İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il “justice” deyə-deyə gözləmək...

2522 16.10.2022 16:50 Yazarlar A A

 

Biz uzun müddət özümüzü aldatmaqla məşğul olmuşuq, hesab etmişik ki, ölkəmizin ətrafında gedən oyunları, başımıza gələn faciələri, tapdanan haqqımızı doğru-düzgün şəkildə ABŞ-a, Avropya, hətta Rusiyaya çatdıra bilmirik.

Uzun illər güman etmişik ki, ermənilər bu işlərdə bizdən daha fərasətlidirlər, ABŞ-da, Avropada, Ruisyada güclü diasporları, lobbist himayədarları var, ona görə də hamının gözünə kül üfürməyi bacarır, özlərini haqlı, bizi haqsız göstərə bilirlər.

34 ildir çalışırıq ki, necə deyərlər, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq, hamıya anladaq ki, əslində biz təcavüzkar tərəf deyilik, aqressiyaya məruz qalan tərəfik, ərazimizin 20 faizi işğal olunub, 1 milyon qaçqın-köçkünümüz var və s.

1988-ci ildən ta 2020-ci ilin bu vaxtlarına qədər ölkəmizə gələn yüzlərlə (bəlkə də minlərlə) qonağa (dövlət başçılarına, siyasi xadimlərə, deputatlara, diplomatlara, elm adamlarına və s.) bu barədə yorulmadan danışmaqda, sənədlər göstərməkdəydik.

Hesab edirdik ki, nəhayət, dünya birliyi Ermənistan-Azərbaycan münaqişəsində kimin haqlı, kimin haqsız olduğunu düzgün təsbit edəcək, aqressorla ərazisi işğal olunan tərəf arasında bərabərlik işarəsi qoymayacaq, beynəlxalq hüququn tələblərinə riayət olunmasını təmin edəcək və haqq-ədalət öz yerini alacaq.

Ancaq olmadı, məşhur atalar sözü bu dəfə də yerini aldı, məlum oldu ki, suda boğulanın xilası öz əllərindədir.

Əslində ABŞ, Avropa və Rusiyanın siyasətçiləri də, diplomatları da, hərbçiləri də lap başdan bəri nəinki ölkəmiz haqda, ümumiyyətlə, regionumuz haqda hər şeyi, hətta bizim bilmədiklərimizi də bilirdilər. Onlar lap yaxşı bilirdilər ki, Ermənistan Rusiyadan, Fransadan, İrandan aldığı hərbi, maddi, siyasi yardım hesabına bəlli bir yerə qədər güclənib və öz ərazisini Azərbaycanın torpaqlarının hesabına böyütmək istəyir. Bütün münaqişə də bunun üstündədir.

Onlar bilirdilər ki, 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinə amansız hücum olub, hərbi cinayət törədilib, 600-dən artıq insan öldürülüb, iki o qədər əsir götürülüb, işgəncəyə məruz qoyulub.

Bu dairələr ermənilərin 1990-94-cü illər arasında azərbaycanlı mülki şəxslərə qarşı 32 terakt törətdikləri, 2 mindən məsum insanın bu teraktlardan zərər çəkdiyini də bilirdilər.

Bir sözlə, onlar hər şeyi bilirdilər. Bilirdilər və susurdular. Susurdular və aqressora dəstək verirdilər, bizi haqsız çıxarırdılar, işğalçıya güzəştə getməyə, Qarabağın dağlıq hissəsinin tam, düzən hissəsinin isə qismən itirilməsi faktı ilə barışmağa vadar edirdilər.

Biz dünyadan ədalət gösləyirdik, onların ədaləti isə yalnız və yalnız öz din qardaşlarının zorla, qanunsuz şəkildə əldə etdiyi ərazilərin bizdən de-yure qoparılmasını nəzərdə tuturdu. Biz itirdiklərimizlə barışıb sülhə getsəydik, onlar bunu alqışlayacaq və “münaqişə ədalətlə həll olundu” bəyanatları verəcəkdilər.

Tarixin gərdişi başqa cür inkişaf etdi. Biz səbrlə, amma müharibəyə hazırlaşa-hazırlaşa 30 il gözlədik. Nəhayət, Qarabağ münaqişəsinə münasibətdə üçü də ermənilərin tərəfində olan, müttəfiqlik edən, amma öz aralarında daimi çəkişmə yaşayan vasitəçilərin (ATƏT-in Minsk qrupunun üzvləri) münasibəti gərginləşdi, ermənilər də hər yüz ildən bir buraxdıqları məşum səhvi (əsas himayədara xəyanət edərək yenə himayədar axtarmaq) buraxdılar, tarixi revanş fürsətü yetişdi və itirdiklərimizi geri aldıq.

İndi vaxtilə ədalət umduğumuz siyasi dairələr əsl sifətlərini maskalamırlar, ortaya açıq mövqe qoyurlar, bizi aqressiv tərəf kimi qələmə verməyə uğursuz cəhdlər edirlər. Onların mövqeləri həqiqətə, gerçəyə söykənmədiyi üçün olduqca zəifdir və dünən bəyan etdikləri qərəzli fikirləri təpki görən kimi dəyişməyə, yonmağa məcbur olurlar.

Fransa prezidenti Emmanuel Makronun bir gün əvvəl dediyi fikirləri ertəsi gün yumşaltmağa məcbur olması həmin haqsız mövqedə olması üzündən baş verdi.

Artıq onlar hər şeyi bilirlər – münaqişənin 100 il əvvəlki tarixini də, 30 il əvvəlki prosesləri də, 2 il əvvəlki olayları da, hətta bir il sonra nələr olacağını da. Fakt budur ki, biz “justice” (ədalət) deyə-deyə 30 il gözləyərkən, ermənilərin dişində şirə (“juice”) qalmışdı, iştahları daha da artmışdı.

İşin gerçək tərəfi odur ki, ölkənin iqtisadiyyatı güclü, ordusu möhkəm, daxili sabit və monolit olmalıdır və o dünya birliyindən ədalət ummamalı, elə hey “biz zəifik, bizi döyürlər, haqqımızı tapdayırlar” deyə şikayətlənməməlidir.

Suda boğulanın xilası öz əlində olduğu kimi, bir xalqın itirilmiş qalasını geri alıb ora sancacağı bayraq da öz əlindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR