İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Cənubi Qafqaz siyasəti müəmmalıdır: Ağ Evin İrəvana dəstəyi Kremli qıcıqlandırır

3818 18.07.2022 19:27 Analitika A A

Son vaxtlar ABŞ-ın Ermənistana dəstəyində Rusiya ilə yanaşı, birbaşa Azərbaycanın əleyhinə yönəlmiş məqamlar da diqqəti çəkir... Ancaq Pentaqon şefinin öz hesabatında rəsmi Bakını narazı salmağa həvəs göstərəcəyi hələlik o qədər də inandırıcı görünmür...

ABŞ və Qərbin Cənubi Qafqaz hədəfləri hələlik müəmmalı xarakter daşıyır. Hər halda, son vaxtlar baş verən bəzi hadisələr bu regionla bağlı düşünüldüyündən daha uzaqgedən planların olduğunu göstərir. Və indiki situasiyada kollektiv Qərbə liderlik edən ABŞ-ın bəzi davranışları kifayət qədər ciddi suallar doğurur.

Məsələ ondadır ki, ötən həftə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns Rusiyanın hərbi müttəfiqi Ermənistana səfəri etdi. Bu gözlənilməz səfər olduqca maraqlı proseslərdən xəbər verir. Kreml isə CİA şefinin Ermənistana səfərindən narahatlıq keçirtdiyini gizlətməkdə çətinlik çəkdi.

Böyük ehtimalla Uilyam Börnsün İrəvana gələcəyindən Kremldə əvvəlcədən məlumat almamış deyildilər. Çünki, Rusiya kəşfiyyatı üçün Ermənistan kimi formal dövlət olan bir ölkədən analoji məlumatları almaq o qədər də ciddi problem sayıla bilməz. Və bu baxımdan, Kremlin Rusiyanın sadəcə, hərbi müttəfqi deyil, həm də regional for-postu olan ölkəyə CİA şefinin gəlişini qıcıqla qarşılaması tamamilə gözlənilən idi.

CIA-uilyam.jpg (8 KB)

Təbii ki, Ukrayna savaşı üzərindən ABŞ və Qərblə kəskin siyasi-iqtisadi savaş içərisində olan Rusiya bu hadisəni qətiyyən cavabsız buraxmazdı. Ona görə də, Kremlin dərhal buna neqativ reaksiya verməsi o qədər də gözlənilməz olmadı. Kreml Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu Şuşaya səfərə göndərməsi boşuna deyildi və bununla rəsmi İrəvana sarsıdıcı zərbə xarakterli mesaj verildi. Halbuki, vaxtilə Rusiya da ABŞ və Fransa kimi, Azərbaycandakı səfirlərini Şuşadakı beynəlxalq tədbirə göndərməkdən imtina etmişdi.

Bu baxımdan, Rusiya səfirinin gözlənilmədən Şuşaya göndərilməsini, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi şefinin İrəvan səfərinə Kremlin ilk cavab reaksiyası hesab etmək olar. Üstəlik, Rusiya KİV-ləri də hazırda Paşinyan hakimiyyətini hədəfə alıblar. Ancaq böyük ehtimalla bütün bunlar hələ başlanğıcdır.

Böyük ehtimalla CİA direktorunun Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşünü Rusiya xüsusi həssaslıqla araşdıracaq. Yəqin ki, erməni baş nazir də prezident Vladimir Putinə zəng edib, ona bu müəmmalı görüşlə bağlı məlumat verəcək. Bununla belə, Kremlin Ermənistanla bağlı yekun mövqeyi Rusiyanın rəsmi İrəvandan kənar mənbələrdən daha müfəssəl məlumatlar əldə etməsindən sonra ortaya çıxmağa başlayacaq.

Çünki, Kreml üçün CİA direktorunun erməni baş nazir ilə görüşü sadəcə, telefon zəngi ilə məlumat verilib, izah ediləcək məsələ deyil. Bu görüşün nəticələri Ermənistan baş naziri Nikol Paşinyanın yaxın perspektivdə Rusiyaya münasibətdə tutacağı mövqe və davranışlarla da aydınlaşa bilər. Hər halda, CİA şefinin Ermənistana təşrifinin sıradan bir səfər olmadığını anlamaq o qədər də çətin deyil. Hər halda, ABŞ xüsusi xidmət servislərinin şeflərinin analoji səfərləri və yüksək səviyyəli görüşləri nadir hadisədir.

9732a83ca4565edc8b125a9b9244ad08_2228_14.png (868 KB)

Bütün bunlar onu göstərir ki, Rusiya-Ermənistan münasibətlərində yeni, ziddiyyətli və həm də çox maraqlı mərhələnin başlaya biləcəyi qətiyyən istisna deyil. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, son vaxtlar ABŞ-ın Ermənistana siyasi dəstəyi də nisbətən artmağa başlayıb. Və bu məsələdə Rusiya ilə yanaşı, birbaşa Azərbaycanın əleyhinə yönəlmiş məqamlar da diqqəti çəkir.

Məsələ ondadır ki, erməni diasporu ABŞ Konqresində bəzi qanunlara Azərbaycanın əleyhinə düzəlişlərin edilməsi barədə layihənin müzakirəyə qəbuluna nail olublar. Həmin düzəlişlərdə Ağ Ev administarasiyası ABŞ-ın Azərbaycana hərbi yardımlarının Bakı və İrəvan arasındakı sülh prosesinə təsiri barədə hesabat verməyə çağırılır. Və nə qədər qəribə də olsa, ABŞ-ın müdafiə nazirindən Azərbaycanın II Qarabağ savaşı ilə bağlı davranışları barədə geniş hesabat hazırlaması tələb edilir.

Təbii ki, bütün bunlar olduqca müəmmalı proseslərin başlamasına yol aça bilər. Çünki, Pentaqon şefi Lloyd Austinin Azərbaycanın öz beynəlxalq səviyyədə, eləcə də ABŞ tərəfindən tanınmış ərazilərində apardığı hərbi əməliyyatlara yönəlik dəyərləndirməsi maraq doğurmaya bilməz. Xüsusilə də, nəzərə almaq lazımdır ki, Ermənistan 10 noyabr üçtərəfli anlaşmasını imzalamaqla, Azərbaycan ərazilərini 30 ilə yaxın bir müddətdə işğal altında saxladığını rəsmən etiraf edib.

lloyd-austin.jpeg (421 KB)

Əgər, Pentaqon şefi həqiqətən də tələb edilən məzmunda hesabat təqdim edərsə, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə yönəlik mövqeyi növbəti dəfə aydınlaşmış olacaq. ABŞ Azərbaycandakı səfirinə Şuşaya getməyə belə, icazə vermədiyindən indi Ağ Evin mövqeyi daha çox maraq doğurur. Və rəsmi Bakının ABŞ-la münasibətlərində bu, həlledici xarakter daşıya bilər.

Ona görə də, indi rəsmi Bakının ABŞ Konqresində keçiriləcək dinləmələri diqqətdə saxlayacağı qətiyyən şübhə doğurmur. Xüsusilə də, Avropa qitəsinin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti maksimum həddə qədər artdığı bir dönəmdə ABŞ müdafiə nazirinin öz hesabatında rəsmi Bakını narazı salmağa həvəs göstərəcəyinə inanmaq bir qədər çətindir. Və bu baxımdan, Pentaqon şefinin hesabatının erməni diasporunu məyus edə biləcəyi də qətiyyən istisna deyil.

Ancaq istənilən halda, ABŞ-ın Cənubi Qafqaz ilə bağlı son davranışları müəmmalı xarakter daşıyır. Ağ Ev Ermənistanı yenidən xüsusi himayə altına almağa çalışdığı diqqətdən yayınmır. ABŞ-ın bu mövqeyinin hələlik yalnız Rusiya ilə qarşıdurma üzərindən tənzimləndiyini düşünmək olar. Və bu məsələnin Azərbaycanın maraqlarını təhdid edəcəyi təqdirdə, ABŞ-ın yeni Cənubi Qafqaz siyasətinin iflasa uğrama ehtimalı da mövcuddur. 

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR