İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Zəngəzura yerləşmək istəyi - ilk addım şampanla atıldı

738 18.07.2024 11:01 Siyasət A A

Amerika səfirliyinin Qafandakı tədbiri haqlı suallar yaradıb - onlar da konsulluq aça bilər 

ABŞ-ın Ermənistandakı səfirliyi bildirib ki, ilk dəfə olaraq Zəngəzur vilayətinin Qafan şəhərində bu ölkənin müstəqillik gününə həsr olunmuş bayram tədbiri keçirib. “Bakı-xeber.com” yazır ki, təcrübədə ABŞ hər zaman müstəqilliyinin ildönümü ilə bağlı İrəvanda bayram qəbulu təşkil edib. Amma burada diqqəti çəkən odur ki, ilk dəfədir şənlik ziyafəti vilayətlərdə, Qafanda təşkil olunur. 

Məlumdur ki, İran Qafanda baş konsulluq açıb. Bununla bağlı İran səfiri elan edib ki, indi İran Qafandadır və Zəngəzur sakinləri təhlükəsizlik baxımından rahat ola bilərlər. Rusiya Qafanda baş konsulluq açmağı elan edib və konsulluğun 2024-cü ilin sonuna kimi açılacağına ümid etdiyini bildirib. Fransanın xarici işlər naziri Ketrin Kolonna da 2023-cü ilin yazında ölkəsinin Qafanda konsulluq açmaq niyyətini açıqlayıb. Sirr deyil ki, ABŞ da Zəngəzura nəzarət mexanizmi əldə etməyə çalışır. İddialar var ki, hətta ola bilsin, Rusiyanı Zəngəzura nəzarət planından vaz keçirmək üçün ABŞ İranla ortaq hərəkət etsin. Çünki ABŞ da, İran da istəyir ki, Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olsun. Hansısa eksterritoriallıqdan söhbət getməsin. ABŞ-ın rəsmi olaraq ilk dəfə Qafanda diplomatik tədbir təşkil etməsi orada hətta konsulluq açmaq istəyi ilə də bağlı ola bilər".

Bəhruz Məhərrəmov: "Azərbaycan tarixin heç bir dövründə bu qədər güclü  olmayıb"

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsi və bu qələbə nəticəsində Şərqi Zəngəzur və Qarabağın işğaldan azad edilməsi, Qarabağ iqtisadi rayonunun separatçılardan tam və qəti formada təmizlənməsi yeni geosiyasi reallıqları diktə etməyə başlayıb: “Cari situasiyanın xarakterik xüsusiyyətlərindən biri, heç şübhəsiz ki, Azərbaycanın qlobal əhəmiyyətə malik kommunikasiya xətləri, konkret desək, Şərq-Qərb dəhlizi üzərində nəzarət imkanlarını istisnasız olaraq möhkəmləndirməsidir. Məhz bu amil regionda kommunikasiya xətləri üzərində hökmranlıq niyyətinə düşən Qərb imperializmi üçün düyün nöqtəsinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin etməsinə Qərb imperializminin münasibəti birmənalı olmamış, hətta Fransanın timsalında Bakının BMT Təhlükəsizlik Şurasında ittiham olunması cəhdlərinə şahidlik etdik. Lakin Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli tədbirlər, o cümlədən beynəlxalq arenada uğurlu fəaliyyət bu cəhdləri neytrallaşdırmış, əksinə, Azərbaycanın əks-hücumu ilə qarşı tərəf özü müdafiə olunan vəziyyətinə düşmüşdü. Bu gün cari situasiyada Orta dəhliz üzrə Qərbin bərabərhüquqlu olmayan tərəfdaşlıq zəminində möhkəmlənə biləcəyi yeganə coğrafiya Ermənistandır. Bu mənada, Orta dəhlizin mühüm elementi sayılan Zəngəzur dəhlizinin keçdiyi ərazi Qərbin xüsusi olaraq diqqətini cəlb etməyə başlayıb. Lakin unutmaq olmaz ki, bu bölgə həmçinin Rusiya və İranın da maraqlarının ehtiva olunduğu nöqtəyə çevrilib və adıçəkilən beynəlxalq subyektlər regionla bağlı niyyətlərini gizlətmir. Ermənistanda isə suveren dövlətçilik ənənələrinin olmaması İrəvanı çətin duruma salmış, faktiki olaraq marionet hakimiyyət adıçəkilən beynəlxalq subyektlərin heç birinə yox demək iradəsini göstərə bilməməkdədir. Nəticədə, qeyd olunan subyektlərin, demək olar ki, hamısı - Rusiya, İran, Amerika Birləşmiş Ştatları və Fransa Zəngəzur dəhlizi yaxınlığında, konkret olaraq Qafanda sanki "baş konsulluq açmaq yarışı"na giriblər. 10 noyabr bəyanatında rəsmən təsdiqləməsinə baxmayaraq Ermənistanın hələ də Zəngəzur dəhlizinin realizəsinə imkan verməməsinin kökündə də məhz qeyd olunan subyektlərin maraqlarının toqquşması dayanır. İndiki məqamda Ermənistanın yeganə çıxış yolu Azərbaycanla ikitərəfli razılıq əldə edərək məhz bu iki ölkənin iradəsi çərçivəsində Zəngəzur dəhlizinin realizəsinə imkan və şərait yaratmaqdır. Əks halda, Ermənistan bu gün baş konsulluq adı altında bölgəyə nüfuz edən beynəlxalq subyektlərin təzyiqi ilə oyundan kənarda qalmalı olacaq".

Əhəd Məmmədli evləndi - FOTO Pravda.az

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də dedi ki, Zəngəzur dəhlizi geopolitik proje olaraq region və dünya güclərinin maraqlarını cəlb edir: “Həm də son 4 ildə gündəmə gəldiyi üçün istər-istəməz böyük dövlətlərin maraq və diqqətinə səbəb olub. ABŞ-a gəldikdə isə onların bu addımını həm də son Azərbaycan-Çin yaxınlaşması ilə əlaqələndirirəm. Zəngəzur dəhlizinin əsas maraqlı tərəflərindən biri də Çin sayılır. Zəngəzur dəhlizinə alternativ proje ABŞ-ın dəstəklədiyi Hindistan variantı da var. Görünən odur ki, Çinlə ABŞ bu iki proje arasında da rəqabətdədirlər. Çin-Azərbaycan yaxınlaşması, görünür, ABŞ-ı narahat edir. Üstəlik, Ermənistanı dəstəkləmək kampaniyasında da geriyə düşməmək üçün Qafanda nəsə açmaq üçün amerikalılar da özlərini irəliyə atıblar. Zəngəzur dəhlizinin həyata keçməsi üçün Azərbaycan-Türkiyə-Rusiya-Çin-Britaniya maraqları üst-üstə düşür. Bu beşliyə qarşı regionda Ermənistan-İran-Fransa-Hindistan-ABŞ beşliyi durur. Aydın məsələdir ki, Qafanda müxtəlif ölkələrin konsulluqlarının qurulması Ermənistanı Azərbaycandan qorumaq amacı güdür. Belə bir vəziyyətin Azərbaycan üçün üstün tərəfi odur ki, artıq Zəngəzur məsələsi strateji reallığa çevrilib. Bu o deməkdir ki, Azərbaycan öz meydanından rəqib meydana məsələləri həll etməyə keçib. Düzdür, necə deyərlər, oyun uzandıqca təkcə tərəflər deyil, həm də "stavkalar" artır. Bu da böyük “kuş” götürməyə imkanlar yaradır. Fikrimcə, sonunda Zəngəzur dəhlizi açılacaq, amma necə kim(lərin)in nəzarəti altında, bax burada Azərbaycan tərəfi çalışmalıdır ki, uduşlu çıxsın".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin də bu istiqamətdəki fikirləri diqqətçəkəndir: “ABŞ hər zaman regionumuzda bu və ya digər formada, müxtəlif qlobal mahiyyətli layihələrlə təmsil olunub. 44 günlük müharibədən sonra Ali Baş Komandanın rəhbərliyində yaradılan yeni geosiyasi reallıqda isə ABŞ-ın mövqeləri hələ ki tam olaraq təmin edilməyib. Bütün tərəflər, o cümlədən Rusiya, İran, Avropa və ABŞ öz maraqlarını təmin edən nizamın təsis olunması üçün çalışır. Bu nizamda Zəngəzur dəhlizi mühüm bağlayıcı olacağına görə, tərəflərin öz siyasi institutları ilə bu bölgəyə axın etməsinə, bədii ifadə ilə sanki "səlib yürüşü" etməsinə şahidlik edirik. Ermənistanın hamisi rolunda çıxış edənlər buradakı konsulluq idarələri ilə gələcəkdə burada baş verən qlobal siyasi-iqtisadi hadisələri müşahidə imkanlarını artırmağı düşünürlər. Sanki hamısı Ermənistanın xilasına tələsir. Lakin əslində əsas məqsədləri öz mövqelərini möhkəmləndirməkdir. İranın yeni Prezidenti etnik türk-azərbaycanlı olsa da, o belə İranın “qırmızı xətt”lə bağlı ritorikasını yenilədi. Hər kəs Zəngəzurun Azərbaycan-Türkiyə tandeminin nəzarətinə keçməsindən və Türk dünyası dəhlizi olmasından narahatdır, lakin bir o qədər də açılmasında maraqlıdır, ABŞ da həmçinin. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin ən son açıqlamada “qarşılıqlı güzəştlər”dən bəhs etməsini, yaxud O’Brayenin Bakı səfərində Çindən Avropaya Azərbaycan-Ermənistan-Türkiyə üzərindən alternativ marşrutun açılmasının vacibliyindən bəhs etməsini xatırlatmaq yerinə düşər. Lakin sual yaranır. Hansı güzəştlərdən söhbət gedir? Hansı şərtlər qoyulur? Düşünürəm ki, tərəflər Azərbaycanın gömrük nəzarətsiz keçid mövzusunda təkidinə dair güzəşt istəyirlər. Bunu eksterritoriallıq tələbinə dair güzəşt də adlandıra bilərik. Beləcə, onların dizayn etdiyi sülh istiqamətində əsas maneələrdən biri aradan qalxmış olar. Lakin Azərbaycan qalib tərəf olaraq təbii ki, ilkin olaraq milli maraqlardan çıxış edir və edəcəkdir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR