İnsanlara hürriyət, millətlərə istiqlal!

4 tələbənin təyyarə qaçırması olayı- SSRİ-də böyük qalmaqalla bağlı FAKTLAR  

2441 05.08.2022 18:28 Yaxın tarix A A

 

Həmin gün Moskvanın Vnukovo hava limanına eniş edən təyyarələrin sayı əvvəlki günlərə nisbətən daha çox olub. Belə ki, 2 noyabr 1973-cü ildə Moskvada sülhməramlı qüvvələrin konqresinin açılışı planlaşdırılıb. Xarici ölkələrin rəsmi nümayəndə heyətləri də məhz səhər saatlarında Moskvanın əsas aeroportunda qarşılanıblar. Xarici qonaqların gəlişi nəzərə alınaraq Vnukovada milis və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyiblər.

Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Todor Jivkovu hava limanında SSRİ DTK sədrinin birinci müavini Semyon Sviqun qarşılayıb. Bolqarıstan liderini xüsusi hökumət avtomobili ilə yola saldıqdan sonra Sviqun xidməti avtomobilindəki telefonla nəqliyyatda təhlükəsizlik idarəsinin rəisindən məlumat alıb:

“Moskva-Bryansk reysini icra edən “Yak-40” təyyarəsi 3 heyət üzvü, 29 sərnişinlə birlikdə səmada 4 nəfər tərəfindən girov götürülüb...”

Sviqun dərhal hadisə ilə bağlı DTK sədri Yuri Andropova məruzə edib. Eyni zamanda insident Kremlə də məruzə edilib. Leonid Brejnev Andropova və daxili işlər naziri Nikolay Şelekova məsələnin araşdırılmasını və hər 30 dəqiqədən bir birbaşa ona  məruzə edilməsini göstəriş verib.

Andropov və Şelokov əməliyyat müşavirəsini kabinetlərində deyil, birbaşa Vnukovada keçiriblər. Məlum olub ki, Moskvanın Bıkovo aeroportundan saat 10:45-də havaya qalxan,  Moskva-Bryansk reysini icra edən “Yak-40” təyyarəsi Bryanska çatmağa 9 dəqiqə qalmış 4 nəfər sərnişin salonda olan bortmexanik vasitəsilə təyyarə heyətinin komandirinə tələb göndərib. Tələblərin birincisi  Moskvaya qayıtmaq olub. İkinci tələb 2 milyon 500 min dollar qarşılığında girovların azad edilməsi, üçüncü tələb əvvəlcə Moskvadan Leninqrada uçmaq, orada təyyarəni yanacaqla tam təmin etmək, Leninqraddan  İsveçə istiqamət almaq olub.

Tələbi irəli sürən 18-21 yaşlı Romanov, Jalnin, Bondaryov, Nikifirov Moskvada “ZİL” zavodunun nəzdində fəaliyyət göstərən Avtomobil Texnikumunun tələbələri olublar. Bu dörd nəfərdən başqa təyyarədə 29 sərnişin və 3 təyyarə heyətinin üzvü olub.

Heyət kapitanı İvan Kaşin Bryansk hava limanının dispetçerinə hadisə ilə bağlı məlumat verib. Dispetçer bu məlumatı zarafat kimi qəbul edərək təyyarə üçün eniş xəttinin hazır oduğunu söyləyib. İkinci əlaqədən sonra Kaşin Moskvaya qayıtmaq zərurətini onlara anladıb. Andropovun göstərişi ilə pilota Bıkovo aeroportuna deyil Vnukova hava limanına enməyi əmr edilib.

Təyyarə Moskvaya eniş edənə qədər salonda təhlükəli anlar yaşanıb. Tələbə-terrorçular bortmexaniki təyyarəyə ayrı-ayrı hissələrlə keçirdikləri silahla yaralayıblar. Daha sonra  pilotların qapısını atəş açmaqla sındıraraq kabinəyə daxil olublar. Sərnişinlərdən biri onlara müqavimət göstərəndə o da silahla susdurulub, amma həmin sərnişin ölməyib.

Təyyarə Vnukovaya eniş edib. Tələbələr yaralıları salondan “təmənnasız”  buraxıblar və ilk şərtlərini diktə ediblər- tələb olunan pulun yarısı müqabilində sərnişinlərin bir hissəsini girovluqdan azad etmək, pulun qalan hissəni Leninqradda almaq və digər sərnişinləri buraxmaq. Onu da söz veriblər ki, İsveçdə təyyarə heyətini sağ buraxacaqlar.

Andropov və Şelokov bir diplomat çantada 1 milyon 500 min dolları (saxta) təyyarənin azad olunması üçün yaradılmış xüsusi çevik qrupu üzvlərindən biri olan serjant Aleksandr Popryaduxinə veriblər. Qrupun digər 5 üzvü yanacaq avtomobili ilə təyyarənin ön şassisinin arxasında gizləniblər. Nəhayət, üç saatlıq hazırlıq işlərindən sonra tələbələrə bildirilib ki, pul hazırdır. Popryaduxin təyyarənin qapısına yaxınlaşıb, qarşı tərəf qapını yarımçıq açıb pulu qəbul etmək istəyəndə serjant əvvəlcədən hazırlanmış xüsusi dəmir parçasını qapının arasına atıb ki, onu bağlamaq mümkün olmasın. Eyni zamanda təyyarənin altında gizlənənlər də çevik bir hərəkətlə yuxarı qalxıblar. Vəziyyətin gərginliyini görən Jalnin diplomatı serjantın əlindən götürərək onun sinəsinə tapança ilə atəş açıb və elə düşünüb ki, qapını bağlaya biləcək. Amma zirehli jilet serjantı qoruyub və müqavimətini davam etdirib. Onun arxasınca 5 nəfər də təyyarə daxil olublar. Salona atılan gözqamaşdırıcılar tələbələri çaşdırıb, onlar silahdan hara gəldi atəş açıblar. Peşəkar xüsusi təyinatlılar isə cəmisi 6 dəqiqə ərzində öz işlərini yekunlaşdırıblar. Əməliyyat keçiriləndə heyətin kapitanı Kaşin öz həyatını təhlükə altına ataraq sərnişlərin təhlükəsizliyini təmin etmək üçün özünü silahlıların qarşısına atıb və onların zərərsizləşdirilməsində xüsusi təyinatlılara kömək edib. Əməliyyat zamanı tələbələrdən iki nəfər ölüb, sərnişinlərdən 3, təyyarə heyətindən 1 nəfər yaralanıb.

Sağ qalan 2 nəfər tələbədən biri, Jalninin hər iki valideyni olmadığı üçün 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Yəni tələbə-terrorçuya güzəştə gedilib. Cəzasının altıncı ilində o, cəzaçəkmə müəssisəsində vəfat edib.

Bondaryovun isə psixiatriya xəstəxanasında qeydiyyatı və psixi xəstə olduğundan müalicə müəssisəsinə göndəriblər.

19 dekabr 1973-cü ildə Leonid Brejenv Kremldə serjant Aleksandr Popryaduxini və təyyarə heyətinin komandiri İvan Kaşini Sovet ittifaqı qəhrəmanı adı ilə təltif edib.

İlham Cəmiloğlu, Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR