İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dünyanın ən böyük maye qaz ixracatçısı olaraq qalacaq – Energetika naziri

298 07.03.2024 00:35 Dünya A A

Ölkə hakimiyyətinin yanacaq üçün yeni ixrac müqavilələrinin təsdiqini dayandırmaq qərarına baxmayaraq, Birləşmiş Ştatlar dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı olaraq qalacaq.

Bunu Vaşinqtonda Axios portalının bərpa olunan enerji mənbələrinə keçidlə bağlı təşkil etdiyi konfransda çıxış edən ABŞ-ın energetika naziri Cennifer Qranholm deyib: "Proses çox düşünülmüş olmalıdır, çünki biz dünyada ən böyük LNG ixracatçısıyıq və araşdırmaların nə göstərməsindən asılı olmayaraq, belə qalacaq. Biz indiyədək bağlanmış müqavilələr hesabına dünyanın ən böyük ixracatçısıyıq. 2030-cu ilə qədər ixracı iki dəfə artıracağıq – sadəcə olaraq artıq təsdiq edilmiş müqavilələr və artıq tikilən terminallar hesabına”.

Qranholm qeyd edib ki, avropalı müttəfiqlər mədən yanacaqlarından tədricən uzaqlaşmaq siyasət yürütsələr də, ABŞ-dan LNG almağa davam etmək istəyirlər: “Biz bilirik ki, Avropadakı müttəfiqlərimiz bizdən təhlükə altında olmayan tədarük istəyir və almaqda davam edir. Onların bir çoxu mədən yanacağını azaltdıqlarını söyləsələr də, bu tədarüklərin davam etdiyinə əmin olmaq istəyirik".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti LNG ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurlarının dayandırılması barədə göstəriş verib. Hesab edilir ki, bu addım yeni LNG istehsalı müəssisələrinin tikintisi ilə bağlı investisiya qərarlarının qəbulunun gecikməsinə səbəb ola bilər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar ayında verdiyi məlumata görə, qlobal LNG ixracı keçən il cəmi 2 faiz artıb ki, bu da 2014-cü ildən bəri ən aşağı səviyyədir. 2024-cü ilin sonuna kimi artımın 3,5 faiz olacağı proqnozlaşdırılır. Eyni zamanda keçən il ABŞ ilk dəfə olaraq Avstraliya və Qətəri (hər biri 106 milyard kubmetr) ötərək dünyanın əsas LNG ixracatçısı (116 milyard kubmetr) olub. Bu üç ölkə birlikdə dünyanın mayeləşdirilmiş təbii qaz təchizatının təxminən 60 faizini təmin edir. İxrac edən ölkələr arasında Rusiya dördüncü yeri tutur (təxminən 33 milyon ton), ilk beşliyi Malayziya qapayır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR