İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ilk vasitəçilik “həmləsi”: Amerika Bakı və İrəvana hansı sülh sənədi hazırlayır?

1799 14.01.2023 09:40 Siyasət A A

Ağ Evin Azərbaycan-Ermənistan danışıqlarında baş “skripkaçı” olmaq istəyinə ikili reaksiya

Yanvarın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olması barədə xəbər verilib. Eyni gündə xanım Donfrid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da danışıb.

Azərbaycan XİN-in məlumatında deyilir ki, söhbət zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər. Nazir C.Bayramov postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib. C.Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib, konkret faktlar gətirib. Bu, təzə ildə yüksək çinli ABŞ diplomatının Bakı və İrəvana ilk zəngidir. Az öncə dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə tezliklə görüşəcəyi haqda anons vermişdi. Belə görünür, hədəf Azərbaycan-Ermənistan sülh danışıqlarına kifayət qədər yüksək səviyyədə yeni stimul verməkdir. Amma bu, mümkün olacaqmı?

Qeyd edək ki, Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində Fransa-Ermənistan cütlüyünün birgə destruktiv siyasəti nəticəsində Brüssel platformasının faktiki öz aktuallığını itirdiyinə diqqət çəkib. Qalır ABŞ və Rusiya. Ancaq məsələ ondadır ki, Rusiyanın sülh səyləri heç də beynəlxalq hüquqa söykənmir. Çünki Moskva sülh müqaviləsi mətninə ərazi bütövlüyümüzü bəri başdan şübhə altına alan “Dağlıq Qarabağ konfliktinin həlli sonraya saxlanılır” təxribatçı bəndini əlavə eləmək istəyir. Bu, əlbəttə ki, həm Kremlin bölgə ilə bağlı uzaq perspektiv (hərbi) maraqlarına hesablanıb, həm də İrəvanın ərazi iştahana tam uyğundur. Azərbaycan sözsüz ki, belə variantı rədd edir və edəcək. Bəs ABŞ? Vaşinqton Rusiyadan fərqli, ədalətli sülh sənədi layihəsi ortaya qoya biləcəkmi?

Yada salaq ki, Birləşmiş Ştatlar da vaxtaşırı İrəvanın qulağına xoş gələn ritorikadan istifadə edib. Elə Karen Donfridin özü, yaxud ABŞ-ın Ermənistandakı missiyası təzəcə başa çatan səfiri Linn Treysi zaman-zaman “Dağlıq Qarabağ konflikti bitməyib” kimi absurd bəyanatlar veriblər, Filip Riker isə sanki Bakının acığına mövcud olmayan Minsk Qrupuna yeni həmsədr təyin edilmişdi və artıq istefa verib. Halbuki tərəflər arasında sülh sazişinə nail olmaq üçün dağa-daşa çıxmağa lüzum yox. İlham Əliyevin vurğuladığı kimi, 5 məlum prinsipi əsas götürmək yetər: “Biz bu 5 prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz”.

Belə fikir də var ki, ABŞ üçün Qarabağ məsələsinin hansı şəkildə həll olunmasının əhəmiyyəti yoxdur. Əsas odur, müəyyən bir həll yolu olsun və Rusiyanın regiondakı təsir imkanları zəifləsin.

Maraqlıdır ki, bu arada ABŞ-dan davamlı şəkildə Laçın yolundakı vəziyyətlə bağlı “narahatlıqlar” eşidilməkdədir. Ermənilərin saxta təbliğatına uyan amerikalı rəsmilər həqiqəti görməzdən gələrək Azərbaycanı günahlandırmağa çalışırlar. ABŞ Senatının üzvləri Bob Menendez və Cek Rid də ötən gün ABŞ dövlət katibi Entoni Blinkenə göndərdikləri məktubda Laçın yolundakı aksiyadan “narahat olduqlarını” yazıblar. İddia ediblər ki, Azərbaycanın Qarabağı “blokada”da saxlaması 2020-ci il müharibəsindən sonra hələ də sağalmayan, onsuz da zəif olan region üçün dağıdıcı nəticələrə səbəb olur.

ABŞ-ın rəsmi şəxsləri də çox həyəcanlanıb, baxmayaraq ki, Qarabağ ermənilərində heç o qədər həyəcan sezilmir, Vardanyan isə “həyat yolumuz var”, - deyə, bağırır. Bu mərhələdə Rusiyanın rəsmi mövqeyi daha normal təsir bağışlayır. Əslində bu, təbiidir, çünki təkcə 13 yanvarda Rusiya hərbi kontingentinin 19 yük maşını Laçın yolu ilə hərəkət edib, ərzaq və digər ehtiyatlar daşıyıb. Belə olan təqdirdə tərəfsiz “vasitəçi” olmağa cəhd göstərən ABŞ-ın cəhdlərinin hansı sonluqla bitəcəyi sual olunur. Bəs ekspertlər necə düşünür, Vaşinqton, yaxud Moskva Bakının təkliflərini bazis kimi götürəcəkmi?

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Vaşinqton 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına göz yumub: “Təəssüflər olsun ki, bu günə qədər rəsmi Vaşinqtonun vasitəçilik missiyası praktiki olaraq yararlı olmayıb. Ermənistanın gah Rusiya, gah İran, gah Fransa vasitəsiylə sülhü sabotaj cəhdlərinə ABŞ səssiz qalır”.

T.İsmayılov qeyd etdi ki, Moskva, yaxud Vaşinqtonun Bakının təkliflərini bazis kimi götürmək ehtimalları o qədər real görünmür: “Çünki ölkəmiz beynəlxalq hüququn ən ali prinsiplərinin təmin edilməsi məsələsində böyük haqsızlıqlara məruz qalıb. ABŞ Rusiyanın bölgədə aktivliyini həzm edə bilmir. Eyni zamanda, Rusiya aqressiyasının ziyanlarını yaxşı dərk etdiyi üçün Vaşinqton bölgədə sabitlikdə daha maraqlıdır”.

Ekspert hesab edir ki, bundan sonra Cənubi Qafqazda ABŞ və Rusiya qarşıdurması daha da dərinləşəcək: “Bizim üçün önəmli olan isə qlobal nizamın bərqərar olunmasıdır”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ vasitəçiliyi yeni ildən başlayaraq daha qabarıq şəkildə özünü göstərir: “ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə zəngi və yeni görüşü planlaşdırması ondan xəbər verir ki, Ağ Ev prosesi müsbət məcrada davam etdirməkdə maraqlıdır. Bu günlərdə Gürcüstanın baş naziri İrəvana səfər etmişdi. Bu mənada hesab edirəm ki, Tiflisdə ABŞ-ın təşəbbüsü, Gürcüstan da vasitəçiliyi üzərinə götürməsi ilə Azərbaycan-Ermənistan görüşü təşkil edilə bilər. Gürcüstan da bu məsələdə maraqlıdır. ABŞ-ın yanaşmasi Azərbaycanın irəli sürdüyü şərtlər daxilindədir və Vaşinqton gündəliyi buna uyğun tərtib edilib. Vaşinqton hətta Tiflisdə Azərbaycan və Ermənistan liderlərinin görüşünü də təşkil edə bilər. Yəni ABŞ daha səmimidir və regionda geosiyasi mövqeyi Azərbaycanla birgə olmağı diktə edir”.

M.Əsədullazadənin sözlərinə görə, əgər Vaşinqton Ermənistanın mövqeyini müdafiə edərsə, bu, Rusiyanın maraqlarına cavab verər: “Ona görə də burada praqmatik mövqe ortaya qoyur. Rusiya isə, əksinə, Qarabağa status tələb edir və bu da Rusiyanın regionda qalıcılığı deməkdir. Ona görə də bizim üçün və region üçün ədalətli həll yolu yalnız Vaşinqton gündəliyinin əsas tutduğu Azərbaycanın 5 prinsiplərdən ibarət sülh təklifidir. Buna əks arqumentlər isə sülhə qarşıdır və Azərbaycan buna gedə bilməz”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR