İnsanlara hürriyət, millətlərə istiqlal!

33-lərin ağ yalanı, 159-ların qarğışı

1079 02.08.2022 20:20 Yazarlar A A

BMT Baş Məclisinin 76-cı sessiyasının sədri Abdulla Şahidin qalmaqallı Ermənistan səfəri haqda yazmışdıq. Qalmaqal da ondan ibarət idi ki, A.Şahid İrəvanda uydurma “soyqırımı” abidəsini ziyarət edərək, ora gül-çiçək qoymuş, “Xatirə kitabın”da özünün “təsirli ürək sözlərini” yazmış və Twitter-də paylaşım eləmişdi (Düzdür, Türkiyə XİN-in etirazından sonra silmişdi).

Cənab Şahid sıradan bir adam olsaydı, bu olayın üstündən sükutla keçmək olardı. Onun ölkəsinin – Tunisin saxta genosidi tanınamasını da ona hardasa bağışlamaq olardı. Hər halda, məsələn, Gürcüstan da uydurma iddianı dövlət səviyyəsində tanımayıb, amma, gürcü rəsmi şəxsləri protokol tələb elədiyi üçün İrəvan səfərləri zamanı bir qayda olaraq, saxta kompleksi ziyarət edirlər.

Ancaq Abdulla Şahid nə sıradan bir şəxsdir, nə də Tnisin baş naziri və yaxud prezidenti. O, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Tunis də daxil, 200-ə yaxın (192) üzvü olan BMT-nin Baş Məclisinin dönəm sədridir. Demək, öncə BMT Nizamnaməsinə riayət eləməyə, ona hörmət qoymağa borcludur. Daha dəqiqi, qoymalı idi. Eləcə də BMT Baş Məclisinin qərar və qətnamələrinə sayğı göstərmək onun boyun borcudur.

BMT isə bəllidir ki, saxta “erməni məsələsi”ni tanımayıb. Tanımağa da hazırlaşmır. Xaricdəki erməni lobbiləri dəridən-qabıqdan çıxsa da, buna nail ola bilməyib. Fəqət, cəhdlərindən əl də çəkməyiblər. Xüsusən də ABŞ-ın qardaş Türkiyənin acığına iki il öncə bu iddianı rəsmən tanıması, Ağ Ev başçısı Co Baydenin “genosid” söyləməsi erməniləri xeyli ruhlandırıb. İndi də BMT çərçivəsində bu iddianı irəli aparmaq istəyirlər. Təsadüfi deyil ki, İrəvanda A.Şahidlə görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzəyan bu mövzuya xüsusi dıqqət yönəldib – qarşı tərəfdən adekvat reaksiya görməsə də.

Sadalananlara rəmən, erməni inadkarlığı və həyasızlığı davam edir. Bu da təzə fakt.

ABŞ-ın qatı ermənipərəst konqresmeni, ermənidən çox erməni kimi özünü aparan bədnam Frank Pallone Abdulla Şəhidin “erməni soyqırımı qurbanları” abidəsini ziyarət etməsi ilə bağlı paylaşımını silməsini yanlış adlandırıb. Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.

“33 ölkə, o cümlədən ABŞ erməni soyqırımını rəsmən tanıyıb. BMT Türkiyənin tarixi inkar etməsində şərik olmamalıdır. Abdullah Şahid Türkiyənin təzyiqinə tab gətirməyərək tvitini silməklə səhvə yol verdi”, – məyusluğunu gizlədə biməyən erməni yanlısı F.Pallone qeyd edib.

İndi bu, erməni çörəyi yeyənə, Azərbaycan əleyhinə bir sıra təşəbbüslərə imza atana, ermənidən də çox sırtıqlıq edən amerikalıya nə deyəsən? Ona necə başa salasan ki, BMT-də 33 yox, 192 dövlət təmsil olunub. Yəni mütləq əksəriyyət bu uydurmanı rədd edir. O zaman Şahid öz yanlışını niyə düzəlməməli idi? Axı Türkiyə etiraz bildirsə də, bildirməsə də gerçək ortada: Baş Məclis sədrinin məlum hərəkəti, paylaşdığı tvit BMT-yə və onun Nizamnaməsinə, erməni yalanını rədd edən 159 dövlət adına hörmətsizlikdir.

Sırf xristian ölkələrindən ibarət 33-lərin ağ yalanına 159-lar niyə şərik olmalıdır? Yalana və yalançılara alqış yox, qarğış düşür...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR