İnsanlara hürriyət, millətlərə istiqlal!

350 milyard dollarlıq etimad: Azərbaycanın beynəlxalq nüfuzu necə formalaşıb?

770 19.06.2026 16:50 Ölkə A A

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi inkişaf strategiyasının mahiyyətini və qarşıdakı dövr üçün müəyyən etdiyi prioritetləri aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı təkcə iqtisadi göstəricilərin təqdimatı deyil, həm də Azərbaycanın dəyişən qlobal geosiyasi və iqtisadi mühitdə öz mövqeyini necə müəyyənləşdirdiyinin siyasi manifesti kimi qiymətləndirilə bilər.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi və ya iqtisadi potensialı ilə deyil, həm də onların etibarlı tərəfdaş kimi qəbul olunması ilə ölçülür. Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi bu baxımdan təsadüfi hadisə deyil. Bu, ölkənin beynəlxalq maliyyə institutları və qlobal təşkilatlar tərəfindən etimad qazandığını göstərən mühüm göstəricidir. Son illərdə Bakının COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyəti Azərbaycanın diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri sabitlik amili oldu. Dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və iqtisadi risklərin artdığı bir dövrdə sabitlik artıq sadəcə daxili siyasi faktor deyil, həm də strateji iqtisadi üstünlük hesab olunur. Azərbaycanın son onilliklər ərzində qoruyub saxladığı siyasi və ictimai sabitlik ölkəyə uzunmüddətli inkişaf proqramları həyata keçirməyə, iri investisiya layihələri reallaşdırmağa və sosial rifah siyasətini davam etdirməyə imkan verib. Məhz bu amil ölkənin regionun ən etibarlı investisiya məkanlarından birinə çevrilməsində həlledici rol oynayıb.

iqtisadi.jpg (18 KB)


Çıxışda səsləndirilən iqtisadi göstəricilər də Azərbaycanın inkişaf modelinin dayanıqlı əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olması uzun illərdir həyata keçirilən iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir. Bu göstərici Azərbaycanın enerji resurslarından əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltmək strategiyasının uğurunu göstərir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi isə beynəlxalq təcrübədə nadir rast gəlinən maliyyə dayanıqlığı nümunələrindən biri hesab olunur. Bu fakt ölkənin fiskal intizamını və maliyyə idarəetməsinin səmərəliliyini ortaya qoyur.


Müstəqillik dövründə Azərbaycana 350 milyard dollara yaxın investisiyanın cəlb olunması da xüsusi diqqət çəkən məqamdır. İnvestorlar yalnız yüksək gəlir imkanlarına deyil, həm də siyasi sabitliyə, qanunvericiliyin etibarlılığına və iqtisadi perspektivlərə üstünlük verirlər. Bu mənada Azərbaycanın əldə etdiyi nəticələr ölkənin investisiya mühitinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olduğunu təsdiqləyir. İşsizlik və yoxsulluq səviyyəsinin təxminən 5 faiz civarında olması isə iqtisadi artımın sosial nəticələrinin də mövcud olduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında enerji məsələlərinə geniş yer verməsi təsadüfi deyildi. Son illərdə Avropada və dünyada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycan mühüm enerji təchizatçısı kimi mövqeyini gücləndirib. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu hər il daha da artır.

Bununla yanaşı, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri ölkəni regionun əsas logistika qovşaqlarından birinə çevirib. Yükdaşımaların həcminin iki dəfə artırılması istiqamətində müəyyən edilən hədəf Azərbaycanın tranzit ölkədən daha çox regional logistika mərkəzinə çevrilmək niyyətini nümayiş etdirir.


Çıxışın diqqət çəkən istiqamətlərindən biri də yaşıl enerji siyasəti oldu. Azərbaycanın 2032-ci ilədək 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü yaratmaq planı enerji strategiyasında yeni mərhələnin başlanğıcını göstərir. Bu, bir tərəfdən daxili enerji balansının daha səmərəli formalaşdırılmasına, digər tərəfdən isə karbohidrogen ehtiyatlarının ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın yaşıl keçid siyasətinə xüsusi önəm verməsi həm beynəlxalq öhdəliklərə, həm də uzunmüddətli milli maraqlara uyğun gəlir.

Eldəniz əmirov.jpg (73 KB)


İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirib ki, 1994-cü ildə Azərbaycanın əsasını qoyduğu neft strategiyası, sonrakı dövrlərdə həyata keçirilən qaz strategiyası və alternativ enerji siyasəti olduqca uğurlu təcrübə kimi özünü doğrultdu: “Bu siyasət eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün ölkənin daxili potensialını gücləndirdi və ciddi maliyyə resurslarının əldə olunmasına imkan yaratdı.

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi, eləcə də onların ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində genişmiqyaslı fəaliyyətə başlanıldı. Bu gün artıq həmin işlərin nəticələri aydın şəkildə görünməkdədir.

Bununla yanaşı, Azərbaycanın yerləşdiyi coğrafi mövqe də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq əhəmiyyətə malik dörd böyük nəqliyyat dəhlizinin kəsişmə nöqtəsində yerləşir. Lakin təkcə belə strateji mövqedə olmaq hər şeyi həll etmir. Bu üstünlüyün real nəticələr verməsi üçün dəhlizlərin səmərəli fəaliyyətini təmin edən infrastrukturun yaradılması vacibdir. Bu istiqamətdə ilk növbədə dəmir yollarının çəkilməsi, limanların tikilməsi, avtomobil yollarının inşası, yükötürmə qabiliyyətinin artırılması kimi mühüm məsələlər ön plana çıxır. Azərbaycan da bu sahədə böyük işlər həyata keçirib və həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ən yüksək səviyyədə fəaliyyət göstərən ölkələrdən birinə çevrilib. Düşünürəm ki, qarşıdakı dövrdə də bu dinamika davam edəcək. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi məqsədilə artıq ikinci Dövlət Proqramının hazırlanması mərhələsi həyata keçirilir. Hesab edirəm ki, ikinci Dövlət Proqramı birincidən daha səmərəli icra olunacaq. Çünki ilk proqramın icrası zamanı qazanılmış təcrübə və əldə edilmiş nəticələr növbəti mərhələdə daha uğurlu şəkildə tətbiq ediləcək”.

Azər Badamov.jpg (52 KB)


Millət vəkili Azər Badamov bildirib ki, ümumi daxili məhsulun təxminən 70 faizi qeyri-neft sektorunun payına düşür: “Eyni zamanda, əgər bir neçə il əvvəl dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payı 40 faiz idisə, bu gün həmin göstərici 57 faizə yüksəlib. Yaxın gələcəkdə isə bu payın 80 faizə çatdırılması istiqamətində işlər davam etdirilir.


Azərbaycanın xarici dövlət borcu da əhəmiyyətli dərəcədə azalıb. Əgər 2010-cu ildə xarici dövlət borcu daha yüksək səviyyədə idisə, bu gün həmin göstərici ümumi daxili məhsulun cəmi 6 faizini təşkil edir. Bu müddət ərzində xarici dövlət borcu təxminən 20 dəfə azalıb. Bu fakt Azərbaycanın iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir.
Bu illər ərzində Azərbaycanın qarşısında duran ən mühüm hədəflərdən biri torpaqların işğaldan azad edilməsi idi və ölkə bu hədəfə nail olub. Bununla yanaşı, azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Həm makroiqtisadi göstəricilər, həm də dövlət qarşısında qoyulan strateji hədəflərin həyata keçirilməsi Azərbaycanın uğurla inkişaf etdiyini göstərir. Bu nailiyyətlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycan əlverişli investisiya mühitinə malik ölkə kimi dəyərləndirilir.

İslam İnkişaf Bankı da bu illər ərzində Azərbaycanla sıx əməkdaşlıq edib. Bankın dəstəyi ilə ölkədə 85 layihə icra olunub və müxtəlif sahələrə 1,8 milyard dollara yaxın maliyyə vəsaiti yönəldilib.

Bu gün də Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Müxtəlif sahələr üzrə yeni investisiyaların cəlb olunması, yeni kreditlərin ayrılması və bankın maliyyə resurslarının ölkəyə yönəldilməsi istiqamətində razılaşmalar əldə edilir.


Ölkəyə yatırılan hər bir investisiya və cəlb olunan hər bir kredit Azərbaycanın gələcək inkişafına xidmət edir”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR