İnsanlara hürriyət, millətlərə istiqlal!

4 fənn yeni məzmunda tədris olunacaq - fərq nədir, təsirləri nə olacaq...

2820 13.07.2024 10:40 Təhsil A A

Təhsil eksperti dərslik mərkəzinin yaradılmasını təklif edir

2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.

Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”.

Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir.

Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır.

Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur".

Uzun illərdir orta məktəblərdə yeni, bir-birinə zidd olan qaydalar tətbiq olunur. Bu isə şagirdlər üçün həm də problemlər deməkdir. 

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovla yeniliyin yarada biləcəyi çətinlikləri müzakirə etdik. “Yeni Müsavat” açıqlamasında ekspert bildirdi ki, dərsliklərdə təkcə, dizayn və formanın deyil, informasiya yükü və akademik ifadələrin də dəyişməsi nəsillər arasında zənciri qırır: “Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərində  5-ci və 6-cı siniflərdə təbiət dərsi keçilir. Təbiət fənni daxilində coğrafiya, biologiya, fizika və kimya fənlərinin birləşmiş halda tədrisi yeni dərslikləri zəruri edir. Yəni indiki 6-cı, 7-ci sinfə keçən uşaqlar üçün əvvəlki illərdə istifadə olunan təbiət dərsliyi digər siniflərdə istifadə olunan coğrafiya, fizika, biologiya, kimya fənni ilə kifayət qədər ziddiyət təşkil edir.  4 fənnin yeni məzmunda tədris olunması ona görə baş verir ki, həmin fənlər aşağı siniflərdə təbiət fənni adı altında tədris olunur. Bu qəbul imtahanlarında kifayət qədər çətinlik yaradacaq. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarını hazırlaya bilməyəcək. Yəni 5-ci və 6-ci siniflərdə təbiət fənni keçən uşaqlar 7-ci sinifdən ayrıca coğrafiya, fizika, biologiya fənni keçirlər. Amma onlarla bərabər oxuyan uşaqlar digər siniflərdə bu fənləri daha geniş keçirlər. Yəni bu yeni 4 fənn məzmun baxımından biraz fərqlənəcək. Bu, gələcəkdə qəbul imtahanlarında çətinlik yaradacaq, həmçinin hazırlıq kurslarında dərs keçən müəllimlər üçün ziddiyyət ortaya çıxacaq. Odur ki, bu yaxşı hal deyil. Təbii ki, pilot olduğu üçün müvafiq qurumların bu məsələləri nəzarətdə saxlayacağına inanıram”.

Ekspert hesab edir ki, fənlərin yeni məzmunda tədrisi zəruridir, çünki  ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil: “Tədris üçün ifadələr akademikdir. Şagirdlər bu dərslikləri təkbaşına öyrənə bilmirlər. Yeni məzmunda tədris olunacaq fənlər şagirdlərə müəllim olmadan öyrənməyi, tətbiq etməyi, müqayisə etməyi, təhlil etməyi öyrətməlidir və bu bacarıqları formalaşdırmalıdır. Bu mənada Cənubi Koreya, Sinqapur, Türkiyədə istifadə olunan dərsliklər şagirdlərə daha uyğundur. Odur ki, bu ölkələrin təcrübəsindən də faydalanmaq olar. Yeni dərsliklər məzmun baxımından daha rahat, daha anlaşıqlı olmalıdır. Dərsliyi yazan müəlliflər həmin dərsliklərin aşağı siniflər üçün olan məzmunundan xəbərdar olmalıdır.Yeri gəlmişkən, hesab edirəm ki, dərslik mərkəzi yaradılmalıdır. Bu gün dərsliklərin hazırlanması üçün Elm və Təhsil Nazirliyi sifariş verir, nəşriyyatlar müəlliflərdən ibarət komanda yığırlar, tenderə daxil olurlar. Amma tenderdə qalib gələn dərsliyin müəllifləri aşağı sinif dərsliklərindən, yaxud digər fənlərdən xəbərdar olmurlar. Çünki dərsliyin yazılmasında ilk meyar fənlərarası və siniflərarası əlaqənin qurulmasıdır. 4 yeni məzmunda yazılacaq dərslik aşağı siniflərinkindən ciddi şəkildə fərqlənməməlidir ki, şagirdlərdə çaşqınlıq yaratmasın. Xüsusilə bura coğrafiyanı aid etmək olar. Elə informasiya var ki, şagirdlər üçün yeni olacaq, amma əvvəlki informasiya ilə ziddiyət təşkil etməməlidir.  Çünki həmin uşaqlar sonradan qəbul imtahanına gedəcəklər. Ən azı şagirdlərə keçilməyən mövzular tədris materiallarından birmənalı şəkildə çıxarılmalıdır. Uşaqları Allahın ümidinə buraxmamalıyıq. Dərsliklər elə məzmunda olmalıdır ki, şagirdlər müəllim olmadan da  mövzuları öyrənə bilsinlər. Bu dərsliklər yazılmamışdan öncə müəllimlər üçün təlimlər keçilməlidir ki, müəllimlər dərslikləri birinci özləri mənimsəyə bilsinlər. Tədris ili sentyabrın 15-də başlayır. Müəllim dərsliklə şagirdlərlə bərabər tanış olur. Müəllimlər proqram qurmalı, kurrikulumda hansı məzmun standartını tətbiq edəcəyini bilməlidir. Dərsliklər ən azı elektron variantda öncədən müəllimlərə göndərilməlidir ki, məzmunu mənimsəyə bilsinlər”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR