.

Ən yaxşısı bu işi peşəkarların, fikrini koloritli, sanballı, dəlillərlə zəngin şəkildə ifadə edənlərin öhdəsinə buraxmaq lazımdır. Onlar bizə düşmənçilik edənlərin zəif yerlərini də yaxşı bilirlər, hər dəfə yeni arqument tapmağı da bacarırlar, əllərindən nahaq söz danışanları susdurmaq da gəlir.

Bu, ağırlıqqaldırma məsələsidir. Gücü 60-70 kilo ağırlığı qaldırmağa çatanların bu yarışda işləri yoxdur. Onlar kənara dursunlar, bu ölkədə bu sahənin naimləri ortaya çıxacaq və öz çəkilərinin 3 qatı həcmində ağırlığı qaldıracaqlar.

Bir az da irəli gedərək deyək ki, 2 il öncə meydan müharibəsində, dağ-dərə savaşında xüsusi təyinatlı qüvvələrimiz necə effektli vuruşdularsa, bu söz atışmasında da xüsusi təyinatlı qələmlilərimiz qabağa çıxmalıdır.

Hər şeyin şitini çıxarmaq olmaz. Kampaniyaçılıq heç də hər zaman effektli olmur, əksinə, ziyan verir.

Bu ölkənin mediasında elə itiqələmli jurnalistlər, kəskin sözlü politoloqlar var ki, sözləri daş dəlir, istənilən dildə istənilən auditoriyada istənilən vəzifəli şəxsin boğazını quruda bilirlər. Məsələn, vaxtilə Ermənistan prezidenti Serj Sarkisyanı, baş nazir Nikol Paşinyanı, hətta onun arvadı Anna Akopyanı geniş auditoriyalar qarşısında pərt vəziyyətdə qoyan jurnalistlərimiz olub.

Dediyim odur ki, belə işlər ağır işlərdir, gərək “atlet”lərə həvalə edək.

P.S. Budur, təzə "cəbhə" açıldı, gərək Fransaya da əl bulayaq.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR