Amerika Birləşmiş Ştatları ilə İran arasında kəsilmiş diplomatik danışıqların yaxın günlərdə İsveçrədə yenidən bərpa oluna biləcəyi barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın "Axios" nəşrinin əldə etdiyi eksklüziv məlumatlara görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff artıq İsveçrəyə yola düşüb, digər amerikalı nümayəndə Cared Kuşner isə artıq həmin ölkədədir. Mənbələr İranın xarici işlər naziri Abbas Araqçinin də şənbə günü İsveçrəyə gələ biləcəyini, lakin Tehranın bu barədə hələlik yekun qərar vermədiyini bildirirlər.
Nəşr xatırladır ki, tərəflər arasında aparılan danışıqlar bir müddət əvvəl İsrail ordusunun Livanın cənubuna endirdiyi intensiv hava zərbələri səbəbindən təxirə salınmışdı. İnsayderlərin sözlərinə görə, rəsmi Tehran Vaşinqtona kəskin ismarış yollayaraq bəyan edib ki, Livanda atəşkəsin təmin olunması məsələsi İran üçün dialoqun davam etdirilməsinin ən əsas və dəyişməz şərtidir. Yaranmış gərginliyi aradan qaldırmaq və tərəfləri yenidən eyni masa arxasına oturtmaq üçün ABŞ və İran arasında əsas vasitəçilərdən biri olan Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani artıq İsveçrəyə gəlib.
Musavat.com






