İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanla əlaqələri davam edirmək üçün ənənəvi siyasətinə geri dönüş edir - ŞƏRH

940 28.11.2023 14:23 Siyasət A A

“ABŞ Dövlət katibi Antoni Blinkenin cənab Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana ardıcıl zəngləri 30 noyabr 2023-cü il tarixində baş tutacaq Ermənistan-Azərbaycan arasında delimitasiya komissiyasının sərhəddəki görüşü öncəsi ABŞ-ın vasitəçilik cəhdi, həmçinin Azərbaycanla münasibətləri bərpa etmə çabası olaraq dəyərləndirilə bilər. Biz bilirik ki, Fransa vaxtilə sahib olduğu vasitəçilik imkanlarını ona görə itirdi ki, birtərəfli mövqe nümayiş etdirərək işğalçı Ermənistana dəstək verdi. Xüsusilə 19-20 sentyabr 2023-cü il tarixində baş tutan lokal xarakterli antiterror tədbirləri və bunun ardından Qarabağ ermənilərinin kütləvi köçündən sonra ABŞ-ın da Azərbaycana qarşı təzyiqləri artmış, bu təzyiqlər hətta təhdid xarakteri almağa başlamışdı”.

Bu fikirləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Şəhla Cəlilzadə bildirib.

Ekspert 15 noyabrda ABŞ diplomatı O`Braynın Konqresdəki çıxışına diqqət çəkərək ABŞ-nin heç zaman Ermənistana qarşı sərt mövqe göstərmədiyini xatırladıb:

1692188263303505561_1200x630.jpg (239 KB)

“O`Brayn demişdi ki, “Qarabağdakı sentyabr əməliyyatlarından sonra Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq” və bundan sonra 907-ci düzəlişin dayandırılmayacağı bəyan edilmişdi. Halbuki Azərbaycan torpaqları Ermənistan tərəfindən 30 ilədək işğalda saxlanarkən, 1 milyonadək insan qaçqın və məcburi köçkün halına salınarkən ABŞ Ermənistana qarşı bu cür açıq və sərt bəyanatlar verməmişdi. Təbii olaraq, birtərəfli mövqe ABŞ-nin də vasitəçilik şansını əlindən alır və bölgəyə təsir imkanlarını sıfırlayır. Bu istiqamətdə Azərbaycanın atdığı addımlar olaraq ABŞ-nin ölkə daxilində dəstəklədiyi və gələcək planları çərçivəsində istifadə etdiyi qruplara, xüsusilə rupor media təsisatlarına qarşı görülən sərt tədbirlərlə yanaşı, Qərbin vasitəçiliyə keçirilən görüşlərdən imtina edilməsi qeyd oluna bilər. Bütün bunlar ABŞ-nin simasında Qərbin regiondan sıxışdırılması demək olacaq. Halbuki regionda varlıq ABŞ üçün maraqlıdır və Azərbaycanla əlaqələrin davam etməsi məhz ABŞ-nin regional maraqları üçün əhəmiyyətlidir. Bu maraqlar ilk növbədə Rusiya və İranın çəkindirilməsi, ikincisi Mərkəzi Asiyaya çıxış əldə edilməsi, enerji resurslarının daşınması, qlobal kommunikasiyalarda Qərbin təsiri imkanları baxımından şərh oluna bilər. Azərbaycanın ABŞ-nin müvafiq davranışlarına sərt münasibət göstərməsi, o cümlədən cənab Prezidentin “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına heç bir əngəl qalmamışdır” deməsindən sonra ABŞ-nin Azərbaycanla münasibətləri bərpa etməyə cəhd etdiyini deyə bilərik. Xarici media bunu “business as usual”, yəni ABŞ-nin ənənəvi siyasətinə geri dönüşü olaraq şərh edirlər. Hətta bu yaxınlarda O`Brayn özü Bakıya rəsmi səfərə gələrək münasibətlərdə səbəb olduğu gərginliyi aradan qaldırmağa çalışa bilər. Birləşmiş Ştatlar öz milli maraqlarını erməni lobbisinin maraqlarına qurban verməzsə, regionda təsir imkanları daha güclü olar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR