İnsanlara hürriyət, millətlərə istiqlal!

50 yaşlı ağdamlı yubilyar: “44 günlük müharibədəki qələbə bizi əziklik sindromundan xilas etdi"

3380 12.04.2022 10:00 Media A A

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanovla yubiley söhbəti: “Daha böyük işlər görməyi, daha da böyüməyi hədəfləyirik, arzularımız, planlarımız çoxdur”

Bu gün, aprelin 12-si “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanovun 50 yaşı tamam olur. Ömrünün 29 ilini “Yeni Müsavat” qəzetinə və bu ad altında fəaliyyət göstərən Media Qrupuna həsr edən, dəyərli insan, gözəl iş yoldaşı, bütün yaxşı xüsusiyyətləri özündə cəmləşdirən Ələsgər bəylə yubiley söhbəti etmək istədik və başladıq:

- Ələsgər bəy, yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sağlam, uzun ömür arzulayıram. Kabinetinizdə xeyli fotolar var, bu şəkillər həm də zəngin bir ömür yolunuzun olduğunun vizual təqdimatıdır. Sizinlə 50 yaşdan bəhs etmək bir az da çətindir, çünki maşallah olsun, sizə Məşədi İbad yaşını vermək olmaz. Ömür yaşının bu vədəsindən geriyə baxanda nələr keçir ürəyinizdən?

- Əvvəla, təbrikə və müsahibəyə görə təşəkkür edirəm. Media Qrupumuz həmişə diqqətli olub, bütün ad günləri, yubileylər qeyd edilir, müsahibələr alınır. Rauf bəy çox diqqətlidir, sağ olsun, var olsun! 50 yaşa gələndə, düzü, heç mən də özümə 50 yaş vermirəm. Ümumiyyətlə, dahi Üzeyir bəyin Məşədi İbada qarşı haqsızlığını indi mən də hiss elədim. Atamın 50 yaşı olanda mənim 16 yaşım vardı, o günü xatırlayıram. Uşaq vaxtlarında 50 yaş bizə çox böyük gəlirdi. Elə bilirdik ömrün sonudur. Əslinə qalsa, 50 yaş elə də böyük yaş deyil. Digər tərəfdən, 20 yaşlarında həyatlarını başa vurmuş şəhidlərin həyat tarixçələrinə baxanda, insan düşünür ki, onların ömürlərinin iki dəfə artığını yaşamısan. Çox deyilmi? Amma elə bilirəm ki, 50 yaş hələ insan ömrünün yekun eləməsi üçün yetərli yaş deyil. Orta yaş dövrü deyə bilərik. Bəlkə də gəncliyin ahıllıq çağıdır. Ümumiyyətlə, mən özümü günü bu gün 35 yaşımda hiss edirəm. Daha doğrusu, ruh yaşım 35-i göstərir.

- Niyə məhz 35?

- Açığı, mənim düşüncəmə görə, insan həddi-buluğa çatandan, insan olaraq formalaşandan sonra insanın alnına, taleyinə bir yaş yazılır. Və insan ömrünün axırınadək özünü o yaşda hiss edir. Yəni insanın daxili dünyası, onun yaşadığı mühitdən, aldığı tərbiyədən, qazandığı təcrübədən və yaxud da ilahi bir yazıdan ona hansısa rəqəm yazılır, ömrünün axırına qədər də insanın ruhu həmin yaşda olur. Şəxsən mən elə hesab edirəm ki, mənə yazılan yaş təxminən 35-dir. Mən özümü gənc yaşlarımda da 35-də hiss eləmişəm. Həmişə özümdən yaşca böyüklərlə oturub-durmuşam, onlarla yoldaşlıq, dostluq etmişəm, həmsöhbət olmuşam. Cavan vaxtımda o dövr üçün yaşlı görsənmişəm, yaşlı dövrümdə də özümü 35 yaşımdakı kimi hiss edirəm. Çünki mənim daxili dünyam oradadır. Bu mənada indinin özündə də elə hesab edirəm ki, mənim 35 yaşım var. Özümü o qədər enerjili və  gümrah hiss edirəm. Elə zənn edirəm ki, 35 yaşda görə bildiyim işləri indi də edə bilərəm və bu, normaldır. Bu, ömrümün axırınadək belə gedəcək, 50-də dəyişməyibsə, çox güman ki, nə qədər ömür var belə qalacaq. Hər bir insanda belədir. İnternetdə olduğu kimi, hər bir insanın Static Protokolu (SP) və Dinamik Protokolu (DP) var.  SP insanın daxili protokoludur, DP isə tarixi protokolu. SP hansı yaşa köklənirsə, ömrünün axırına qədər də o statik protokolla gedir. DP zamanla dəyişir. Yani insan görünüş olaraq dəyişir, saç tökülür, üz qırışır, bel bükülür, amma ruh yaşın neçədədirsə, orada da qalır, ömrünün axırınadək o yaşda qalırsan. Bəzən görürsən, birinin 70 yaşı var, amma uşaq kimidir, demək ki, onun SP-si uşaq yaşlarındadır.

- Məncə, bu nikbinliyi aşılayan, gənclik yaşınıza stimul verən həm də Qarabağ zəfəri, Ağdama, Xıdırlıya qayıdışdır. Elə deyilmi?

- İşğalda keçən ötən 30 ildə biz ağır bir əziklik, qırıqlıq kompleksi yaşadıq. Hər mənada, həm inkişaf baxımından, həm şəxsiyyət kimi yetişmək baxımından. Çox yerlərdə özümüzü yetərincə, lazımi qaydada ifadə edə bilmədik. Çünki böyük çatışmazlığımız olub, kökümüzdən qopmuşuq, torpağımızdan ayrılmışıq. Bir bitkini necə ki, torpağından çıxararsan, inkişafdan dayanar, soluxar, eynən  belə olub. Bu, bütün Qarabağın işğal bölgəsindən olan hər kəsə aiddir.  İnsan kökünə, torpağına, yurduna bağlı olmalıdır. Şükürlər olsun ki, 44 günlük müharibə nəticəsində, Rəşadətli Ordumuzun, Ali Baş Komandanımızın, şəhid və qazilərimizin sayəsində möhtəşəm qələbəyə nail olduq və bu sindrom aradan qalxdı.

foto-1.JPG (7.06 MB)

“Kəndə kimsə gələndə qohumlar arasında dava düşürdü ki, bizdə qalacaqlar; hətta bir-birindən küsülülük, giley-güzar olardı...”

Mən elə başa düşürəm ki, 30 il bundan qabaq inkişafımızın qaldığı yerdən indi bizim təzədən dirçəlişimiz və yenidən həyata qayıdışımız başlayır. Mən şəxsən belə təsəvvür edirəm. Mən Bakıda anadan olmuşam. Lakin kök olaraq həmişə kəndimizə, el-obamıza bağlı olmuşam. Atam da, anam da eyni kənddən, Ağdamın Xıdırlı kəndindəndir. Biz atamın işi ilə əlaqədar Bakıda və müxtəlif rayonlarda yaşamalı olmuşuq. Lakin kəndimizə hər mənada bağlı olmuşuq, tez-tez gedib-gəlmişik. Yay tətillərini kəndimizdə keçirmişik. İşğaldan azad olunandan sonra mən ora bir neçə dəfə səfər etmişəm. Kəndimizdə, öz həyətimizdə olmuşam. Oraya aid olduğumu həmin vaxt  bir daha hiss etmişəm.   

- Necə bilirsiniz, əvvəlki birgəlik, mehribanlıq yenidən yaranacaqmı işğal illərindən sonrakı qayıdışda?

 - O vaxtlar hər şey bir başqa idi. İndi elə bil qohum-əqrəba da, digər insanlar da bir-biri ilə qabaqkı kimi deyillər. Qabaq başqa bir mehribanlıq var idi. Kəndə kimsə gələndə qohumlar arasında dava düşürdü ki, bizdə qalacaqlar. Hətta bir-birindən küsülülük, giley-güzar olardı... Biz o mühitdə böyümüşük, o mehribanlığı, münasibəti görmüşük. Mənə elə gəlir ki, çox şeyin  bərpası çətin olacaq. Əvvəla, o bağlar qırılıb, bunu aşılayan yaşlı insanların bir çoxu həyatdan gedib, yeni nəsil başqa mühitdə böyüyüb, başqa cür tərbiyə alıblar. Gen yaddaşında nəsə qalıbsa, ola bilər ki, bunun sayəsində nələrsə bərpa olunsun. Amma müharibənin, qaçqın-köçkün həyatının bizim Qarabağ camaatına həm də  ölçüyə gəlməz mənəvi zərbəsi dəyib.

- Maraqlıdır, uzun illərdir  “Yeni Müsavat”ın baş direktoru vəzifəsini icra edən Ələsgər bəy ömrünün ikinci əsrində nələrə iddialıdır? Yoxsa qəzetçilik əbədi seçiminizdir?

- İddiaya qalsa, iddialarımız böyükdür. (Gülür) Özümü kifayət qədər enerjili və məhsuldar hesab edirəm. İstənilən işin öhdəsindən gəlməyə bacarığımız və təcrübəmiz var, əlhəmdülillah! Zarafat bir yana, Qarabağda quruculuq və bərpa işlərində iştirak etməyə hazıram. Çoxları üçün bu iş asan görünə bilər. Amma mən səfərlərim zamanı oradakı şəraitsizlikdə böyük fədakarlıqla çalışan yetkililəri görmüşəm. Və bunun hansı zəhmətlə başa gəldiyini anlayıram.

foto2.JPG (5.66 MB)

- Arzularınıza yetişməyinizi arzulayırıq! İstərdim bu gün dəhşətli müharibənin getdiyi Ukraynadan da danışaq. Sizin həyatınızın bir hissəsi də bu ölkə ilə bağlıdır, ikinci ali təhsil aldığınız dönəmi nəzərdə tuturam. Tələbə dostlarınızla əlaqələriniz varmı, nələr danışırlar?

- Tale elə gətirdi ki, mən Kiyevdə, Şevçenko Universitetində ikinci ali təhsil aldım. Bu, mənə Ukrayna xalqı ilə yaxından tanış olmaq şansı yaratdı. “Potok”umuzda 80 tələbə var idi. Beş azərbaycanlı, bir türkməndən başqa qalan hamısı ukraynalı idi. Onlarla çox gözəl münasibətlərimiz vardı. Birlikdə yaxşı günlərimiz, xatirələrimiz var. İndi də sosial media üzərindən müntəzəm əlaqələrimiz davam edir, şad günlərimizdə bir-birimizi yad edirik. Bu günlər onlar üçün çox ağırdır və dostlarımızın əksəriyyəti hətta sosial mediaya yaxın düşə bilmirlər, çünki şərait o şərait deyil. Mən sosial mediadan  da yazmışam, özlərinə də müraciət etmişəm ki, bizim qapılarımız da, ürəyimiz də hər zaman onların üzünə açıqdır. Hər zaman biz dostlarımızı burada qəbul etməyə, əlimizdən gələn köməyi etməyə hazırıq. Həmçinin prosesləri çox diqqətlə, həyəcanla izləyirik, ürəyimiz və dualarımız onlarladır. Orada təkcə Ukrayna deyil, bütün azad dünyanın məsələsi həll olunur. Ümid edirik ki, bu proseslər tezliklə başa çatacaq. Biz müharibənin hər üzünü görmüşük, savaşı öz canımızda yaşamışıq.  Ukraynada baş verənlərə biganə qala bilmərik.

- Qrup yoldaşlarınız arasında ruslar da var idi?

- Ukrayna vətəndaşı olan, milliyyətcə ruslar da var idi. Biz qəbul olanda rus dilində qəbul olmuşduq.  Amma təhsilimizin ikinci ilində təhsili Ukrayna dilinə keçirdilər. Buna baxmayaraq, seçim azad idi, kim hansı dildə istəsəydi o dildə imtahanlarını verə bilərdi. Şəhərdə istənilən şəxslə rusca danışırdıq, heç bir problem yox idi. Əyalətdən gələn gənclər var idi ki, ruscanı zəif  bilirdilər, amma şəhər əhalisi rus dilində çox sərbəst danışırdı.

- Ələsgər bəy, övladlarınızla bağlı nə deyə bilərsiniz? Maşallah, hər ikisi ali təhsillidir və yəqin ki, ümidlərinizi doğruldublar. 50 yaşlı gənc ata ilə gənc övladların münasibətləri necədir?

- Bir valideyn olaraq övladlarımdan razıyam. Hesab edirəm ki, ən böyük nailiyyətim, qazancım elə övladlarımdır. Onların cəmiyyətimiz üçün normal təhsilli gənclər kimi yetişməsidir. Oğlum hazırda Marburg Universitetində magistratura təhsili alır, indi Bakıda tətildədir.  Qızım Varşava Universitetinin bakalavr pilləsini bitirib, bu il magistraturaya hazırlaşır.  Bacardığım qədər çalışıram ki, övladlarım keyfiyyətli təhsil alsınlar. Məmləkətin inkişafı bundan asılıdır. Çox sevindirici haldır ki, ölkə başçısı xaricdə təhsillə bağlı Dövlət Proqramının yenidən işə salınması barədə sərəncam verdi.

Ayaqlaşmaq məsələsinə gələndə, götürsək ki, özümü 35 yaşında hiss edirəm, bu mənada övladlarımla aramızda yaş fərqi o qədər də böyük deyil. (Gülür) Ona görə də mən onlarla dil tapmağı və uyğunlaşmağı mümkün qədər bacarıram. Onlar da sağ olsunlar, çox razıyam. Mən övladlarımla fəxr edirəm.

- Övladlardan razısınız. Bəs atanız necə, sizdən razıdır? İradı, məsləhəti çox olur, yoxsa təşəkkürü?

-  Atam çox tələbkar insandır. Onu qane etmək çox çətin məsələdir. Məndən razı olub-olmadığını gərək özündən soruşasız (Gülür).

 - Ömür-gün yoldaşınız Nəzakət xanım necə, sizin gənc yaşda qalmağınıza iradı yoxdur ki?

 - Yox, əksinə, mənim daha gənc, sağlam qalmağım üçün əlindən gələni edir.

- Sizin həm də 10 yaşlı “sonbeşiyiniz” var - “Medianews.az” saytı. Növbəti onillikdə planlarınız, hədəfləriniz nədir?

- “Medianews.az”ı bir biznes layihəsi kimi yaratmışdım. O zaman düşündüm ki, müstəqil bir media quruluşu təsis edim və mən buna bir biznes layihə kimi yanaşdım. Çox əziyyətini çəkdik, bəzən usandıq, amma vaz keçmədik.  Sentyabrda 10 yaşı tamam olacaq. Bu il MEDİA Agentliyindən yardım alan saytlar siyahısına düşə bildik. Demək ki, çəkilən zəhmət hədər getməzmiş. Hazırda sayt üzərində müəyyən işlər görürük, inkişaf etdirmək, böyütmək niyyətindəyik. Yeni baş redaktor Xəyalə xanıma ümidlərimiz böyükdür, müəyyən planlarımız var.  Saytın dizaynını dəyişmək, yeniləmək, onu daha zövqlü, gözəl, praktik sayt vəziyyətinə çatdırmaq üçün çalışırıq.

- Ən əsası, pul qazana bildinizmi?

- Yox, əfsuslar olsun ki, hələ o planımız baş tutmayıb. Amma ümidimizi də itirməmişik. (Gülür)

- “Yeni Müsavat” ailəsində artıq üçüncü onillikdir çalışırsınız.

 - Bəli, gələn il 30 olacaq.

 - 50 illik ömrünüzün 30 ilini bir ünvanda çalışmaq sadə məsələ deyil. Çox çətin, şərəfli bir dönəmə, keçilən yola baxanda nələr demək keçir ürəyinizdən?

 - Doğrudan da mənim üçün çox şərəfli bir yoldur. Mən “Yeni Müsavat” Media Qrupunda çox böyük təcrübə qazanmışam, çox şeylər öyrənmişəm. Bura bir məktəbdir. Müəyyən müqayisələr aparmağa dəfələrlə imkanım olub. “Yeni Müsavat” Media Qrupunun hər bir məzununu istənilən media quruluşunun başına əminliklə gətirmək mümkündür. Rauf bəy iş təcrübəsi, nizam-intizamı, yaradıcılıq ənənələri, işə olan həvəsi, marağı və tələbkarlığı ilə bir nümunədir. Mənim formalaşmağımda “Yeni Müsavat” Media Qrupunun əvəzsiz yeri var. Üstəgəl, bu Media Qrupu vasitəsilə saya-hesaba gəlməyən insanlarla tanış olmuşam, ünsiyyətim, münasibətim olub. Elə şəxslərlə tanış olmuşam ki, bu Media Qrupunda olmasaydım, ömründə qarşılaşmazdım, əlaqəm olmazdı. Yəni bu 30 ildə çox böyük “baqaj” yığmışam, o barədə. İnşallah ki, gələcəkdə daha böyük işlər görməyi, daha da böyüməyi hədəfləyirik. Bu gün “Yeni Müsavat” Media Qrupunda qəzet, saytlar, internet televiziyası fəaliyyət göstərir. Arzularımız, planlarımız çoxdur. Müəyyən məsələlər var ki, onlar bizdən asılı deyil. Günü bu gün bizim yerüstü yayım etmək üçün yaradıcı heyətimiz və  kadr potensialımız var. Yəni bizdən asılı olan hissəsinə biz həmişə hazırıq. Bizdən asılı olmayan məsələlərə də “inşallah” deyək!

Rauf Arifoğlu və “Yeni Müsavat” Media Qrupunun kollektivi 50 illik ömrünün 29 ilini qəzetimizin inkişafına, ayaqda qalmasına sərf etmiş Ələsgər Süleymanovu yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uğurlar, möhkəm cansağlığı arzu edir!

Elşad PAŞASOY,
FOTO: Elçin Əkbər

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR