İnsanlara hürriyət, millətlərə istiqlal!

12 aprel - Kosmos fatehlərinin azərbaycanlı sərkərdəsinin günü

7041 12.04.2022 11:00 Yaxın tarix A A

14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya prezidenti Vladimir Putin daxil olur, hamını, xüsusilə də səbəbkarı salamlayır, sonra K.Kərimovdan izn alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz kosmos fatehlərinin sərkərdəsisiniz!”

SSRİ-də ən mühüm qərarların verildiyi Sov.İKP.MK Siyasi Bürosunda bu vəzifəyə qeyri-rus, müsəlman azərbaycanlının təyin edilməsinə çoxları etiraz bildirsə də, İttifaqda söz, nüfuz sahibi olan akademiklər (başda SSRİ EA prezidenti Mstislav Keldış və baş konstruktor Sergey Korolyov olmaqla) və generallar, elmi və hərbi elita israrla onun adı üzərində dayanıb. Çünki K.Kərimov həm mühəndis-alim, həm də təşkilatçı kimi bu işin başında duranların ən layiqlisi idi; SSRİ Müdafiə Nazirliyinin Raket Silahları Baş İdarəsinin, SSRİ Kosmik Vasitələr İdarəsinin, Baş Kosmik Tədqiqatlar İdarəsinin rəisi, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının üzvü olmuşdu, SSRİ-də 130 hərbi zavodun yarıdan çoxu onun ideyası, layihəsi əsasında, birbaşa rəhbərliyi ilə tikilib fəaliyyət göstərirdi. SSRİ-nin 10-dan çox naziri K.Kərimovun sədr olduğu Komissiyanın üzvü idi, aidiyyəti məsələlər üzrə ona hesabat verir, ondan tapşırıq alırdı. K.Kərimov təqaüdə çıxanadək tam 25 il (1966—1991) SSRİ-nin Pilotlu Gəmilərin Uçuşları üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Ona görə də 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Gününü xatırlayıb qeyd etməyə ən çox haqqı olanlardan biri azərbaycanlılardır.
Sovet KQB-sinin tam 50 il – “perestroyka”, “qlasnost”a qədər ən ayıq-sayıq qoruduğu, adını, yerini, kimliyini gizli saxladığı insanlardan biri Kərim Kərimov olub. Ailəsi də uzun illər onun harada olduğundan, hansı vəzifədə çalışmasından xəbərsiz qalıb, xeyli müddət Bakıdan Moskvaya köçmələrinə izin verilməyib. Yalnız 1987-ci ildə “Pravda” və “Sovetskaya Rossiya” qəzetləri onun haqqında ilk informasiyaları yaydıqdan sonra sirr pərdəsi götürülüb.

554.JPG (34 KB)

Sovet televiziyaları Qazaxıstandakı Baykonur poliqonundan kosmonavtların kosmosa uçuşunu hər dəfə xüsusi pafosla dünyaya yayırdı; pilotlu gəminin komandiri raport verir: -yoldaş Dövlət Komissiyasının sədri, “Soyuz” gəmisinin ekipajı uçuşa hazırdır! Sədrin üzü görünmür, yalnız təmkinli səsi eşidilir: - Sovet İttifaqı adından Sizə uğurlu uçuş proqramı həyata keçirməyi və sağ-salamat doğma Yerə qayıtmağı arzulayıram!

Yerə qayıdandan sonra da proqramın yerinə yetirilməsi haqqında kosmik gəmi komandirinin raportunu O qəbul edirdi. Dünyanın səsini eşidib üzünü görmədiyi həmin şəxs “Kərim Kərimov - SSRİ-ni kosmos dövləti edən dahi azərbaycanlı” idi.

Xatirələrində yazır ki, Kosmik Vasitələr İdarəsinin rəisi olarkən, SSRİ rəhbərliyi tez-tez Baş konstruktor Sergey Korolyovu və məni qısa müddətdə yerətrafı orbitə ilk insanı göndərmək üçün tələsdirirdi. Çünki ABŞ-ın yerətrafı orbitə içində insan olan kosmik gəmi göndərmək niyyətində olmasından SSRİ kəşfiyyatı xəbər tutmuşdu. SSRİ kosmosun fəthi uğrunda mübarizədə ABŞ-ı qabaqlamaq və dünyada bunu sosializmin kapitalizm üzərində qələbəsi kimi təbliğ etmək niyyətində idi. Ancaq biz çətinliklə də olsa, inandıra bilmişdik ki, hazırlıq işləri tam sürətlə getsə də başa çatması üçün əlavə vaxt lazımdır, tələsmək faciəli uğursuzluqla nəticələ bilər. Ona görə də Yerətrafı orbitə çıxmaq üçün ilk sınaq 3 noyabr 1957-ci ildə Layka adlı itlə aparılmışdı.

2.jpg (212 KB)

12 aprel 1961-ci il dünyada ilk pilotlu kosmik gəminin, rus kosmonavtı Yuri Qaqarinin Yerətrafı orbitə çıxdığı gündür. K.Kərimov yazırdı ki, mən Yuri Qaqarini gəmiyə kimi müşayiət etdim. Gəmiyə minəndə Qaqarinin üzündə qeyri-təbii bir gülüş vardı, özünü sakit və təmkinli aparmağa çalışırdı. Onun göyə uçmadan öncə sonuncu gördüyü mən idim. Hər şey yaxşı olacaq-dedim. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı və Qaqarin Yer ətrafında 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə endi. İlk sovet kosmonavtının bu tarixi uçuşu SSRİ-də böyük bayrama çevrildi. Bu sevinci yalnız II Dünya müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi – 9 may ilə müqayisə etmək olardı. Dünya bu hadisədən danışırdı. ABŞ-ın vəziyyətini anlamaq o qədər də çətin deyildi; SSRİ bu dəfə ABŞ-ı qabaqlamışdı, Amerika ilk kosmonavtı Con Qlenni yalnız 1962-ci il fevralın 20-də kosmosa göndərdi.

Azərbaycan Cumhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi, milyonçu mesenatlar Hacı Zeynalabdin Tağıyev və Murtuza Muxtarovun qohumu olan Kərim Kərimovun bir sıra qabiliyyətləri bu köklü soylardan ona irsən keçmişdi. 12 yaşında oxuduğu Pirşağı məktəbində radio qovşağı, tələbə ikən radioötürücü, radioqəbuledici qurğular yaratmışdı, II Dünya müharibəsində alman ordusuna ağır zərbələr vuran “Katyuşa”nın əsas yaradıcılarından idi. “Fay-2” ballistik raketinin, “Zenit”, “Molniya-1”, “Meteor-1”, “Kosmos-186”, “Mir”, “Vostok”, “Soyuz” və sair pilotlu, pilotsuz gəmilərin, kosmik aparatların layihəsinin hazırlanması, istehsalı, istifadəsində K.Kərimovun misilsiz xidmətləri olub.

3.jpg (164 KB)

25 il sovet kosmonavtikasının başında duran K.Kərimovun təqaüdə çıxdıqdan sonra yazdığı “Kosmosa yol” (“Дорога в космос”) kitabı sovet kosmonavtikasının tarixi haqqında zəngin, mükəmməl mənbələrdən biridir. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməyib, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. 2003-cü ildə Moskvada vəfat edilib, orada dəfn olunub.

O, heç zaman Azərbaycanla əlaqəni kəsməmişdi, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinin yaradılmasına köməklik göstərib, bir çox azərbaycanlı alimin bu sahədə yetişməsinə şərait yaradıb. AMEA-nın fəxri üzvü seçilib. Sosialist Əməyi Qəhrəmanı adına, iki dəfə Dövlət mükafatı, çoxlu təltiflərə, həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülüb. Haqqında “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkib. Prezident İlham Əliyev “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 30 yanvar tarixdə Sərəncam imzalayıb, AMEA, “Azərkosmos” ASC, Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə AMEA-da görkəmli alim və hərbi xadimə həsr olunmuş tədbir keçirib. Ancaq Kərim Kərimovun adını daha sanballı şəkildə əbədiləşdirməyə ehtiyac var, çünki elə insanlar xalqımızın intellektinin, zəkasının, elmi təşkilatçılıq potensialının da göstəricisidir, K.Kərimov kimi həmvətənlərimizin tanınması, tanıdılması öncə bizim borcumuzdur.

888.JPG (54 KB)

Həm də ona görə ki, Azərbaycan regionun ilk kosmos dövlətidir. 8 fevral 2013-cü il. Bakı vaxtilə saat 1.36-da Azərbaycan Respublikasının ilk peyki - "Azərspase-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodramundan-Qviana Kosmik Mərkəzindən üzərində üç rəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı.

"Azərspase-1" peykinin kosmosa göndərilməsi münasibətilə xalqımıza və həmvətənlərimizə ünvanladığı təbrikində Prezident İlham Əliyev bu hadisəni belə dəyərləndirdi: "Bu, doğrudan da tarixi gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük". Biz bunun nə qədər gərəkli, uzaqgörən bir iş olduğunu 44 günlük savaşda bir daha gördük.
Ucalığa aparan yolumuz açıq olsun!

5544.JPG (46 KB)

***

Sözardı: Mənim general-leytenant Kərim Kərimovun adına, xatirəsinə minnətdarlıq, vəfa borcum var. Elə "Qubadlısız 16 il" adlı kitabımda gedən bu yazım da həmin borca görə yazılıb.

İnstitutu bitirib hərbi xidmətə yola düşmək üçün Qubadlıdan gəlmişəm Biləcəriyə. Artıq son qəpiklərimi xərcləyirəm. Eşidirəm ki, çağırışçılardan bir qrupu Podmoskovyeyə düşmək üçün 26-lar rayon hərbi komissarlığının 2-ci şöbə rəisi mayor Arutyunyana pul yığırlar. Mənim yoxumdu, əsas da buna görə aranı qarışdırıb pulyığmanı pozuram. Dərhal öyrənir, açıq hədə ilə deyir:-gör indi səni hara basacam gedəsən, salamat qayıda bilsən, adımı ömürlük yadında saxlarsan. Ali təhsillilər hamısı gedir, tək mən qalıram. Ertəsi gün adım çıxır, maşınlara doldurub bizi gətirirlər Bakı Dəniz Limanına, ordan da paromla Krasnovodska, qatarla Türkmənistandan Özbəkistana Qazaxıstana uzun yorucu, üzücü yol, gecənin yarısı çatırıq Qazaxıstanın Törədam adlanan çöl-biyabandakı stansiyasına, burada pay-püş edirlər bizi. Yolboyu bir işıq gələn yer yox, səhər açılır, sapsarı qum səhrası, göz işlədikcə bir ağac, kol, ins-cins gözə dəymir, 20 nəfərlik dəstə ilə çatırıq 4-5 kazarmadan ibarət hərbi hissəyə. Yerbəyer oluruq, bir neçə saat keçmiş cavan bir leytenant gəlib məni aparır düz naçalnik ştabın yanına. İçəri girirəm. Şəxsi işim qarşısındadır. İnstitutun qırmızı diplomunun kopyası, Azərbaycan Yazıçılar İttifaqının katibi Cabir Novruzun imzası ilə möhürlü yaşıl başlıqlı blankda rus dilində hərbi hissə komandanlığına məktub da şəxsi işimin içində; Hacı N. A ədəbi-bədii yaradıcılıqla məşğul olur, iki il Komsomulun MK-nın və Yazıçılar İttifaqının ədəbi müsabiqəsinin qalibi, SSRİ-nin gənc yazıçılarının seminarlarının dinləyicisi olub, xahiş edirik onun hərbi xidmət müddətində bədii yaradıcılıqla məşğul olmağına şərait yaradasınız. Məktubu İttifaqın gənclər üzrə katibi İshaq İbrahimovun xeyirxah ideyası, I katib İmran Qasımovun razılığı ilə rəhmətlik Kübra xanım yazıb Cabir Novruza imzalatmışdı. Allah rəhmət eləsin hamısına.

İçəri daxil olub özümü təqdim edirəm. Polkovnik Samoylov əsəbi şəkildə deyir:
-Səni necə göndəriblər bura, sənin nə işin var burada, indiyədək bizə həqiqi hərbi xidmətə ali təhsilli əsgər gəlməyib axı, bu mümkünsüz bir işdi, sən əvvəlcədən getməliydin xüsusi 6 aylıq zabit kursu keçirilən hissəyə, leytenant rütbəsi alıb gələ bilərdin hərbi xidmətə artıq zabit kimi davam etməyə. Səni hara, necə qaytaraq?!

Siyasi işlər üzrə müavin, polkovnik Nejurin içəri girir, o da bir neçə sual verir. Hiss edirəm ki, əməlli-başlı problem yaratmışam. İndi iş gəlib o yerə çatıb ki, məni sənədlərimlə birlikdə bir zabitə qoşub Bakıya qaytarmaq istəyirlər, yuxarıdan razılıq gözləyirlər, müşgül bir vəziyyət yaradıb erməni məkri, kinli hikkəsi. Zəng gəlir, komandanlıqdan göstəriş verilir ki məni sabah poliqonun qərargah rəisi general-mayor Parşikovun qəbuluna gətirsinlər.

Şəxsi işim qarşısındadır.

-General Kərim Kərimovun yerlisisən, adını heç eşitdinmi?

-Xeyr(Nikak net!)

-Necə yəni yox?! “On naş Qlavnokomanduyuşiy, Qlavkom, naçalnik poliqona, şef Baykonura, on nezamenimıy çelovek mirovovo masştaba!!!”

Ayağa qalxır, çönüb barmağı ilə arxasındakı fotoları, onu və özünü göstərir, fəxrlə:-mən ona iki dəfə raport vermişəm!-deyir. Əhvalı yüksəlir. Görmədiyi Bakıdan, Xəzərdən danışır, Nizami, Nəvai, Abay, Puşkin, Yesenindən ədəbiyyatdan söhbət açır, bir neçə sual-cavab. Daxili telefonla 2 nəfəri yanına çağırır, hüquqi don geydirib elə yanımdaca məni təyin edir zabit doljnostuna - “naznaçit ryadovovo Abdullayeva zaveduyuşiy bibliotekoy voyskovoy çasti 74829”. Bir daha K.Kərimova raport verdiyi şəkli göstərir:-tolko radi Kerimova!

Havasında oksigendən basqa hər şey olan bu suya həsrət Kızıl Orda çöllərində, Baykonur kosmodromunun mərkəzində kitablarla baş-başa ilyarımlıq hərbi xidmət keçirəm. Qitələrarası ballistik raketlərə qədər bütün növ kosmik texnikanın ilk sınaqlarının keçirildiyi, saxlandığı, tədqiqatların aparıldığı bu qazax çölü SSRİ-nin ən sirli, məxfi, qorxunc hərbi obyekti idi. Təkcə bir P-16 raketinin sınaq uçuşunda baş verən qəzada SSRİ Raket Qoşunlarının komandanı marşal Nedelin, dövlət adamları, generallar, akademiklər, professorlar da aralarında olmaqla 126 nəfər yanıb kül olmuşdu, 1 həftəyə qədər yüzlərlə əsgər, zabit əleyhqazda qalmağa məcbur olmuş, sonralar da aldığı şüalanmadan, digər xəsarətlərdən ölən, ömürlük şikəst olan nə qədər əsgər, zabitin həyatı məhv olmuşdu. Baykonurda K.Kərimova qədər belə hallar bir neçə dəfə baş vermişdi və bunlar tam məxfi saxlanırdı, evlərinə məktubda “Herkules” raketinin sınaq uçuşunu yazdığına görə klubda əsgərin məhkəməsi keçdi, hərbi sirri yaymaq cəhdinə görə 8 il həbs verilmişdi. Hər gün bəd xəbər almağa öyrəşmişdik-qaraulda kimsə qışda donub ölüb, şaxta kiminsə burun, qulağını vurub, ya yayda kimlərsə istiyə düşüb ürəyi dayanıb. Hər uçuşda yerin titrəməsindən - sanki çölü də özü ilə göyə dartıb aparır, kitablar yerə tökülür, yaxınlıqda hər kəs ağzin ayırıb, barmaqlarını qulağına tıxayıb üzüüstə yerə uzanırdı. Tam 7 il mən də Baykonurda hərbi xidmət keçən minlərlə əsgərdən biri kimi xaricə çıxışıma qadağa qoyulmuşdu. Mən çöllükdə göz işlədikcə uzanan beton döşəməli meydançalarda (“troyka” və “dvoyka”dan) kosmonavtların ən yaxın məsafədən Yerətrafı fəzaya, Aya uçuşunu, uçuşdan əvvəl general-leytenant Kərim Kərimova raport verməyini, izn almağını, onun ürək titrədən məxsusi pafosla dediyi “ot imeni Sovetskoqo Soyuza” sözləri ilə başlayan məşhur cümləsini, səsini dəfələrlə eşidirəm, onu yaxınlıqdan görürəm, bu qazax çölünə ayaq basan hərbi, mülki insanlar içində nə qədər böyük hörmət, sevgi, nüfuz sahibi olmasının şahidi oluram, qürur keçirirəm. Və tək adının sayəsində bütün obyektiv çətinliklərə baxmayaraq, əsgərlik həyatım dözülməz əzaba yox, unudulmaz xatirələrə dönür. O da xatirimdədir ki, hətta yüksək rütbəli rus zabitlər-kitabxanamın ən fəal oxucuları da etiraf edirdi ki, əgər K.Kərimov azərbaycanlı yox, rus olsaydı çoxdan Sovet İttifaqı marşalı idi.

12 aprel Kosmonavtika günü kosmodromda ən sevilən bayram idi, xüsusi qeyd edilərdi, yemək stollarına, qarovuldakıların “payok”una daimi at ətindən başqa yeməklər də əlavə olunurdu, uzaqlardan konsert qrupları gəlib klubda konsert verərdi, əsgər, zabitlər ildə bir dəfə zənən xeylağı da görüb gözünün qurdun öldürərdü, o gün “vot on, leqendarnıy Kosmodrom” kimi mahnılar məxsusi həvəslə oxunardı. Və həmin aprel günlərində bir neçə günlük ömrü olan tülpanlar da torpağın altından baş qaldırıb doğulduğuna tez də peşman olub solub gözdən itirdi (“Tyulpanı Baykonura”). Heyf ki, hərbi xidmətdə birlikdə olduğum həmyerlilərimlə indi əlaqəm yoxdur, əksəriyyəti "xozvod"da başların girləyirdi, mənim də kitabxanadakı kabinetimə ərzaq sarıdan görüm-baxım edirdilər, görürdülər ki, ümumi yeməkxanaya getmirəm və bir də hərbi şəhərcikdə mənə qədər olan kütləvi davaların səmtini az bir zamanda başqa cür yönəltdim; ruslarla çeçenlərin birliyini pozub çeçenləri (başçıları Qroznılı Rizvan Elpiyevlə dostluğumuz var idi) azərbaycanlılarla birləşdirib rusların müsəlman əsgərlərə qarşı qudurğan hərəkətlərinə, hərbi şəhərcikdəki hökmranlığına son qoyduq.

Mən 28 il əvvəl Qubadlıda qoyub gəlməyə məcbur olduğum itik şeylərimin arasında əsgərlik albomumun həsrətin çəkəcəm və bir də erməni əsgər Onik Dovlatyanın “masterskoy”da dəmirdən kosmik gəmi yonub düzəltmişdi, elə bilirdin startdadı bu saniyə göyə uçacaq, altda alovu, içində kosmonavtı, illər boyu mənzilimin görükən yerində gözümün önündəydi. Nə isə...

Məkanın behişt olsun, Azərbaycanlı adını şərəflə ucaldan general Kərim Kərimov!

333.JPG (28 KB)

Hacı Abdulla

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR