İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Füzulidəki Mərkəz Azərbaycan-Qazaxıstan münasibətlərinin simvoludur”

596 12.03.2024 17:40 Yazarlar A A

Bu gün dövlətimizin əsas amallarından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində Təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli sıx münasibətlər qurmaq, qarşılıqlı fəaliyyəti göstərərək dövlətlərimizin güclənməsidir. Xüsusilə Azərbaycan-Qazaxıstan münasibətləri bu gün tarixin ən parlaq dövrünü yaşayır, iki qardaş xalqın ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olması ilə bərabər əməkdaşlıq ən yüksək zirvədədir. Məhz iki qardaş ölkə istər ikitərəfli, istərsə də beynəlxalq aləmdə bir-birinə yüksək dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında eləcə də, digər beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi mənafelərə uyğundur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkələrimiz arasındakı dostluq münasibətlərinin, Prezident İlham Əliyevin və Kasım-Jomart Tokayevin səmimi münasibətləri nəticəsində əlaqələrimiz daha da dərinləşib.Məhz dövlət başçılarının qarşılıqlı çoxsaylı səfərləri iqtisadi, ticarət və siyasi münasibətlərimizə geniş töhfə verməkdədir. Prezident İlham Əliyevin qardaş ölkəyə ilyarım ərzindəki 4 səfəri, eləcə də Qazaxıstan Prezidentinin çoxsaylı səfərləri ölkələrimizin münasibətlərinin daha da sıx olmasına xidmət edən faktordur.

Bu gün Qazaxıstanla bir çox sahələrdə apardığımız qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur, eləcə də, dövlətlərimiz arasındakı münasibətlərə xüsusi xidmət edir. Məhz TransXəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verməklə yanaşı, həm də rəsmi Bakının vacibliyini göstərir. Qeyd etməliyəm ki, Azərbaycan bu gün tranzit yükdaşımaya evsahibliyi edir, Şərqdən-Qərbə ticarət dövriyəsinin əsas daşıması məhz ölkəmizin ərazisindən tranzit keçidlə istifadə olunur. Bu təkcə iqtisadi məsələ deyil, həm də bir çox sahələrdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir.

Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu olduqca vacibdir, bütün sahələrdə ölkəmizlə həmrəylik sərgiləyən və strateji tərəfdaşımız olan bu ölkə bizim üçün olduqca vacibdir.

Məhz Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qardaş ölkənin Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa etdirməsi ilə bu Mərkəz həm də dövlətlərimiz arasında olan dostluğun, qardaşlığın əsas simvollarından birinə çevriləcəkdir. Dünən Qazaxıstanın dövlət başçısının ölkəmizə səfəri, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Səfər zamanı imzalanmış sənədlər çox sahələrdə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcəkdir. Mətbuata birgə açıqlamalar zamanı qarşılıqlı münasibətlərə verilən dəyər bir daha öz əksini tapıb.

Qardaş ölkənin hər zaman ərazi bötüvlüyümüzü dəstəkləməsi və münaqişənin dinc yolla nizama salınması ilə bağlı Ermənistana verdiyi ciddi mesajlar olduqca mütərəqqidir. Qeyd etməliyəm ki, Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsi həm də Azərbaycanın dostlarının qələbəsi idi.

Məhz 30 ilə yaxın müddət ərzində məcburi köçkün kimi yaşamış vətəndaşlarımız artıq öz dədə-baba yurdlarına geri dönüblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə başlanılmış genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində yaşayış kompleksləri tikilmiş, bağça, məktəb, xəstəxana kimi vacib infrastrukturlar yaradılmışdır. Bu gün Azərbaycan və Qazaxıstan dövlət başçısının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etməsi, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduqca əlamətdar hadisədir. Dövlət başçılarının Füzuli şəhərində inşa olunmuş bu məktəbin açılışı zamanı incəsənət xadimləri ilə yanaşı gələcəkdə bu məktəbdə təhsil alacaq uşaqlarla görüşməsi böyük əhəmiyyət kəsb edir.

Qazaxıstan tərəfindən tikilərək xalqımıza hədiyyə olunmuş Mərkəzi, Azərbaycan xalqı da yüksək qiymətləndirir, dövlətimizin və xalqlarımızın arasındakı dostluğun simvolu hesab edir.

Eləcə də, qardaş ölkə ilə aramızda parlamentlərarası işçi qruplar fəaliyyət göstərir, hazırda rəhbərlik etdiyimiz Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupu tərkibində ən çox üzv olan işçi qruplardan biridir. Qarşılıqlı təcrübənin öyrənilməsi, parlamentlərarası əməkdaşlıq mənafelərimizə uyğun olmaqla bərabər hər iki dövlətin dostluğuna xüsusi töhfə verir.

Adil_Eliyev (5).jpg (387 KB)

Adil Əliyev,
Vitse-spiker

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR