İnsanlara hürriyət, millətlərə istiqlal!

4+ tövsiyəyə riayət et, qulağı dinc və hörmətli ol

2824 08.06.2022 09:10 Yazarlar A A

O gün satirik rus saytlarından birində belə bir tövsiyə oxudum: “Əgər hamıyla yola getmək istəyirsənsə, bu 4 mövzuya toxunmaq lazım deyil: 1. Din; 2. Siyasət; 3. Cinsi orientasiya; 4. Vaksinasiya... P.S. Bir də axmaqlara baş qoşmaq”.

Baxırsan ki, qızıl kimi sözlərdir. Bu, xüsusilə də sosial şəbəkədə fəallıq göstərənlərə aiddir. Zatən, artıq mübahisə etməyə başqa platforma (çayxana, klub, dərnək və s.) yoxdur.

Tərs kimi, sosial və virtual platformaların ən populyar müzakirə mövzuları elə yuxarıda bəhs edilənlərdir.

Budur, yüzlərlə istifadəçi öz hesablarında Tale Bağırzadənin aclıq etməsi barədə status yazır və ona minlərlə şərh yazılır. Ortada din söhbəti varmı? Var. Məhbus Bağırzadə Allahın müdafiəsinə qalxıb. Bu aksiyanın siyasi mötivi varmı? O da var. Bağırzadə aclıq edib, aclıq siyasi addımdır, üstəlik, ölkənin bir çox siyasiləri onun bu hərəkətini dəstəkləyirlər və bu, artıq siyasi kampaniyaya çevrilib.

Bəs Allahın bəndələrin müdafiəsinə ehtiyacı varmı? Prinsipcə, olmamalıdır. Adı üstündə: Qadir Allah. Əgər o istəsə, öz maraq və mənafeyini bəndələrdən daha yaxşı qoruyar və adını hallandıranlara qarşı elə bir xüsusi əməliyyat keçirər ki, Koroğlunun “leş bir yana, baş bir yana” söhbəti yalan olar. Amma Gözgörünməz belə bir addım atmırsa, demək, bir bildiyi var. Ona görə də bəndələr Allahın işinə qarışmasalar, yaxşıdır. O bilər, asi bəndə bilər, səbrlə gözləyin və gedin, yeməyinizi yeyin.

Bax, elə ki, kiməsə bu xüsusda bir əks söz deyirsən, qırğın düşür, adamın dost-tanışlarla sözü çəpləşir. Elə ehtirasla mübahisəyə girişirlər, sanasan, bu gün-sabah qiyamət olacaq və bunların savablar qovluğu tam deyil, bu cür hərəkətlərlə günahlar qovluğundakı materialları sıfırlamaq istəyirlər. Çifayda. Mələklərin hard-diskə yazdıqları pozulmur.

Cinsi orientasiya məsələsi də artıq toxunulmaz mövzuya çevrilib. Artıq-əskik bir söz deyəndə adamın üstünə “homofob” adı qoyurlar. Onun dərdindən çox adam yalandan “mənim cinsi azlıqlara münasibətim mənfi deyil” demək zorunda qalır, əslində isə dalda yerdə azlıqlarda söhbət düşəndə çoxluq “qoy o tərəfə rədd olsunlar, petuxdular dəə” deyə problemə öz səmimi yanaşmasını izhar edir.

Hətta danışırlar ki, cinsi azlıqların müdafiəsinə qalxaraq hamını “neprav”, “homofob”, “gerizəkalı”, “anti-demokrat” çıxaran biri var, nə üstəsə biri ilə dalaşıb-söyüşəndə telefonda qəzəbli şəkildə bağırırmış: “Sən petuxsan, kişi deyilsən, pasledni adamsan!” 

Bu üzdən bu mübahisələrə də girişmək düz deyil, ara yerdə adamın abrı gedir.

Vaksinasiya məsələsinin möhürü isə çoxdan vurulub. Peyvənd olunmayan və xəstəliyə yoluxmayan adamların qabağında dayanmaq mümkün deyil, özlərini lotereyası maşın udmuş, ağıl-kamalda Nobel mükafatı alan alimləri üstələmiş kimi aparırlar. Bu sayaq mübahisələr düşür: “Bax, gördünüzmü, biz vaksin vurdurmadıq, ölmədik, amma siz vurdurdunuz”. “Amma biz də ölmədik”. “Sizi hələ bilmək olmaz”. “Ona qalsa, sizi də bilmək olmaz”. Beləcə, mənasız söhbətlər uzanıb gedir, yenə də bilinmir ki, kim haqlıymış: vaksin vurdurmayıb ölməyənlərmi, vurdurub ölməyənlərmi? Bu suala ən yaxşı cavabı vaksin vurdurmayıb ölənlər verə bilərdi, fəqət onların bu imkanı yoxdur. Bu tərəfdən də vaksin vurdurub ölənlər peyvənd tərəfdarlarının dilini gödək eləyir.

Yerdə qaldı axmaqlar. Onlarla mübahisədən qaçmaq daha çətindir. Çünki heç birinin alnında “mən axmağam” tatusu yoxdur. Baxırsan, qalstuklu, kostyumlu adamdır, qəşəng bir şəklini seçib profil fotosu edib, ilk baxışdan elə bilərsən, yeni nəsil məmurlardandır - Harvardda iki həftəlik kurs keçərək, tərcümeyi-halına “Harvard məzunu” yazanlardan. Amma 3 cümləlik bir şey yazanda görürsən ki, axmaqdır, həm kütbeyindir, həm də gicbəsər. Adama bir müsəllət olmaqları var - cin kimi. Nə yazsan, müdaxilə edəcək, özünü daha ağıllı göstərmək istəyəcək. Oğlun yerindədir, sənə “qaqaş” deyə müraciət edir: “Elə döyül e, qaqaş, sən bu işi bilmirsən”. Hansısa məclisdə rastlaşsanız utandığından sizə yaxınlaşa bilməz, amma kompüterin arxasındadırsa, səninlə tay-tuşdur və istənilən vaxt sözünü kəsə, ağıl öyrədə, danlaya, yol göstərə bilər.

Bu üzdən birinci abzasda bəhs etdiyim 4+ tövsiyəyə riayət etmək gündən-günə aktuallaşır. Əgər bu mövzularda mübahisə etmək orqanizmə zərərli, sosial ünsiyyətə ziddirsə, əlac sosial şəbəkə hesabını bağlamağa qalır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR