Kanadada uzun illər sərnişin təyyarələrini idarə edən pilotun əslində tələb olunan lisenziyaya malik olmadığı üzə çıxıb.
Musavat.com xəbər verir ki, Kanadanın Ontario əyalətində hüquq-mühafizə orqanları “Air Canada” aviaşirkətinin 59 yaşlı sabiq pilotu Ceffri Uollu saxlayıb. Məlum olub ki, o, 1998–2025-ci illərdə sərnişin təyyarələrini xüsusi pilot lisenziyası olmadan idarə edib, hətta hava gəmisinin kapitanı vəzifəsində çalışıb.
İstintaqın məlumatına görə, Uoll 2009-cu ildə kapitan vəzifəsinə yüksəlmək üçün tələb olunan nəqliyyat aviasiyası pilotu lisenziyasını saxtalaşdırıb.
Kanadalı pilot barəsində dələduzluq ittihamı irəli sürülüb. O, 27 il ərzində “Boeing” təyyarələrində 900-dən çox daxili və beynəlxalq reys həyata keçirib, on minlərlə sərnişin daşıyıb.
Maraqlıdır ki, bu müddət ərzində onun iştirakı ilə heç bir aviasiya hadisəsi qeydə alınmayıb.

Musavat.com






