İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəhəngləri Bakıda - Strateji Tərəfdaşlıq Xartiyası yekunlaşır

886 09.02.2026 15:46 İqtisadiyyat A A

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

LtdHYN9lLqEHVnzKJ2NdFK7maMLPLVV9kwnsXSD3_825.jpg (125 KB)

ABŞ nəhənglərinin Bakıya səfəri ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir. Bu görüş həmçinin yekunlaşmaqda olan Strateji Tərəfdaşlıq Xartiyası layihəsinin böyük perspektivlər vəd etdiyini göstərir.

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan və ABŞ arasında iqtisadi və siyasi əlaqələrin inkişafı müşahidə olunur.

VUQAR BAYRAMOV.jpg (146 KB)

Deputat qeyd edib ki, xüsusilə siyasi və strateji tərəfdaşlığın dərinləşməsi diqqəti cəlb edir:

“Davos İqtisadi Forumunda ABŞ lideri Donald Trampın təkbətək görüşləri və onlardan yalnız birinin Azərbaycan Prezidenti İlham Əliyevin olması da ondan xəbər verir ki, ABŞ Azərbaycana xüsusi diqqət ayırır. Sözsüz ki, bu, həmçinin, Azərbaycan liderinə olan xüsusi diqqətdir. Bu amillər şübhəsiz ki, iqtisadi əlaqələrə pozitiv təsir göstərir. Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidentini qəbul etməsi Strateji Tərəfdaşlıq Xartiyası layihəsinin yekunlaşmaqda olduğunun təzahürüdür və nəticə etibarilə iqtisadi əlaqələrin dərinləşməsi deməkdir. Sözügedən Xartiya artıq münasibətlərin strateji səviyyəyə qalxmasına və möhkəmlənməsinə imkan verəcək”.

Deputat vurğulayıb ki, Strateji Tərəfdaşlıq Xartiyasının hər iki tərəf üçün xüsusi dividendləri olacaq:

“Bu sənəd ticarət əlaqələrinin güclənməsinə, fərqli sahələrdə sərmayə qoyuluşlarının artmasına, ABŞ-dən daha çox texnologiya və innovasiyanın cəlb edilməsinə şərait yaradacaq. Xartiya qəbul olunduqdan sonra ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsini və strateji əlaqələrin praktiki olaraq güclənməsini müşahidə edəcəyik”.

Qeyd edək ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə İşçi Qrupun rəhbəri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovdur.

Layihənin hazırlanması üzrə Strateji İşçi Qrupunun tam tərkibdə ilk iclası onlayn formatda ötən il dekabrın 19-da keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib. İclas zamanı 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Yanvarın 30-da isə Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Görüşdə cari regional vəziyyət, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Onu da qeyd edək ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün 6 ay vaxt ayrılmışdı. Bu müddət isə bu ay bitib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR