İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı Zamir, özü “za mir” – Aeroportda plakat əhvalatı

2422 29.05.2022 23:58 Yazarlar A A

 

Günün ən məzəli xəbəri Rusiyadan gəlib. İnformasiya məkanında yer alan məlumata görə, Moskvanın hava limanında əlində "Ya Zamir" yazılmış plakat tutan Azərbaycan vətəndaşını saxlayıblar ki, rus ordusunu nüfuzdan salmaq niyyəti güdüb.

Bu xüsusda qeydi məşhur rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb. Postsovet məkanı Şenderoviçi vaxtilə çox populyar olan “Kuklalar” verilişindən tanıyır (o verilişin bir kopyası bizdə də vardı). Adam satirikdir, belə şeyləri tapır, yığır, yayır. Hazırda Şenderoviç İsraildə yaşayır, Putinə qarşıdır, amma Rusiyadan yanadır. Yəni o, hesab edir ki, Rusiya nə edirsə, düz edir, amma Putin həmişəki kimi səhv yoldadır.

İndi bu şəxsin yazdığına görə, Rusiyanın hüquq-mühafizə orqanları “Ya Zamir” plakatı tutan azərbaycanlının bu yazısını sülhə çağırış ("Я за мир"in tərcüməsi "Mən sülh tərəfdarıyam"dır) kimi başa düşdüyü üçün saxlayıb. Sonra aydın olub ki, həmvətənimizin adı doğrudan da Zamirdir. Ona görə də onu sərbəst buraxıblar.

Burası gerçəkdir, Azərbaycanda Zamir adlı adamlar var (biri də bizim kənddə vardı), ona görə də onun uydurma olması inandırıcı deyil, fəqət yenə də ortada bir neçə müəmma var. Yəni Rusiyanın hüquq-mühafizə orqanları Zamiri elə-belə buraxardılarmı? Ağlabatan deyil.

Bundan qabaq, Ukraynada müharibə yeni başlayan vaxt həmin hüquq-mühafizə orqanları ictimai yerdə təkbaşına duraraq ağ kağız qaldıran bir adamı boyunlayıb içəri basmışdılar. Çünki onlar məşhur sovet lətifəsini bilirdilər. Bilməyənlər də bilsin: sovet dövründə bir yəhudi ağ kağızı başının üstünə qaldıraraq aksiya keçirir. Adamdan soruşurlar ki, bu nə hərəkətdir? Deyir, ölkədəki haqsızlıqlara, ədalətsizliklərə, neqativ hallara etiraz edirəm. Deyirlər, bəs niyə heç nə yazmamısan, cavab verir ki, niyə yazım, onsuz da hamı hər şeyi bilir.

Bax, eynən belə bir hərəkət edən şəxsi saxlamışdılar ki, sən bu aksiya ilə Rusiyanın Ukraynaya hücumuna etiraz edirsən. Sonrası necə oldu, bilinmədi. Amma görünür ki, rus poqonlular yanılmamışdılar, həmin şəxsin niyyəti doğrudan da müharibəyə etiraz etmək olmuşdu. Yoxsa ta niyə aksiya keçirirdi?

Yəqin ki, bizim Zamir də elə bir niyyətdə olub, adının xüsusiliyindən istifadə edib, qəlbinin dəruni guşəsindəki hissləri o cür büruzə verib. Adama deməzlərmi ki, sən durduq yerdə öz adını niyə kağıza yazıb hamıya göstərirsən, nəyinə lazımdır...

Düzdür, hava limanlarında belə bir qayda var, amma adətən kağıza qarşılanan qonağın adını yazırlar və çıxışda durur, təyyarədən enən sərnişinlərə göstərirlər.

Yadımdadır, bir dəfə Türkiyəyə gedəndə bizimlə eyni təyyarədə uçan bir nəfər çıxışda kərəvəngə qalmışdı ki, onu qarşılamalı olan adam ortada yoxdur, bu da hara gedəcəyini bilmir. Az sonra məlum oldu ki, adam ordaymış, əlində qonağın adı yazılmış kağız da tutubmuş, intəhası, soyadın önünə Mr. (yəni mister) yazıb və bir-iki səhv buraxıb, nəticədə belə bir şey alınıb: “ Mr. Ksalilov”. Adamın soyadı isə Xəlilov idi. Kimin ağlına gələr ki, Mirksalilov yazarkən Xəlilovu nəzərdə tutublar.

Rusiyanın hüquq-mühafizə orqanlarının “Mən sülh tərəfdarıyam” şüarı, plakatı qaldıranları həbs etməsi isə tamam biabırçılıqdır. Sülh tərəfdarı olmağın cinayət və ya qəbahət sayılması harada görünüb? Əksinə, “müharibə tərəfdarıyam” deyən saxlanılmalıdır ki, adam qan-qadaya, faciəyə, qətliama çağırış edir.

Həm də Rusiya təbliğatçıları demirmi ki, bizim ordu Ukraynaya sülh gətirmək istəyir və keçirdikləri “xüsusi əməliyyat” da sülhməramlıdır? Bəlkə Zamir və digər “za mir” olanlar məhz rus ordusunun “mir”inə “za”dırlar.

Hərçənd sovet dövründə olduğu kimi, yenə də hamı hər şeyi bilir.

Həmvətənimizin isə bəxti gətirib - əgər Şenderoviçin yazdığı kimi olubsa, sərbəst buraxılıbsa...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR