İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam xarabalığına oxşayan “Qarabağ”...

4076 11.08.2023 08:05 Yazarlar A A

Azarkeş qəddardır, onu belə izahatlarla ovundurmaq olmaz, o, sevinmək, qələbənin həyacanını yaşamaq istəyir...

İndiyədək “Qarabağ” haqda 10-larla yazı yazmışam. Klubu, Qurban Qurbanovu öydüyüm də çox olub, tənqid etdiyim də. Xüsusilə Qurbanov haqda həmkəndlilərindən, tanıyanlardan eşidəndə heç bu qədər məşhurluq zirvəsinə yüksəlməmişdi. O səbəbdən Qurban haqda “tanıdığım biri kimi” yazmaq mənə heç vaxt çətin olmayıb.

Sosial şəbəkələrdə klubun uğursuzluğu haqda nələr yazıldığından xəbərsizəm, amma əks reaksiyalardan onu anlayıram ki, nədənsə, məğlubiyyətlərə görə hətta sevinənlər də varmış, əndazəni aşan sərt mövqelər yazanlar da, səmimi olaraq düşüncələrini ifadə edənlər də. Sərt tənqidlər olacaq, olmalıdır da. Çünki “Qarabağ” sıradan klub deyil, əlbəttə ki, uğursuzluğu məyusluq yaradır. O məyusluq isə hamıda eyni reaksiyanı doğurmur. Məsələn, evimdəki azyaşlı Qaqaşım “Rakov”la Bakıdakı oyundan sonra ağlayırdı, mən isə təskinlik üçün söz tapa bilmirdim...

Yəni reaksiyalar təhqir və aşağılayacı münasibət istisna, adekvatdır məncə. Azərbaycanlıların fərqi yoxdur, tanınmış şəxs olsun, ya qonşu, ya oliqarx-məmur onların pulunu hesablamaq kimi bir hobbisi var. O gün hansısa sayt Şahruddinin səhvləri ucbatından “Qarabağ”ı nə qədər ziyana saldığını da hesablamışdı. Nə qədər real olduğunu deyə bilmərəm, amma maraqlı hesablama idi. Şahruddinə belə ziyana görə dövlət 10 il iş verərdi... 

61b75a03ea11861b75a03ea119163940608361b75a03ea11561b75a03ea117.jpg (182 KB)

İndi anlaşılan odur ki, kluba əsas tənqidlər də maliyyə haqq-hesabı ilə bağlıdır. İddia budur ki, əgər oyunçu transferindən pul qazanırsızsa, UEFA-dan da gəlir varsa, bəs niyə yaxşı oyunçu gətirilmir? İllərdir eşitdiyimiz ənənəvi izahlar da var: “Liqanın səviyyəsi aşağıdır”, “gəlmək istəyən futbolçu azdır”. İndi təzəlikcə birini də tapıblar: “Azərbaycan müsəlman ölkəsi olduğu üçün uyğunlaşmaq problemi var”.

Bəlkə də bunların hər biri səbəb kimi var, biz bilmirik axı, onlarla danışıqlar aparan klub yetkililəridir. Azarkeş isə qəddardır, onu belə izahatlarla ovundurmaq olmaz. O, nəticə görmək, sevinmək, qələbənin həyəcanını yaşamaq istəyir. Bunu stadionda almayanda, üzünü çevirir gedir. 1988-ci ildə SSRİ çempionatının Bakıdakı son oyunlarını xatırlayıram. Stadionda söyüşdən qulaq tutulardı. Şükür ki, bunlar yığışıldı, indi azarkeş daha mədəniyyətlidir, amma birdən “partlayır” da...

Transferlər və sponsor xəsisliyi ilə bağlı sualı birbaşa Qurban Qurbanova ünvanlayan media əhlinin hansısa mərkəzlərdən yönəldildiyi haqda iddialar gözümə dəydi. Sanki bir şantaj, təzyiq, kluba tənqidləri loyallaşdırmaq elementi hiss olundu. Medianın canı anadolular demişkən, zatən sıkkındır, indi sual verəsi, tənqid ediləsi sahələrdən biri futboldursa, onu da bu cür metodlarla susdurmaq cəhdləri çox yersizdir. Dünyanın hər yerində belədir- nüfuzlu idman nəşrlərinin, saytlarının çörəyi bu cür tirajlı mövzulardan, hətta qarayaxmadan, dedi-qodudan çıxır. Əlbəttə uğursuzluq varsa, sponsor da, baş məşqçi də hədəfə gəlməlidir. Həm də konkret halda, “Qarabağ”a ünvanlanmış bu sualların çoxu haqsız da deyil axı.

Qurban Qurbanov son mətbuat konfransında yenə də öz soyuqqanlı və bəyəniləsi mövqeyini ortaya qoydu. Hətta bu cür qərəzli mövqelərə də reaksiya olaraq, “mən xalqımı, vətənimi sevirəm” dedi. Mən də o fikirlərə qoşuluram ki, Qurban dəyərdir, onu sərt tənqid etmək də olar, hətta bəlkə də onun üçün lazımdır da, amma qəlbinə toxunası, qürurunu incidəcək sözlər söyləmək vicdansızlıqdır.

“HİK”lə oyun da məyus etdi. Finlər həyatlarında bəlkə də 25 dərəcədən artıq isti görməmişdilər, Bakının 40-a çatan bürküsündə ayaqlarını sürüsələr də, bir qol vurdular. “Qarabağ”da Finlandiyanın buz meydançasında futbol oynayırmış kimi sürüşdü, vuruşdu, gücü nəyə yetdisə, etdi ki, azarkeş yenə də məyus getməsin. Sağ olsunlar. Klubdan indilikdə bundan artığını gözləmək də əbəsdir. Nədirsə, budur. Bir az güclənə bilər, Qurban Qurbanovun da hobbisi budur-pis futbolçudan yaxşı futbolçu düzəltmək. Plotnik (dülgər) kimi. Papa Karl kötük Buratinoya necə “can” verdisə, elə... 

___________________________________.jpg (250 KB)

Son üç oyuna görə deyirəm: “Qarabağ” indiki vəziyyətinə görə daha çox Ağdam xarabalıqlarına bənzəyir. O xarabalığa ki, ora mütləq həyat qayıdacaq. Mütləq!

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR