“Qazprom Neft” və “Qazprom”un aktivlərinin ABŞ-ın sanksiya siyahısına daxil edilməsi Vaşinqtonun Serbiya hakimiyyətinə Rusiya kapitalının NIS (Serbiyanın ən böyük neft-qaz təchizat şirkəti) şirkətindən tamamilə çıxarılması ilə bağlı birbaşa tələbini nəzərdə tutur.
Musavat.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç mətbuat konfransında deyib.
O, bildirib ki, ABŞ sanksiyalarının hədəfi Serbiya deyil: "Bu gün, hakimiyyət dəyişikliyindən bir neçə gün əvvəl dünyanın ən güclü ölkəsi - ABŞ NIS-ə qarşı sanksiyalar tətbiq etdi. Serbiya, ən azı iddia edildiyi kimi, ABŞ-ın hədəfi deyil. Bu, geniş miqyaslı zərbə Rusiyaya qarşı, Rusiya şirkətlərinə qarşı yönəlib. Onlar bizdən nə tələb edirlər? Bizdən Rusiya kapitalını NIS AD NOVI SAD-dan tamamilə çıxarmağı tələb edirlər. Biz, əlbəttə, əlavə dəqiqləşdirmələri gözləyəcəyik, lakin sanksiyalar Rusiya kapitalının 49 faiz və ya daha kiçik bir hissəsinin saxlanmasına belə imkan vermir. NIS yalnız normal əməliyyat fəaliyyətini davam etdirə biləcək, lakin mülkiyyət strukturunun transformasiyası prosesi dərhal başlamalıdır. Bu plan ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) və ABŞ hökuməti tərəfindən təsdiqlənməlidir. İlkin bildirişdə Serbiya Respublikası ilə məsləhətləşmələrin mümkünlüyü nəzərdə tutulur, biz sabah bundan istifadə etməyi planlaşdırırıq”.
Vuçiçin sözlərinə görə, Belqrad Rusiya və ya ABŞ-la münasibətləri korlamaq istəmir, lakin öz maraqlarını qorumaq üçün müəyyən qərarlar qəbul etməyə məcburdur: "Biz həm Moskvanı, həm də Vaşinqtonu qiymətləndiririk, dünyada hər kəsə dəyər veririk. Bizim heç kimə qarşı heç bir şeyimiz yoxdur. Amma bizim üçün Serbiya ən qiymətlidir. Biz nəyin bahasına olursa-olsun, Serbiyanın maraqlarını qoruyacağıq. Vətəndaşların narahat olacağı heç nə yoxdur. Heç bir kəsir və ya iqtisadi fəlakət yoxdur”.
Musavat.com