İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızıdan ŞOK AÇIQLAMA: “Başına yığılan mafiyanı darmadağın etməlidir”

4864 13.04.2023 17:25 Mədəniyyət A A

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun vəfatından sonra sosial şəbəkə istifadəçiləri yeni sədrin kim olacağı ilə bağlı müzakirələr aparır. Onların əksəriyyəti bu vəzifədə Xalq artisti Afaq Bəşirqızını görmək istədiklərini qeyd edirlər. 

Musavat.com olaraq Xalq artistinin məsələyə münasibətini öyrəndik.

WhatsApp Image 2023-04-13 at 13.38.37.jpeg (141 KB)

Afaq Bəşirqızı saytımıza açıqlamasında bildirdi ki, sədrlik barədə düşünmür:

“İstərdim elə bir adam olsun ki, heç olmasa problemlərin üçdə ikisinə cavab verə bilsin. Sənət adamlarının maaşı mütləq artmalıdır. Çıxış yolu var. İlk növbədə müəyyən teatrların kateqoriyası qalxmalıdır. Teatrların əksəriyyəti üçüncü kateqoriyadadır - maaşı həddindən artıq azdır. Cənab Prezidentə müraciət edəndə mənim aparıcı aktrisa, səhnə ustası və s. titullarımla bərabər, maaşım 250 manat idi. Mən Prezident təqaüdü də alıram. Əgər onu da almasaydım, heç bir sosial tələbatımı ödəyə bilməzdim. Mənim yaşam tərzim faciəli vəziyyətdə olacaqdı. Çünki mən təkcə çörəyə yox, dərmanlara da çox pul xərcləyirəm. Ona görə də düşünürəm ki, kateqoriyadan başlamaq lazımdır.

Teatr Xadimləri İttifaqının sədri kim olacaqsa olsun, ilk növbədə vicdanı olmalıdır, acgözlüyü olmamalıdır. Başına yığılan mafiyanı darmadağın etməlidir. Heç kəsin babalarımızın, atalarımızın qoyub getdiyi mirasa əl uzatmağa ixtiyarı yoxdur. Onsuz da sən incəsənət xadiminin hər hansı bir tikəsinə əl uzadırsansa, Allah sənin təpəndən vurur. Sən onun nəyinə əl uzadırsan?”

Xalq artisti hesab edir ki, aktyorlara torpaq sahəsi ayrılmalıdır:

“Gənc Tamaşaçılar Teatrının gənc aktyorudur, 10 yerdə işləməyinə baxmayaraq, hər ay maaşını aparır Biləsuvarda yaşlı anası, atası, həyat yoldaşı və 2 uşağına verir. Özü isə gəlib Bakıda gecəqondularda yaşayır. Aktyorlara torpaq sahəsi ayırmaq lazımdır. Bakı meri Eldar Əzizov insaflı, təmiz, ürəyiyumşaq insandır. Çünki mən Eldar müəllimlə ünsiyyətdəyəm, onun necə bir insan olduğunu bilirəm. Əgər bu məsələləri onun qarşısında qaldırsaq, xahiş etsək, Eldar müəllim bunu mütləq edər. Şəhərin mərkəzindəki o tarixi bina vaxtilə aktyorlar üçün tikilib. Rza Təhmasib, Lütfəli Abdullayev, Sadıq Saleh - hamısı orada yaşıb. Mən demirəm ki, şəhərin mərkəzində olsun, heç olmasa torpaq sahəsi ayrılsın”.    

Afaq Bəşirqızı sənət adamlarının dəfnindən də danışdı:

“Aktyor rəhmətə gedir, saat 5-6-ya qədər meyit ortalıqda qalır. Səbəb nədir? Hələ xəbər gəlməyib ki, o, harada dəfn olunacaq. Moskvada tanınmış sənətkarların, incəsənət xadimlərinin qəbirləri var. Novodeviçye qəbiristanlığında 5 rubl verib içəri girirsən, qəbirləri ziyarət edirsən, xatirələri yada salırsan. Həmin 5 rublla oradakı xidmətçilər qəbirləri təmizləyirlər, otları təmizləyirlər, çiçək əkirlər, qəbirlər arasına asfalt çəkirlər. Niyə biz bunu etmirik? Sənin bir qarnın var, tıx, amma sən camaatı nəzərə al ki, onun çörəyini tıxırsan. Sən onların ruzisini kəsmə, Allah sənə ruzi verəcək. Bir qarın nə qədər tutar? İnsan nə qədər acgöz olar, nə qədər ələ baxar? Məgər mənim ehtiyacım yoxdur? Biz dolanırıq, Allaha şükürlər olsun ki, pis dolanmırıq. Bəs sənə nə düşüb ki, səndə çox olmalıdır? Öz də yetimlərin haqqını kəsə-kəsə.

Sonra da deyirik ki, bunu yazma, bunu demə, yaxşı deyil, ayıbdır. Təsəvvür edin, gəncliyinin, yaradıcılığının, ömrünün elə bir çağında müəyyən adam tərəfindən elə bir zərbə alıb ki, indi yanıb tökülür. Nə etsin? İstedadı sındırmaq, yarı yolda qalmaq dəhşətdir. Hər yaşın öz müddəti var”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR