İnsanlara hürriyət, millətlərə istiqlal!

360 nəfər dinc sakini öldürən “müharibə veteranı” – Vasyura bu “xidmət”inə görə...

2237 19.08.2022 18:56 Yaxın tarix A A

O, törətdiyi hərbi cinayətləri məharətlə gizlədərək hətta kiçik bir vəzifəyə də sahib olmağı bacarıb. Sovet-alman müharibəsi zamanı almanlara könüllü əsir düşən, faşistlərə öz cəlladlıq ximətlərini təklif edən Qriqori Vasyura 3 il ərzində yüzlərlə sovet vətəndaşını, xüsusilə qadınları, qocaları, uşaqları vəhşicəsinə qətlə yetirməklə tarixə düşüb. Belarusun Xatın kəndinin yerlə-yeksan edilməsi, dinc əhalinin yandırılması əməliyyatında Qriqori Vasyura əsas simalardan biri olub...

xatin1.jpg (151 KB)

1915-ci ildə Ukraynada, Çerkask vilayətinin Çiqirin kəndində anadan olan Qriqori Vasyura müharibə başlayana qədər bir müddət məktəblərdə müəllimlik edib. O, sonrakı həyatını hərbi sahəyə bağlayıb, Kiyev Hərbi Rabitə Məktəbində təhsil alıb, bu təhsil ocağını 1936-cı ildə bitirib.

Müharibə başlayanda Vasyura 67-ci motoatıcı diviziyanın rabitə bölməsinə rəhbərlik edib. Həmin vaxt diviziya Baltikyanı cəbhədə dislokasiya olunub. Müharibənin 18-ci günündə Vasyura hərbi əməliyyatlar zamanı könüllü olaraq almanlara əsir düşüb və elə əsirliyin ilk dəqiqələrindən onlarla əməkdaşlıq etmək arzusunda olduğunu söyləyib.

Vasyura bir neçə ay Berlin yaxınlığındakı əsir düşərgəsində saxlanılıb. Sonra onu əsir düşən və könüllü əməkdaşlığa razılıq verənlər üçün nəzərdə tutulmuş təbliğat məktəbinə göndəriblər. Bu məktəbdə tam kursları keçdikdən sonra Qriqori Vasyura əsirlikdən rəsmi olaraq azad edilib və o, digər Almaniya vətəndaşları kimi bu ölkədə yaşamaq, işləmək, ayrı-ayrı sahələrdə fəaliyyət göstərmək hüququ qazanıb.

Bu güzəşt və imtiyazları əldə edən Vasyura yenidən rütbə daşımaq qərarına gəlib. O, “SS”in yardımçı xidmət dəstəsinə zabit kimi işə qəbul edilib. Vasyuranın xidmət etdiyi dəstə SSRİ-nin işğal olunmuş ərazilərində fəaliyyət göstərib. O, bu dəstənin Belarus qrupunun qərargah rəisi vəzifəsinə irəli çəkilib.

Alman “paqon”larını daşıyan Vasyura “SS” tərkibində xidmət edəndə öz həmyerlilərinə qarşı son dərəcə amansız münasibət sərgiləyib, işğal olunmuş ərazilərdə dinc sakinlərə divan tutub. Almanlara satılan ukraynalı zabit Ukraynada və Belarusda yüzlərlə dinc sakini şəxsən özü güllələyib. Xatın əməliyyatının keçirilməsində isə Vasyura əsas icraçılardan biri olub.

71042141_499568540628597_1638764739091759104_n.jpg (44 KB)

Müharibənin son aylarında Qriqori Vasyura Vermaxtın Fransa istiqamətində dislokasiya olunanan piyada qoşunlarında xidmət edib. Onun xidmət etdiyi hərbi hissə sovet qoşunları tərəfindən dağıdılanda Vasyura qaçmağa nail olub. Ancaq 1 həftədən sonra o, həbs edilib. Vasyura sovet xüsusi xidmət orqanlarına izahat verəndə “SS”dəki xidmətini, almanlarla əməkdaşlıq etdiyini gizlədib, Fransa Müqavimət Hərəkatında fəaliyyət göstərdiyini bildirib.

Vasyuranın istintaqı bir neçə ay davam edib. O, 1941-ci ildə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməkdə, müharibə dövründə hərbçi kimi qeydiyyatdan yayınmaqda ittiham edilib. Beləliklə də onun almanlarla əməkdaşlığı, törətdiyi hərbi cinayətlər heç bir sənəddə öz əksini tapmayıb. Kiyev Hərbi Tribunalı Vasyuranı 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin amnistiya haqqında qərarı ilə Vasyura da azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra Kiyev vilayətinin Brovarı rayonunda məskunlaşan Vasyura qısa müddət ərzində özünü qəhrəman müharibə iştirakçısı kimi tanıtmağa nail olub. Hərbi məktəblərdə kursantlar qarşısında veteran kimi çıxış edib, müharibə illərindəki döyüş yollarından olduqca “maraqlı” səhnələr canlandırmağı bacarıb. Həbsdə olmasının səbəbini isə əsir düşməyi ilə əlaqələndirib.

Cəmiyyətdə yerini daha da möhkəmlətmək üçün Qriqori Vasyura Kommunist Partiyasının sıralarına keçib. Xruşşov hakimiyyətdə olduğu dövrdə o, Stalinin fəaliyyətini də ara-sıra tənqid etməkdən çəkinməyib. Beləliklə də Vasyura Kiyev vilayətində ictimai şəxs statusunu qazanıb.

Fərasətli cəllad çox keçməmiş özünə iş də tapıb. O, Brovarının Velikaya Dımerka kəndində sovxoz direktorunun müavini vəzifəsinə təyinat alıb. Vasyuranın həyat tərzi də digərlərindən fərqlənib. “Veteran” böyük evə və şəxsi avtomobilə sahib olub.

Vasyura yerini möhkəmlətdikcə iddiaları da artıb. O, 1985-ci ildə Qələbənin 40 illik yubileyi ərəfəsində Mərkəzi Komitəyə bir neçə məktub ünvanlayıb. Bu məktublarda özünə ən yüksək dövlət təltifi istəyib, buna haqqı olduğunu bildirib.

Kremldə Qriqori Vasyuranın məktubları araşdırılıb, rəsmilər qənaətə gəliblər ki, onu ali dövlət mükafatlarının biri ilə mükafatlandırsınlar. Ancaq bu qərarı qəbul etməzdən əvvəl onun fəaliyyətində kiçik bir araşdırma aparılması vacib sayılıb. Kiçik araşdırmalar isə çox dərinliklərə gedib. Vasyuranın tərcümeyi-halındakı qaranlıq məqamlarla DTK məşğul olub. Onun hərbi cinayətlərinin canlı şahidləri tapılıb, Almaniyanın arxivlərindən onun “SS”dəki xidməti haqqında arayışlar üzə çıxıb, Vasyuranın Xatın əməliyyatındakı rolunu təsdiqləyən sənədlər və şahidlər isə bu araşdırmalara son qoyub.

2 il davam edən araşdırmalardan sonra Vasyuraya dövlət mükafatı deyil, ən ağır cəza verilib. Belarus Hərbi Dairəsinin tribunalında Vasyuranın bütün cinayət əməlləri həm sənədlərdə, həm də şahid ifadələrində öz təsdiqini tapıb. Təsdiq olunmuş faktlara görə, Vasyura Belarusda 360 dinc sakinin qətlə yetirilməsində birbaşa iştirak edib. Tribunal onu ən ağır cəzaya - güllələnmə hökmünə məhkum edib. 72 yaşlı “müharibə veteranı” 2 oktyabr 1987-ci ildə güllələnib.

002145-1.jpg (58 KB)

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR