İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri təbrik edilib FOTO

558 07.03.2023 18:10 Sosial A A

Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qız övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilib.

Musavat.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül çiçəkləri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, ölkəmizin  ictimai həyatına və fəaliyyətinə verdikləri töhfələrdən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirib ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində  qadınlarımızın böyük əməyi var. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən Müharibəsində düşmənə ağır zərbə vurub və xalqımız şanlı Zəfər qazanıb. Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan Abdin Fərzəliyev şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını bildirib.

Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıblar. Vətən müharibəsi qaziləri Vasif Allahverdiyev və Vidadi Əliyev də xanımları təbrik etmiş, birgə döyüş yolu keçmiş şəhidlərin xatirələrini hər zaman əziz tutduqlarını qeyd ediblər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur qazanmış xanımlar Fəxri Fərman ilə mükafatlandırılıblar.

Sonda Vətən müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunb, hədiyyələr təqdim edilərək bayramları təbrik edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR