İnsanlara hürriyət, millətlərə istiqlal!

100 illik xəyallarını bir “fərman”la gömdülər

2435 29.09.2023 12:22 Siyasət A A

1991-ci ildə Azərbaycan torpaqlarında qanunsuz yaradılan, “DQR” və ya “artsax respublikası” adlandırılan işğalçı rejim özünü buraxdı; Xankəndidəki bütün “dövlət strukturlarının” buraxılmasından sonra idarəetmənin təhvil-təslim işlərinə başlanacaq

Azərbaycan torpaqlarında qurulmuş işğalçı Qarabağ rejimi buraxılıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib. Novator.az bildirir ki, rejimin başçısı Samvel Şahramanyan sentyabrın 28-də belə sənəd imzalayıb.

Bildirilir ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib.

Məlumatda qeyd olunub ki, fərmana əsasən, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, “artsax” xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, “Dağlıq Qarabağ” sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikası Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.

“Dağlıq Qarabağ”ın konstitusiyasına əsasən qərara alınır:

2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Dağlıq Qarabağ” (“artsax”) respublikası öz fəaliyyətini dayandırsın.

“Dağlıq Qarabağ”ın əhalisi, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsəddilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Qarabağda "Şeytan yuvası" dağıldı - İndi növbə Paşinyanın: Bakı daha bir  istəyinə çatır

Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərk-silah olmaq öhdəliyi götürüb.

1991-ci ildə qanunsuz yaradılan, özünü “Dağlıq Qarabağ Respublikası” və ya “artsax respublikası” adlandıran işğalçı rejimə müxtəlif vaxtlarda Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan rəhbərlik ediblər. Samvel Şahramanyan  2023-cü il sentyabrın 9-dan başçı idi.

Xankəndidəki bütün “dövlət strukturlarının” buraxılmasının elan olunmasından sonra idarəetmənin təhvil-təslim işlərinə başlanacaq. DQMV-nin keçmiş İcraiyyə Komitəsinin və bütün qondarma dövlət strukturlarının binalarında Azərbaycan bayraqları dalğalanacaq. Erməni nəşrinin yaydığı xəbərlərdə qeyd olunurdu ki, Şahramanyan Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndinə girişi təxirə salmağı xahiş edib: “Bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür. Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”. Azərbaycanın daxili işlər orqanlarının qüvvələri isə dünən Xankəndi şəhərinə daxil olub. Polis əməkdaşlarını daşıyan çoxsaylı xidməti avtomobillər Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə girib. Sosial şəbəkələrdə yayılmış görüntüləri lentə alan erməniəsilli şəxs oradakı qondarma rejimin ünvanına təhqiramiz sözlər işlədib.

Bilgili mənbə hələ ötən həftə “Yeni Müsavat”a demişdi ki,  ilkin dövrdə Azərbaycan bütün bu prosesə nəzarət etmək üçün Xankəndinə komendant təyin edə bilər. Hərbi (yarımhərbi) komendaturaya Rusiya sülhməramlılarının, eləcə də erməni icmasından da nümayəndələrin cəlb edilməsi mümkündür. Xankəndi ilə yanaşı, digər ərazilərdə də, xüsusilə Xocalı və Əsgəran da eyni prinsiplərlə komendaturalar yaradıla bilər ki, bununla təhvil-təslim prosesini maksimum qarşıdurma olmadan aparmaq mümkündür.

Xankəndidə prezidentin xüsusi nümayəndəliyini yaratmaq variantı da var. Bu iş 2021-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla)ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da həvalə edilə bilər. Amma daha ağlabatan variant budur ki, Xankəndi və ətraf rayonlarda Prezidentin xüsusi nümayəndələri olsun. Çünki bu vəzifənin yükü təkcə iqtisadi deyil, hərtərəfli fəaliyyət tələb edir.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Azərbaycan bütün ərazilərə kontrol edəcək. Amma idarəçiliyə gəlincə, S.Əkbər bildirib ki, ermənilər hansı bölgələri tərk ediblərsə, ora Azərbaycan yurisdiksiyasına keçir, harada erməni əhalisi qalacaqsa, müvəqqəti qarışıq idarəçilik modeli tətbiq edilə bilər. S.Əkbərin fikrincə, hazırkı şəraitdə qarışıq idarəçilik modeli Azərbaycana sərf edir, bu halda “etnik təmizləmə” və “genosid” ittihamlarına son qoya bilirik. Həmsöhbətimiz vurğuladı ki, Xankəndidə hərbi-mülki qarışıq idarəçilik tətbiqi istisna deyil: “Bu məsələlərdə etimad, səmimiyyət olmasa, məcbur qalacağıq ki, birbaşa idarəçilik təşkil edək. Ona görə də Rusiyaya və Qarabağdakı erməni nümayəndələrə xəbərdarlıq kimi bildirilməlidir. Eyni zamanda Azərbaycan kimsəyə arxayın olmadan bütün yaşayış məntəqələrini yoxlamalıdır. Bir tərəfdən ordu, digər yandan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti regionda işləməyə başlamalıdırlar. Hazırda Ordumuz, kəşfiyyat xidməti və təhlükəsizlik qüvvələri işləyirlər, eləcə də baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi İşçi Qrupu fəaliyyətə başlamaqdadır”.

Orxan ƏLİYEV
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR