İnsanlara hürriyət, millətlərə istiqlal!

40 dilli, 40 profilli trollar

1375 24.11.2022 11:30 Yazarlar A A

 

Bu günlərdə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkədəki səhifəsində belə bir maraqlı status paylaşmışdı: “Saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 Instagram profili olması müəyyən edilib”.

Sosial şəbəkələrdə müəyyən şərhlərə səbəb olan bu xəbər xeyli dərəcədə şaşırdıcıydı. Sual çıxırdı: bu qədər səhifə, hesab, profil bir taksi sürücüsünün nəyinə lazımdır?

Əslində o şəxs bu qədər profillə dələduzluqlar etməyibsə, burada cinayət tərkibi yoxdur, insan özünə istənilən sayda hesab aça bilər. Bəlkə huşsuz adamdır, parolunu itirir və yenisini açır? Ancaq bunun da bir limiti olmalıdır. 2-3 dəfədən sonra parolu bir etibarlı yerə yazmaq və saxlamaq olar.

Hərçənd Hacıyevin qeydlərində “müxtəlif məqsədlər üçün açılan hesablar” ifadəsi də var və bu, onu göstərir ki, çox səhifə işlədən adam özünü paralel olaraq bir neçə məqsəd güdür. Üstəlik, özünü bir başqası kimi təqdim etmək artıq dələduzluğun ilk pilləsinə qədəm qoymaqdır.

Adamın ağlına gələn birinci versiya odur ki, bu şəxs hansısa siyasi partiyanın üzvüdür və bu qədər profil ona liderinin şəkillərini, qeydlərini bəyənmək, onu “siz bu ölkənin ən güclü siyasi xadimisiniz”, “ölkənin gələcəyi sizinlə bağlıdır”, “siyasi arenamızın doğan günəşinə eşq olsun” və sair bu kimi mədhiyyələrlə göyə qaldırmaq üçün lazımdır.

Təsəvvür edin, bir partiya sədri bir cümlə yazır və onun altından təkcə bir nəfər 40 mədhiyyə yazır, 30-nu, 20-ni də başqaları (hər halda o tək olmaz) qeyd edir. Nəticədə kənar müşahidəçilər görürlər ki, adamın, tutaq ki, feysbukda böyük tərəfdarlar ordusu var, istənilən çıxışı, 3-4 min adam tərəfindən bəyənilir, alqışlanır, deməli, onunla hesablaşmaq lazımdır, real qüvvədir.

Çomağın o biri başı da var. Tutaq ki, həmin liderin sözü başqa bir liderlə çəp gəlir, nə üstəsə toqquşurlar. O zaman 40 profilli trollar dövriyyəyə daxil olur və “doğan günəş”in ziddinə hərəkət edən şəxsi “satqın”, “xain”, “reneqat”, “dönük” , “siyasi fahişə”, “ələbaxan tula”, “sındırılmış” və sair başqa epitetlərlə bəzəyir, adamı hoydu-hoyduya götürürlər. Kənardan baxanlar da bu “psixoloji terror hücumu”ndan qorxuya düşür, bu qədər tərəfdarı olan şəxslə mübahisəyə girmək istəmirlər.

Əslində bu ilk növbədə həm bu cür trolların, həm də o cür liderlərin özünü aldatmasıdır, ancaq bu aldanış onlara sərf edir, çünki güclü görünməklə ictimaiyyəti də aldadırlar. İnsanlar elə bilirlər ki, həmin siyasətçinin böyük tərəfdarlar korpusu var və nəsə edə bilsə, məhz o edəcək. Bu qənaətə gələn ictimai-siyasi fəallar istər-istəməz “boltrollu lider”ə yaxınlaşırlar, onun “ətrafında sıx birləşməyə” can atırlar.

Əvvəllər güman olunurdu ki, bu cür “siyasi mübarizə üsulu” seçən liderlərin, onların funksionerlərinin, eləcə də sıravilərin hərəyə 5-6 saxta profili var. İndi aydın olur ki, elə deyilmiş, saxta profillərin sayı daha çoxdur.

Bu qədər saxta profili müntəzəm işlətmək üçün insan gərək heç yerdə işləməsin, səhərdən axşama qədər bu işlə məşğul olsun.

Ona da ehtimal vermək olar ki, “saxta (lider) məhəbbəti saxta sənəd tək üstündə tutulmuş” taksi sürücüsü bu feyk profillər vasitəsilə narkotik maddələr alveri və ya qısamüddətli seksual partnyorlar tapmaq üçün istifadə edib. Ancaq bu halda saxta səhifələr 3-5 vahiddən çox ola bilməzdi. Ona görə də gümanlar daha çox “siyasi trolluq” versiyasının üstünə gedir.

Müasir siyasətdə mübarizə müstəvisi real meydanlardan virtual aləmə sürüşdüyü üçün artıq “trol savaşları”a qoşulmayan qalmayıb. İqtidar düşərgəsini təmsil edənlərin, yüksək mənsəbli məmurları da öz “trol ordusu” var. Onlar da özlərini təriflətdirir, rəqiblərini “vurdururlar”. Bir iş var ki, hökumət adamlarının saxta hesabları çox deyil, onlar bu iş üçün tabeçiliklərində olan şəxslərdən istifadə edirlər. Bu işə könüllü şəkildə qoşulan karyeristlər də var, bir tikə çörəyin dərdindən candərdi “trolluq” edənlər də.

Günümüzün gerçəyi belədir və bu, iyrənc gerçəklikdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR