İnsanlara hürriyət, millətlərə istiqlal!

200 min nəfərin ölümündə ittiham olunan cəllad qadın - Germina Braunştayner 36 ildən sonra ələ keçib

5412 24.04.2022 17:55 Yaxın tarix A A

 

Onu nasist Almaniyasının yaratdığı əsir düşərgələrində 200 min əsirin öldürülməsində birbaşa iştirakına görə ittiham ediblər. Germina Braunştayner bu ittihamlardan uzun illər yayına bilib. Yalnız 36 ildən sonra, 1981-ci ildə Almaniyada keçirilən məhkəmədə cəllad nəzarətçi öz layiqli cəzasını alıb. O, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Germina Braunştayner 1919-cu ildə Venada anadan olub. Məktəb illərində tibb bacısı peşəsinə yiyələnmək arzusu olsa da, ailənin maddi durumu onun təhsil almağına imkan verməyib. Germina səkkizillik təhsildən sonra bir müddət ailələrdə ev xidmətçisi işləyib, sonra daha çox qazanc əldə etmək üçün Berlinə köçüb. Hər gün iş elanlarını nəzərdən keçirən gələcəyin cəllad qadını nəhayət, iki həftədən sonra Berlində aviasiya zavodunda işə qəbul olunub.

1939-cu ildə nasistlər əsir düşərgələri yaradanda nəzarətçilərin işə qəbulu ilə bağlı müsabiqə elan ediblər. Şansını əldən verməyən Germina da həmin müsabiqələrdə iştirak etmək qərarına gəlib. Fiziki cəhətdən sağlam və güclü olması, ciddiliyi, sərt xarakteri bu müsabiqədə ona yaşıl işıq yandırıb. Beləliklə, o, 15 avqust 1939-cu ildə Berlindən 90 kilometr aralıda yerləşən Ravensbryuk qadın düşərgəsinə nəzarətçi vəzifəsinə təyin edilib.

Germina çox qısa müddətdə özünü tanıda bilib. Onun məhbuslarla amansız davranışı yuxarıları tam qane edib. Hətta Germina o dərəcədə sərt və amansız olub ki, düşərgənin digər nəzarətçiləri və əməkdaşları da ondan çəkiniblər.

1942-ci ildə Germina ciddi bir kadr kimi ölüm düşərgəsi kimi tanınan “Maydanek”ə təyinat alıb. Onun bu düşərgəyə təyinatı “Maydanek”də bütün rejim qaydalarını dəyişib. Əsirlərin öldürülməsinə və işgəncə verilməsinə Germina xüsusi təşəbbüskarlıq və həvəs göstərib. O, özünə ucluğuna dəmir bərkidilən xüsusi çəkmələr sifariş edib. Bu çəkmələrlə əsirləri təpikləmək onun ən böyük şakəri sayılıb.

Germina qaz kameralarına salınacaq əsirlərin sayını günü-gündən artırıb, baraklarda ölümə göndərilən qadın əsirlərin seçimində özü iştirak edib və bu “fəallığına” görə 3-4 il ərzində Germina Almaniyanın ən yüksək mükafatları ilə təltif edilib.

1944-cü ildə Germina yenidən əvvəlki xidmət yerinə, Ravensbryuka qaytarılıb. Bu dəfə o, baş nəzarətçi vəzifəsini tutub.

1945-ci ilin may ayında sovet qoşunları Berlini işğal edəndə Germina ələ keçməmək üçün Berlindən Venaya qaçıb. Amma Avstriya polisi onun Venada gizlənməsinə imkan yaratmayıb. Germina həbs olunaraq Britaniya rəsmilərinə təhvil verilib. Onun ilk məhkəməsi Avstriyada keçirilib. Germina Ravensbryuk əsir düşərgəsində vəzifəsindən sui-istifadəyə görə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu məhkəmə zamanı Germinanın “Maydanek”dəki fəaliyyəti araşdırılmayıb. Bununla da Germina əsl cəzasından yayına bilib.

1950-ci ildə azadlığa çıxdıqdan sonra Germina Venada restoranda xidmətçi işinə düzəlib. Sərbəst buraxılsa da o, “Maydanek”dəki törətdiyi cinayətlərə görə həmişə təşviş içində yaşayıb və bir gün bu cinayətlərə görə ittiham olunacağından qorxub. Ancaq çox keçməmiş işlədiyi restoranda təsadüfən tanış olduğu bir amerikalı onu bu qorxulardan xilas edib. Amerika vətəndaşı olan Rassel Rayan Germinaya evlilik təklif edib. Bir neçə həftədən sonra onlar ailə quraraq ABŞ-a köçüblər. Germina həyat yoldaşının soyadını götürərək bütün izlərin itəcəyini düşünüb.

“Maydanek” ölüm düşərgəsində baş verən faciələr uzun illər araşdırılıb. 1964-cü ildə bu araşdırmalar rəsmi müstəviyə keçib. Bu düşərgənin qaçan, itən, yox olan əməkdaşları yenidən axtarılmağa başlayıb. Beynəlxalq axtarışa verilənlərin ilk beşliyində Germinanın adı birinci olub.

1964-cü ildə  “Nyu-York Tayms” qəzetində Germina haqqında geniş məqalə dərc olunub, məqalədə onun ölüm düşərgəsindəki törətdiyi cinayətlərdən geniş bəhs edilib. Yazının sonunda Germinanın ABŞ-a köçməsi, Amerika vətəndaşı ilə ailə quraraq soyadını dəyişməsi, onun Nyu-Yorkda yaşaması ehtimalı ilə bağlı fikirlər də əks olunub. Bu yazı Germinanın ələ keçməsi üçün müvafiq qurumlara ipucu olub.

Altı illik yazışmalardan sonra ABŞ hökuməti Germinanın vətəndaşlığını ləğv edib, 1971-ci ildə o, Almaniyaya ekstradisiya olunub. “Maydanek” faciəsi ilə bağlı Almaniyada keçirilən məhkəmə prosesi isə nə az, nə çox, düz 10 il davam edib. Bu müddətdə Germinanın amerikalı həyat yoldaşı pul girovu qarşılığında onu azadlıqda saxlamağı bacarıb.

1981-ci ildə Germina Braunştaynerə hökm oxunub. Cəllad nəzarətçinin bütün cinayətləri sübuta yetirilərək ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

Həbsxana həyatına dözməyən Germina məhbəsdə şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Xəstəlik o dərəcə kəskinləşib ki, həkimlər onun ayaqlarını kəsmək məcburiyyətində qalıblar və Germina əməliyyatdan sonra həbsxanadan azad edilib. Üç ildən sonra isə, 1999-cu ildə, 79 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR