İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Putinsiz Rusiyanı qoruyacaq: Bu nəhəng ölkənin dağılması apokalipsis yaradar

2721 30.05.2022 16:33 Analitika A A

ABŞ və Qərbin Rusiyanın bir dövlət kimi parçalanaraq, dağılmasına hazır olmadığı qətiyyən şübhə doğurmur... Rusiyanın dağılması vətəndaş müharibələri, qeyri-rus millətlərin silahlı münaqişələri, Qərbə axışacaq onmilyonlarla qaçqın, Avropada kəskin humanitar və enerji böhranı deməkdir...

Ukrayna savaşının hələ uzun müddət davam edəcəyi artıq şübhə doğurmur. Ancaq bu savaşın nə qədər uzun sürəcəyi müəmmalı xarakter daşıyır. Çünki, savaşın dayandırılması hazırda müharibənin iştirakçı dövlətlərdən - Rusiya və Ukraynadan demək olar ki, asılı deyil. Yəni, Ukrayna savaşı onu ssenariləşdirən beynəlxalq mərkəzlər qərar verəcəyi təqdirdə, dayandırıla bilər.

Təbii ki, bu savaşı planlaşdıran mərkəzlərin, xüsusilə də, ABŞ və Böyük Britaniyanın konkret hədəfləri mövcuddur. Sülh qərarı üçün də məhz həmin hədəflərin böyük ölçüdə reallaşması lazımdır. İlk və əsas hədəfin isə Rusiyada hakimiyyət dəyişikliyi olduğu qətiyyən şübhə doğurmur. Və bu, hazırda Ukrayna savaşının ssenaristləri üçün strateji hədəfdir.

ABŞ və Qərb Rusiyada hakimiyyət dəyişikliyi planları üzərində uzun müddət idi ki, işləyirdi. Ancaq Rusiya prezidenti Vladimir Putinin qurduğu hakimiyyət sisteminin dayaqları möhkəm olduğundan həmin planlar reallaşmamış qalırdı. ABŞ və Qərbin bu məsələ ətrafında davamlı uğursuzluğu isə prezident Vladimir Putinin hakimiyyətini daha da möhkəmləndirirdi. Və Kreml sahibi hətta dünyada ən nüfuzlu dövlət lideri arasında da öz yerini bərkitmişdi.

1219151_n996247rxm.jpg (73 KB)

Amma ABŞ və Qərbə güclənən və dünya üzərində öz hegemonlunu artıran Rusiya olduqca ciddi problemdir. Avropa qitəsini öz enerji resurslarından asılı vəziyyətə salmış Putin Rusiyası ABŞ-ın və Avropa Birliyinin süqutuna səbəb ola biləcək əsas faktorlardan biri hesab olunur. Və ona görə də, Rusiyanın zəiflədilməsi, bunun üçün də prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması lazımdır.

Təbii Qərbdə keçmiş SSRİ-nin süqutundan sonra, prezident Vladimir Putinin hakimiyyətə gəlişindən əvvəl mövcud olan Rusiyanı hələ unutmayıblar. Həmin Rusiyanı idarə etmək ABŞ və Qərb üçün daha asan idi. Hətta həmin dövrdə Rusiyanın tədricən dağılaraq, bir dövlət kimi dünya xəritəsindən tamamilə silinəcəyini proqnozlaşdırmağa başlamışdılar. Sadəcə, prezident Vladimir Putinin hakimiyyətə gəlişindən sonra baş verənlər həmin proqnozları boşa çıxartdı.

İndi ABŞ və Qərb Rusiyanı yenidən Putin hakimiyyətindən öncəki dövrə qaytarmağa çalışırlar. Bu hədəfə çatmaq üçün isə ilk növbədə Rusiyada hakimiyyətin dəyişməsi vacib şərtdir. Prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması planları hələ Rusiyada keçirilmiş sonuncu parlament seçkiləri ərəfəsində işə salınmışdı. Rusiyanın parlament seçkilərindən öncə daxili böhrana sürüklənməsi və Kremlə qarşı kütləvi iğtişaşların törədilməsi ilə prezident Vladimir Putinin hakimiyyətinə son verilə biləcəyinə ümid bəsləyirdilər. Ancaq bu planda baş tutmadı, Putin hakimiyyəti parlament seçkilərindən daha da güclənərək, çıxdı.

Nəticədə Rusiyaya qarşı daha radikal, həm də çox riskli savaş ssenarisi işə salındı. Savaşın başladığı ilk günlərdən məlum idi ki, əsas hədəf məhz prezident Vladimir Putin seçilib. Bunu hətta ABŞ prezidenti Co Bayden də açıq mətnlə bəyan etmişdi. O, bildirmişdi ki, Ukrayna savaşı prezident Vladimir Putin hakimiyyətdən gedənə qədər davam edəcək. Və bu, Kremldə də ciddi narahatlıq doğuran məsələdir.

b1f20f25-2a03-4d24-8412-48de557ffd5a.jpg (86 KB)

Məsələ ondadır ki, Kremldə də Putinin əsas hədəf olduğuna qətiyyən şübhə etmirlər. Hətta Rusiya siyasi dairələri bu məsələdən belə, ABŞ və Qərbin nüvə savaşı ilə şantaj olunması məqsədilə istifadə etməyə çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev prezident Vladimir Putinin hakimiyyətdən çəkilməsinin bütün dünya üçün fəlakət doğura biləcəyini vurğulamışdı. O, bildirmişdi ki, bu halda Rusiya parçalanacaq, nəhəng ölkədə xaos yaranacaq, Rusiyanın nüvə silahı təhlükəli qüvvələrin əlinə keçəcək.

Əslində, belə bir ssenari o qədər də reallıqdan uzaq görünmür. Yəqin ki, ABŞ və Qərb həqiqətən də Putinsiz Rusiya ssenarisini reallaşdırmaqda davam edəcəksə, deməli, belə qlobal təhlükə ehtimalına da hazır olmalıdır. Çünki, Putin olmadan Rusiyanın parçalana biləcəyini yalnız D.Medvedev proqnozlaşdırmır. Hər halda, bir müddət öncə Çinin dövlət telekanalında parçalanmış və qonşu ölkələr arasında bölüşdürülmüş Rusiya xəritəsini yayması qətiyyən təsadüf ola bilməzdi. Nəzərə almaq lazımdır ki, Çin artıq uzun müddətdir ki, Rusiyanın zəngin şərq ərazilərinə sahiblənmək ümidləri içərisindədir.

Bu barədə son açıqlamaya isə prezident Vladimir Putinin uzun müddət həbsdə saxlayıb, müflis etdiyi keçmiş Rusiya oliqarxı Mixail Xodarkovski müəlliflik edib. O, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə, Rusiyanı gözləyən dörd ehtimalı açıqlayıb. Putin rejimi dəyişməyənə qədər Avropada sülh əldə olunmayacağını vurğulayan M.Xodarkovskinin fikrincə, Putindən sonra onun tərəfarları hakimiyyəti öz əllərində saxlaya bilərlər, bu baş verməsə, ölkənin parçalanması qaçılmaz olar, müxalif qüvvələrin hakimiyyətə gəlişi və dövlətin ABŞ kimi federallaşması da istisna deyil.

Təbii ki, bu ehtimalların içərisində Rusiyanın dağılması ABŞ və Qərb üçün ən fəlakətli ssenari hesab oluna bilər. Çünki, indiki şəraitdə ABŞ və Qərbin hadisələrin belə inkişafına hazır olduğuna inanmaq sadəlövhlük olardı. Hər halda, Rusiyanın dağılmasının keçmiş SSRİ-nin süqutundan daha ciddi kataklizmlər doğrura biləcəyi qətiyyən şübhə doğurmur.

1646034770_1646029332-750-450.jpeg (226 KB)

Birincisi, belə ssenari ilk növbədə ötən əsrin əvvəllərində olduğu kimi, vətəndaş müharibəsinə yol aça bilər. Bu sıraya qeyri-rus millətlər arasında silahlı münaqişələri də əlavə etdikdə fəlakətin əhatə dairəsini təxmin etmək çətinlik törətməz. Deməli, ABŞ və Qərb, daha dəqiq desək, Avropa Birliyi Rusiyadan gələ biləcək onmilyonlarla qaçqını qəbul etməyə hazır olmalıdır. Yəni, yalnız Rusiya çoğrafiyasında deyil, bütövlükdə Avropa qitəsində humanitar böhran yarana bilər. Üstəlik, bu sıraya dünyada yarana biləcək kəskin enerji böhranını və onun doğuracağı nəticələri də əlavə etmək lazımdır.

Digər tərəfdən, ABŞ və Qərb Rusiyanın parçalanma prosesini Çinə uduza da bilər. Çünki, bu halda, rəsmi Pekin Çinlə həmsərhəd Rusiya ərazilırini, o cümlədən, enerji resursları ilə zəngin çoğrafiyanı ələ keçirə bilər. Nəticədə, dünya hegemonluğu Qərbdən Şərqə keçmiş olacaq. Üstəlik, Çinin daha cəld tərpənərək, Rusiyanın nüvə silahı arsenalına nəzarət imkanları olduğunu da nəzərə aldıqda, vəziyyətin ABŞ və Qərb üçün Rusiyanın taleyindən o qədər də fərqlənməyə biləcəyini ehtimal etmək olar.

Nəhayət, hətta Çinin nəzarətinə keçməsə belə, Rusiyanın nüvə arsenalı dövlətə çevrilməyə imkan tapmamış zəif inzibati siyasi sistemlərin, hətta nəzarətindən çıxmış hərbi qruplaşmaların və terrorçuların əlinə keçə bilər. Və Qərb dövlətlərinin belə fəlakət qaynağını necə zərərsizləşdirə biləcəkləri hələ məlum deyil.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Rusiyanın bir dövlət kimi parçalanaraq, dağılmasına hazır olmadığı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Qərb siyasi dairələri Rusiyanın dağılmasına imkan verməzlər. Yəqin ki, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ABŞ və Qərbin gələcək hədəfləri üçün ən uyğun ssenaridir. Bu, baş verərsə, hətta hakimiyyət prezident Vladimir Putinə bağlı qüvvələrin əlində qalsa belə, ABŞ və Qərb Rusiya siyasi çoğrafiyasını parçalanmadan qorumağa çalışacaq. Çünki, Putindən sonra Rusiya istənilən halda, zəifləyəcək, ABŞ və Qərbin tələblərinə daha həssas olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR