İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ermənistanı "qara siyahı"ya saldı: İrəvanın Rusiyanı sanksiyalardan yayındırdığı təsdiqlənir

3986 12.07.2022 18:40 Analitika A A

Rusiyanın biznes dairələri müvəqqəti olaraq, Ermənistana yerləşməyə və öz beynəlxalq fəaliyyətlərini bu ölkənin adı altında gizlətməyə üstünlük verirlər... Paşinyan hakimiyyətinə artıq diplomatik kanallar vasitəsilə sərt xəbərdarlıq edilib, Ermənistana qarşı da sanksiyaların uzaqda olmadığına eyham vurulub...

Ermənistan rəhbərliyi öz davranışları və atdığı təxribatçı addımlar ilə Cənubi Qafqazda geopolitik situasiyanı olduqca qəlizləşdirib. Regionda hərbi-siyasi vəziyyət maksimum səviyyədə gərginləşib. Və hər an yeni müharibənin başlanma ehtimalı tamamilə inandırıcı görüntülər almaqdadır.

Rəsmi İrəvan özünün ənənəvi təxribat və pozuculuq fəaliyyətinə əvvəlki kimi sadiqdir. Ermənistan Azərbaycan ilə sərhəd bölgəsində atəşkəs rejimini mütəmadi olaraq, pozmaqda davam edir. İki qonşu ölkə arasında münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin hazırlanması prosesində durğunluğa yaxın bir situasiya hökm sürür. Və rəsmi İrəvanın bu prosesdə iştirakı sadəcə, "görüş xatirinə görüş" prinsipi üzrə formal xarakter daşıyır.

Təbii ki, belə vəziyyətdə regional sülh prosesini inkişaf etdirmək demək olar, mümkün deyil. Rəsmi İrəvanı sülh danışıqlarına məcbur etmək məqsədilə daha radikal addımların atılmasına ciddi ehtiyac yaranmış kimi görünür. Əks halda, artıq fəaliyyətini dayandırmış, yəni mövcud olmayan ATƏT-in Minsk Qrupunun ətəyindən möhkəm yapışmış Ermənistan 30 illik "təcrübə"ni təkrarlamağa cəhd etməkdə israrlı davrana bilər.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Əslində, Paşinyan hakimiyyəti də rəsmi Bakının radikal addımlar ata biləcəyini anlayır. Çünki rəsmi İrəvan öz təxribatçı davranışlarının doğuracağı alternativ variantın məhz yeni savaş olduğunun fərqindədir. Elə baş nazir Nikol Paşinyan da ”Azərbaycan yeni müharibəyə hazırlaşır, bu, qaçılmaz görünür deməklə, əslində, rəsmi İrəvanın savaşa səbəb verən təxribatçı mövqeyini dolayısı ilə etiraf etmişdi.

Təbii ki, erməni baş nazir "Azərbaycan yeni savaşı legitimləşdirməyə çalışır” məzmunlu açıqlamasında Ermənistan üçün yaxınlaşan "dəmir yumruq" zərbəsini artıq hiss etməyə başladığını da biruzə verməyə çalışmışdı. Ona görə də, dərhal hay-küy salaraq, üstüörtülü şəkildə Ermənistanın beynəlxalq himayədarlarını reaksiya verməyə çağırmışdı. Və eyni zamanda, Ermənistan cəmiyyətinin də yeni savaşa psixoloji cəhətdən hazırlanmasına cəhd göstərmişdi.

Əlbəttə ki, baş nazir Nikol Paşinyan yeni savaşa səbəb ola biləcək problemləri də tam dəqiqliyi ilə bilir. O, Zəngəzur dəhlizinin açılmasına Brüssel görüşlərində razılıq verib. Ancaq bu istiqamətdə hər hansı real addımlar atmayıb. Əksinə, erməni baş nazirin son davranışları məhz Brüssel anlaşmalarını əhəmiyyətdən salmağa yönəlib.

Məsələn, erməni baş nazir Azərbaycanın qərb bölgəsini Naxçıvan ilə birləşdirəcək dəmir yolunun Ermənistan ərazisindən keçəcək hissəsinin tikintisi üçün rəsmi Bakının müqavilə imzalamasını istəyir. Bu istəyini isə Ermənistanın maliyyə xərclərinin sığortalanmasının vacibliyi ilə izah edir və rəsmi Bakının bu təkliflə razlaşmamasından şikayətlənir.

2f56a7d9af433314345d68d126d3107e.jpg (163 KB)

Açıq şəkildə görünür ki, rəsmi İrəvanın bu istəyi birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə və ya heç olmasa, ləngitməyə yönəlib. Çünki, rəsmi Bakı Azərbaycan ərazisində həmin dəhliz üzrə dəmiryolu xəttinin çəkilişini artıq demək olar ki, yekunlaşdırıb. Ancaq rəsmi Bakı Ermənistan kimi, etibarsız dövlətlə üz-üzə olmasına baxmayaraq, Paşinyan hakimiyyətindən xərclərin sığortalanması məqsədi daşıyan müqavilə tələb etməyib. Yəni, rəsmi Bakı Azərbaycanın xərclərini özü sığortalayıb. Və Ermənistanla bu barədə müqavilənin imzalanmasından imtina etməkdə də tamamilə haqlıdır.

Digər tərəfdən, belə bir müqaviləyə ümumiyyətlə, ehtiyac da yoxdur. Çünki, rəsmi Bakı bu işi yekunlaşdırmaqla, əslində, Ermənistana qarantiya vermiş olur. Yəni, Ermənistanın görəcəyi iş yalnız öz ərazisində dəmir yolu xəttini inşa edib, Zəngəzur dəhlizinin açılmasından ibarət olmalıdır. Üstəlik, anlaşma Brüssel görüşündə əldə olunduğundan Avropa Birliyi Şurası da əslində, vasitəçi kimi Ermənistanın xərclərinə qarant sayıla bilər.

Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi Zəngəzur dəhlizinin açılmasında birbaşa maraqlı olduğunu da qətiyyən gizlətmir. Bu nüfuzlu qurumun təmsilçiləri hər imkanda həmin marşrutun Qərb-Şərq dəhlizinin reallığa çevrilməsi baxımdan, böyük önəm daşıdığını xüsusi olaraq, vurğulayırlar. Və belə vəziyyətdə rəsmi İrəvanın hansısa heç bir əhəmiyyəti olmayan müqavilənin imzalanmasını tələb etməsi prosesi əngəlləmək cəhdindən başqa bir şey deyil.

Təbii ki, rəsmi İrəvanın bu pozucu davranışları ilk növbədə Kremlin verdiyi dəstək və təlimatlardan qaynaqlanır. Rusiya bu prosesin Brüssel anlaşmaları üzərindən reallaşmasında qətiyyən maraqlı deyil. Kreml çalışır ki, bu prosesi yalnız Rusiya idarə etsin və Zəngəzur dəhlizini də öz nəzarətində saxlaya bilsin.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Nəticədə, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin tez bir zamanda normallaşdırılmasına o qədər də həvəs göstərmir. Əksinə, bir tərəfdən Kremlin dəstəyini arxasına almağa və Rusiyanın biznes dairələrinə Ermənistan məkanını açmağa cəhd göstərir. Və bununla da Cənubi Qafqazda geoiqtisadi layihələrdən qalma təhlükəsini Rusiya investisiyası hesabına balanslaşdıra biləcəyinə ümid bəsləyir.

Ancaq bu məsələdə rəsmi İrəvanın ümidləri o qədər də reallığa yaxın deyil. Çünki, Rusiyanın biznes dairələri Ermənistana investisiya yatırmaq niyyətindən uzaqdır. Hər halda, Ermənistanın iqtisadi məkan olaraq, Rusiya biznesi üçün darısqal olduğu inkaredilməz reallıqdır. Bu baxımdan, Rusiya biznes dairələri üçün Ermənistana investisiya yatırmaq deyil, məhz bu ölkənin adı altında beynəlxalq sanksiyalardan yayınmaq variantı daha sərfəlidir.

Ona görə də, Rusiyanın biznes dairələri müvəqqəti olaraq, Ermənistana yerləşməyə və öz beynəlxalq fəaliyyətlərini bu ölkənin adı altında gizlətməyə üstünlük verirlər. Baş nazir Nikol Paşinyan bir müddət öncə Rusiya biznesinin Ermənistana köçməyə başladığını dolayısı ilə etiraf edib. O, bu prosesin rəsmi İrəvana Ermənistanda iqtisadi situasiyanı idarə etməyə əngəl törətməyəcəyinə ümid bəslədiyini vurğulayıb.

Maraqlıdır ki, erməni baş nazir Ukrayna savaşı ucbatından yaranmış vəziyyətdən narahat olduğunu da gizlətməyib. Onun dediyinə görə, Ukrayna savaşının beynəlxalq nəticələri Rusiya vətəndaşlarını öz bizneslərini Ermənistana köçürməyə yönəldib. Erməni baş nazir bunu Ermənistanın neytral iqtisadi zona olması və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük ilə izah etməyə çalışıb.

nocomment_7b640d664788d2ee40fd439108b905a1_zatbqsxlrm17opguvw6n-e1601888562938.jpg (84 KB)

Ancaq erməni baş nazirin bu izahı mövcud beynəlxalq reallıqlardan uzaqdır. Çünki, Rusiyaya qarşı sanksiya tətbiq edən beynəlxalq siyasi iradə mərkəzləri bu məsələdə neytral iqtisadi zona tanımırlar. Eyni zamanda, Aİİ üzvlüyü də bu məsələdə Ermənistanı haqlı çıxarıb, qoruya biləcək amil deyil. Hər halda, belə olsaydı, Ermənistan kimi Aİİ üzvü olan Qazaxıstan Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət etməklə, Kremllə münasibətləri korlamaq məcburiyyətində qalmazdı.

Belə anlaşılır ki, Ermənistan Kremlin təlimatları ilə həm Cənubi Qafqazda sülh prosesini əngəlləyir, həm də Rusiyaya qarşı beynəlxalq sanksiyaları pozur. ABŞ və Qərb isə rəsmi İrəvanın bu davranışlarıni artıq diqqətə almağa başlayıb. Hər halda, son vaxtlar rəsmi İrəvana bu barədə bir neçə dəfə diplomatik kanallar vasitəsilə xəbərdarlıq edilib. Və belə anlaşılır ki, Paşinyan hakimiyyəti hələlik həmin xəbərdarlıqlara o qədər də həssas yanaşmır.

Bəzi məlumatlara görə, ABŞ və Qərb artıq Ermənistana qarşı müəyyən addımlar atmağa başlayıb. Ağ Ev Ermənistana illik maliyyə dəstəyini minimuma endirib, hətta onun tamamilə kəsilə biləcəyi də qətiyyən istisna edilmir. Çünki, ABŞ-ın Ermənistanla bağlı konkret qərarlar verməyə hazırlaşdığı barədə məlumatlar mövcuddur.

Onu da qeyd edək ki, Rusiya biznesinin üz tutduğu Ermənistan artıq ABŞ-ın "qara siyahılar"ına yerləşməyə başlayıb. Belə ki, ABŞ Maliyyə Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu, eləcə də, Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyi Ermənistanı Rusiya və Belarusa qarşı beynəlxalq sanksiyaları pozan ölkələrin sırasına daxil edib. Ağ Ev hesab edir ki, ABŞ-ın Rusiya və Belarusa satışını qadağan etdiyi malların Ermənistan üzərindən ötürülməsi ilə bağlı faktlar mövcuddur. Bu isə yaxın vaxtlarda Ermənistanın da Rusiya və Belarus ilə eyni sanksiyalara məruz qala biləcəyini ehtimal etməyə imkan verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR