İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın GİZLİ və QORXUNC silahları – Trampın blefi, yoxsa...

739 22.01.2026 15:31 Dünya A A

“Bizim heç kimin bilmədiyi silahlarımız var”.

ABŞ Prezidenti Donald Trampın bu açıqlaması Vaşinqtonun hərbi gücü ətrafında dolaşan sualları yenidən gündəmə gətirib. Ağ Evin hazırkı rəhbəri qeyd edib ki, “bu barədə danışmamaq daha yaxşıdır”, amma ABŞ-ın “heyrətamiz silahları” var.

Tramp nəyə işarə edir? Bu, sadəcə siyasi-psixoloji təzyiq alətidir, yoxsa ABŞ həqiqətən də dünyaya göstərilməyən, rəsmi olaraq etiraf olunmayan yeni nəsil silahlara malikdir?

2108575.jpg (30 KB)

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, ABŞ-ın hərbi strategiyasında “black budget” - yəni məxfi büdcə anlayışı uzun illərdir mövcuddur:

“Açıq mənbələrdə bu büdcənin illik həcminin 70-90 milyard dollar arasında dəyişdiyi qeyd olunur. Bu vəsait rəsmi olaraq izah edilməyən, Konqresdə belə məhdud dairəyə bəlli layihələrə yönəldilir. Rusiyalı hərbi analitiklərin yazdığına görə, məhz bu büdcə hesabına ABŞ hipersəs silahları (Mach 5+) hazırlayır.

İngilisdilli hərbi nəşrlər “Defense News”, “Military Times” bildirir ki, ABŞ HAWC və ARRW proqramları çərçivəsində sınaqları tamamlanmış, lakin hələ elan edilməmiş platformalara malikdir. Bu silahların əsas xüsusiyyəti mövcud Hava Hücumundan Müdafiə sistemlərini faktiki olaraq yararsız hala salmaq, reaksiya vaxtını saniyələrə endirməklə lazer və mikrodalğaya hesablanmış, yönləndirilmiş enerji silahları istehsal edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərində artıq lazer silahlarının sınaqdan keçirildiyi məlumdur. Ancaq rus mənbələrinə görə, ABŞ elektromaqnit impulsu (EMP) yaradan, geniş ərazidə elektronikanı sıradan çıxaran mobil sistemlərə də malikdir. Bu tip silahlar rabitə şəbəkələrini çökdürür, raketlərin idarəetmə sistemlərini korlayır və döyüşsüz qalibiyyət ssenarisi yaradır”.

Hərbi ekspertin sözlərinə görə, ABŞ ordusu rəsmi olaraq insan nəzarəti olmadan öldürən sistemlərdən imtina etdiyini desə də, ingilis dilində yayımlanan hesabatlarda (RAND Corporation) AI əsaslı hücum-dronlarının artıq əməliyyat səviyyəsinə çatdığı vurğulanır:

“Bu sistemlər isə hədəfi özü seçir, müdaxilə olmadan qərar verir, kütləvi dron sürüləri (drone swarms) formasında hücum edir. Bundan başqa, ABŞ-nin kosmosdan zərbə imkanları da var. Trampın prezidentliyi dövründə yaradılan Kosmik Qüvvələr (Space Force) təsadüfi qərar deyildi. ABŞ orbitdə peyk əleyhinə gizli silahlar, yerüstü hədəflərə kinetik zərbə endirə bilən platformalar üzərində işləyir”.

Ekspertin fikrincə, bu da faktiki olaraq, müharibəni Yer kürəsindən kənara çıxarmaq deməkdir və Tramp məlum açıqlaması ilə ilk növbədə Rusiya və Çinə mesaj ötürür:

“Demək istəyir ki, silah yarşında söz deməyə tələsməsinlər. Eyni zamanda, İrana və Şimali Koreyaya eskalasiya riskinin nəticələrinin ağır olacağı xəbərdarlığı göndərir, NATO müttəfiqlərinə ABŞ-ın hələ də qlobal təhlükəsizlikdə əsas güc olduğu xatırladır. Bu, eyni zamanda, psixoloji müharibənin klassik nümunəsidir. Düşmən bilmədiyi silahdan daha çox qorxur. Trampın söylədiklərinin, sadəcə, blef adlandırmaq sadəlövhlük olardı. ABŞ uzun illərdir ki, bəzi silah sistemlərini istifadəyə hazır olana qədər gizli saxlayır. Atom bombasının taleyini xatırlayaq. Dünya onu yalnız Xirosima və Naqasakidə gördü”.

Rövşən Məhərrəmov hesab edir ki, Trampın əsas mesajı konkret silahın adı deyil, texnoloji üstünlük iddiasıdır:

“İnsanlar hələ də Üçüncü Dünya Müharibəsini atom partlayışı ilə təsəvvür edir. Amma bu müharibə artıq başlayıb, sadəcə bombası görünmür. ABŞ açıq müharibəyə girmədən əvvəl qarşı tərəfin iradəsini qırmağa çalışır. Əgər bu baş verməzsə, o zaman dünya elə silahlar görəcək ki, onlara qarşı nə bunker, nə də sığınacaq kömək edəcək. ABŞ deyir ki, sizin bildiyiniz balansdan kənarda da imkanlarımız var. Bu, real müharibədən çox, qarşı tərəfi səhv qərar verməkdən çəkindirmək üçündür”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR