İnsanlara hürriyət, millətlərə istiqlal!

1000 nəfərlik ictimaiyyət

1056 07.08.2022 19:00 Yazarlar A A

Lap çoxu, 1000 nəfər olarıq, virtual həyatda, sosial şəbəkədə, türkün sözü, hər konuya maydonoz (yəni hər mövzuya girmək) olarkən, özümüzü ülgücləyərkən, bir-birimizi “neprav çıxararaq”, xətir qırarkən real həyatda durum tamamilə başqa cürdür.

Həmin vaxt şəhərin küçələrinə çıxsanız, səkilərdə arın-arxayın addımlayan yüz minlərlə adam görərsiniz, qanrılıb yola baxsanız, gözünüzə elədən-beləyə, belədən-eləyə şütüyən on minlərlə maşın dəyər, 5 mərtəbəli ticarət mərkəzlərinə girsəniz, hər mərtəbəsində bir neçə min adamla qarşılaşarsınız, eyni vaxtda yolunuz klinikalara, xəstəxanalara düşsə, dəhlizlərdə saysız-hesabsız pasiyentə və xəstə yiyəsinə ürcah olarsınız, canım sizə desin, dəniz qırağı restoranlara (eləcə də şadlıq saraylarına) baş çəksəniz, insan əlindən oturmağa bir stul tapmazsınız... Və müşahidə edərsiniz ki, məmləkət işlərinin bu qədər adama elə də istisi-soyuğu yoxdur, onlar öz həyatlarını yaşayırlar – kimisi şad-xürrəm, kefi ala buludda, alış-veriş hayında, kimisə beynində yüz bir qayğı, canında hansısa azar gəzdirə-gəzdirə.

Londonda səfirliyimizə edilən hücumdan bu saat da yüz minlərlə adamın xəbəri yoxdur. Yanlarında danışan olmasa, heç vaxt xəbər tutmayacaqlar. Yüz minlərlə adamın yanında “İran” desən, ağlına birinci o gələcək, quru sərhədləri açsaydılar, yaxın adamlarından birini Tehrana, Təbrizə müalicəyə aparardı. Feysbukdakı fəallar isə dincəlmir, sutkada 16 saat həm bayraq, həm sərhəd, həm dolanşıq, həm təhlükəsizlik davası edir, dövlətlərarası münasibətlər üstə bir-birini qırırlar.

İnflyasiya, bahalıq yüz minlərlə adamın yadına yalnız marketdə, ərzaq dolu arabasını kassa aparatına yaxınlaşdırıb, haqq-hesab edəndə və əvvəlki illərlə müqayisədə aldığı eyni azuqələr üçün ikiqat pul ödəyəndə düşür, bir balaca duruxur, sonra “eh, cəhənnmə olsun” deyir, bu dərdi elə arabanın içində qoyub çıxır.

Onun yerinə sosial şəbəkədəki 1000 adam “belə olmaz” yazır, hiddətlənir, bahalıqdan danışan deputatları da söyür, danışmayanları da, qiymət qaldıranlar da, qiymətlərdə endirim edənləri də (əsasən yüz manatlıq şeyi 99.99-a satanları).

İllərdir, beləyik. 1000 nəfərə yaxın jurnalist, politoloq, ictimai-siyasi fəalıq, düşmüşük ortalığa, millət, məmləkət dərdi çəkirik. Millət isə o tərəfdə, dəniz qırağında şəkil, meşə talasında kabab, kasıbçılığa görə fikir və xəcalət, tarlalarda zəhmət, tikintilərdə əziyyət, əsgər balalarına görə intizar, kreditlərə görə zillət çəkir.

Açığı budur ki, bu 1000 fəal bu boyda məmləkətin dərdini çəkib bir tərəfə çıxara bilmirlər. Ara yerdə bir-birilə qanlı-bıçaq olublar. Zatən, Ukrayna və Rusiyanın müharibəsinə görə fevral-martda tərəf tutaraq bir-birilə dalaşanlar hələ barışmayıblar. “Sülhməramlıların Qarabağa gəlməsi elə-belə şeydir, vaxtı gələndə gedəcəklər” deyənlərlə “Ölkəmizə yadelli qoşun girməməliydi” deyənlərin davası zaman-zaman (hər rüb) yenidən qızışır. “İran bizə qarşı təxribat törədir” deyənlərlə “İran düz edir, günah bizdədir” deyənlərin toqquşması davam edir. Bunların içində yalnız “Rusiya pis dövlətdir” deyənlərlə “Amerika ondan da pisdir” deyənlər arada ortaq məxrəcə gələ bilirlər, razılaşırlar ki, ikisi də pis dövlətdir, amma Fransa ikisindən də pisdir. Bayraq məsələsindən sonra İngiltərəni də “pislər” siyahısına salanlar var.

Ən pisi odur ki, millət bu cür şiddətli müzakirələrin getdiyi Feysbukdansa artıq Tik-Tok-dadır. Orada dərd-məlal yoxdur, əsasən məzəli videolardır və hamı sevə-sevə baxır. Qədirbilən və gələcəyindən səksəkəli xalqımız məmləkətin problemləri barədə müzakirələrə qoşulmur, çünki maraqlı deyil, hamı bilir ki, dünyada nə baş verirsə, versin, hamısı Amerikanın oyunlarıdır, masonların işidir, koronavirus pandemiyasını da onlar eləmişdi, indi də nəsə ayrı bir qəsd planlaşdırırlar.

Arada bu cür adamların yanında məmləkət dərdinə dair söhbət salın, görəcəksiniz ki, hər gün bu qədər yazı-pozu oxuya-oxuya, mübahisə, müzakirə apara-apara, heç nə bilmirsiniz, amma “Tik-Tok” aludəçiləri hər şeyi bilirlər.

Belə olandan sonra adamın məmləkət dərdlərinə həsr etdiyi müzakirələrə, söhbətlərə, vaxta hayıfı gəlir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR