İnsanlara hürriyət, millətlərə istiqlal!

12 il serjant rütbəsində qaldı, axırda prezident oldu- Fulxensio Batistanın qanlı həyat hekayəsi  

2283 05.12.2022 14:58 Yaxın tarix A A

 

 

O, iki dəfə hakimiyyəti ələ keçirsə də, sonda yeni il ziyafəti zamanı ölkəsindən qaçmağa məcbur qalıb. Fulxensio Batista prezident kürsüsünə çevrilişlə gəldiyi kimi, bu kürsünü çevrilişlə də tərk edib...

1901-ci ildə Kubanın Banes şəhərində anadan olan Batista axşam məktəbini bitirdikdən sonra Kuba ordusunda xidmətə başlayıb. 12 il ərzində o, serjant rütbəsindən yuxarı yüksələ bilməyib. Amma buna baxmayaraq, Batista Kuba ordusunun həmkarlar təşkilatına rəhbərlik edib ki, bu vəzifə ona çoxsaylı tərəfdarlar qazandırıb. Yoxsul ailədə böyüməsinə baxmayaraq, Batista yeniyetməlik illərindən zəngin həyat tərzinə meyl göstərib. Onu ordudakı serjant rütbəsindəki mövqeyi qane etməyib. Serjant Batista yaxşı anlayıb ki, bu rütbə ilə o, arzuladığı villalara, avtomobillərə, zəngin həyata sahib ola bilməyəcək. Məhz bunları düşünərək o, hakimiyyətdə yüksək post tutmaq üçün planlar cızıb.

Nəhayət, Batistanın planları 1933-cü ildə reallaşıb. O, ordudakı tərəfdarları ilə mövcud hakimiyyətə qarşı üsyana qalxıb ki, həmin hadisə Kuba tarixinə “Serjant qiyamı” kimi düşüb. Məhz bu qiyamdan sonra tələbə hərəkatının rəhbəri, Havana Universitetinin professoru, Kuba İnqilab Partiyasının qurucusu Ramon Qrau prezident kürsüsünə sahib olub. Batista isə polkovnik rütbəsində Kuba ordusunun baş qərargah rəisi vəzifəsini tutub. Faktiki olaraq ölkəni  Batista idarə edib.

Ramon Qraunun prezidentlik müddəti heç bir il davam etməyib. Onu  Karlos Mendieta əvəzləyib. Batista Mendietaya da bu vəzifədə çox işləməyə imkan verməyib. 11 aydan sonra prezident vəzifəsinə Migel Qomes gəlib ki, o da cəmi 7 ay ölkəyə rəhbərlik edib. Sözsüz ki,  tez-tez baş verən bu yerdəyişmələrdə ABŞ-ın xüsusi rolu olub. 1936-cı ildə prezident kürsüsünə əyləşən Federiko Bru öz vəzifəsini 4 il icra edib. Bu müddətdə Batista ABŞ-la münasibətlərini tənzimləyərək özünü Kuba prezidentliyinə hazırlayıb və Amerika rəsmiləri tərəfindən onun mövqeyi dəstəklənib. 1940-cı ildə keçirilən seçkilərdə saxtalaşdırılmış rəqəmlərlə o, prezident seçilib. Bu seçki daha çox mədəni dövlət çevrilişini xatırladıb.

Batistanın hakimiyyətə gəlməsi ilə Kuba-ABŞ münasibətləri bütün sahələrdə ən yüksək həddə çatıb. 1942-ci ildə Batista SSRİ ilə də diplomatik əlaqələr yaradıb. Kuba ABŞ-ın diktəsi ilə antihitler koalisiyasına qoşulub. O, siyasi tədbirlərlə yanaşı öz şəxsi həyatındakı tədbirləri də arxa palana salmayıb. Qısa müddət ərzində Batista ağılasığmaz dərəcədə zənginliyə sahib olub. Ölkənin ümumi gəlirlərinin 30 faizindən artıq bir hissəsi Batistanın şəxsi xəzinəsinə keçib və xarici banklara yerləşdirilib.

1944-cü ildə növbəti prezident seçkilərində Batista keçmiş rəqibi Ramon Qrauya məğlub olub. Məhz həmin ərəfədə ABŞ prezidenti Franklin Ruzvelt Batistanın Kuba liderləyinə ciddi önəm verməyib.

Yeni prezidentin dövründə Batista Kubada qalmağı məqbul saymayaraq ABŞ-ın Florida ştatında məskunlaşıb. Yığdığı pulların hesabına Amerikada şəxsi iqamətgaha, son dərəcə zəngin həyat tərzinə malik olsa da, hakimiyyət hərisliyi Batistanı rahat buraxmayıb. Beləliklə, Batista 1948-ci ildə Kubada keçirilən senat seçkilərinə qatılıb və 4 il müddətinə senatın üzvü seçilib. Müddət sona çatdıqda Batista 1952-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürüb. Seçkilərdən əvvəl keçirilən sorğuların nəticələrinə görə namizədlər arasında Batista ən sonuncu pillədə qərarlaşıb. O, seçkilərdə qalib gəlmək üçün bütün mümkün variantlara əl atıb. Ancaq seçkilərə az bir müddət qalmış Batista anlayıb ki, qələbə şansı sıfıra bərabərdir.

Batista geri çəkilməyib. O, bu dəfə də, 10 mart 1952-ci ildə ordudakı tərəfdarları ilə hakimiyyəti devirərək özünü prezident elan edib. Əslində, Batistaya qarşı qüvvələr onu  məğlub etmək gücünə malik olublar. Amma ABŞ prezidenti Harri Trumenin Batistanı rəsmən prezident kimi tanıması bütün mübarizələrə son qoyub.

Batista növbəti prezidentliyi dövründə Kubanı daha sərt diktatura rejimi ilə idarə edib. Kuba demək olar ki, ABŞ-ın müstəmləkəsinə çevrilib. Kubanın iqtisadiyyatının 70 faizi amerikalıların nəzarəti altında olub. Ən böyük sənaye müəssisələrini amerikalılar idarə ediblər. Faktiki olaraq Kubanın pulları ABŞ-a axıb. Yaradılmış bu şəraitin sayəsində Batista ABŞ-ın mafiya başçılarından və iş adamlarından milyonlarla rüşvət alıb.

Batista bütün sahələrdən böyük gəlir əldə edib. İki il ərzində Havanada fahişəxanaların sayı 8550-yə çatıb ki, bu, “obyekt”lərdə 22 mindən artıq qadın işləyib. Gəlirlərin əsas hissəsi isə Batistanın şəxsi xəzinəsinə verilib. Həmin ərəfədə Havana Las-Veqası xatırladıb. Şəhərdə kazinoların sayı günü-gündən artıb və bu şəbəkəyə də Batista şəxsən nəzarət edib.

Sıravi Kuba əhalisinin səfalət içində yaşadığı bir vaxtda Batistanın var-dövləti hər dəqiqə artıb.

Sözsüz ki, ölkədə bu cür diktatura rejimi çox davam edə bilməzdi. Artıq hər şeylərini itirmiş əhali Batista rejimindən yaxa qurtarmaq üçün bütün tədbirlərə hazır olub. Sadəcə onları təşkilatlandıran, idarə edən liderə ehtiyac olub ki, nəhayət Fidel Kastro bu missiyanı öz üzərinə götürüb.

Fidel Kastronun rəhbərliyi ilə növbəti inqilabın yekunu 1958-ci ilin sonuncu gününə təsadüf edib. Prezident iqamətgahında Batista yeni il ziyafətində əylənərkən şəhər mərkəzinin qiyamçılar tərəfindən tutulduğunu eşidəndə birbaşa hərbi aerodroma yollanıb. O, ilk olaraq Dominikan Respublikasına uçub. Sonrakı taleyini müəyyənləşdirmək üçün Batista ABŞ-a müraciət edib. Amerika rəsmiləri onu qəbul etməkdən imtina ediblər. Daha sonra o, Meksika rəhbərliyindən sığınacaq istəyib. Meksika da Batistaya yox cavabı verib. Nəhayət, o, Portuqaliyada özünə yer edə bilib. Bir müddətdən sonra isə İspaniyaya köçüb. Onu da qeyd edək ki, Batista Kubadan çıxanda ölkənin xəzinəsinin əsas hissəsini də özü ilə aparıb.

Batista 1973-cü ilə qədər bu pulların hesabına İspaniyada zəngin həyat tərzi sürüb. O, həmin il 72 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR