İnsanlara hürriyət, millətlərə istiqlal!

100 ilin Kissinceri – o, “qan izini kəsdiyinə görə” Nobel mükafatı alıb, indi sözü eşidilmir

2124 16.06.2023 16:30 Təhsil A A

Görünür, ağıllı və uzaqgörən olmaq Henri Kissincerdə və onun nəslində genetikdir, irsən keçir.

Elə olmasaydı, o da, ailə üzvləri də ötən əsrin 30-cu illərində Almaniyada əsən, bütün Avropaya sirayət edən, qitəni xaraba qoyan nasizm terrorunun qasırğasında kül olub havaya sovrulardılar – həm də sözün birbaşa mənasında.

Ancaq 1923-cü ildə Bafariyanın Fyort şəhərində anadan olan və 1938-ci ildə artıq 15 yaşını tamam etmiş Henri atası Haynts Alfred Kissinqer və anası Paula Ştern Kissinqerlə (ABŞ-da onların soyadı Kissincer kimi qeyd olunub) birlikdə Almaniyadan ABŞ-a mühacirət edərək, canını krematoriyada yandırılmaqdan qurtarıb. Onların Bavariyada qalan qohumları isə hitlerçilərin Holokost cinayətinin qurbanı olublar.

kissin.jpg (45 KB)

Yeri gəlmişkən, hazırda 100 yaşı olan (20 gün əvvəl tamam olub), 11-ci onilliyini xırdalayan Kissincerin bütün ailəsi uzunömürlüdür. Onun atası 95, anası 97, qardaşı Valter isə 96 il yaşayıb.

Başqa sözlə, Kissincer, öz ölkəsinin standartları ilə götürsək, ABŞ-ın 30-cu prezienti Kalvin Kuliçi taxtda, 47-ci prezidenti Co Baydeni isə bələkdə görüb. O, prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi və dövlət katibi postunu tutaraq dünyanın idarə edilməsində söz sahibi olanda ABŞ-ın Forddan sonrakı prezidentləri 10-ci dərəcəli dövlət işindəydilər, sonradan 44-cü prezident olacaq Obamanın isə 8-10 yaşı vardı.

Amma ona diqqət edək ki, almaniyalı qaçqın gənc siyasətçinin harada doğulduğuna ciddi önəm verən ABŞ kimi ölkədə dövlətin iki-üç söz sahibindən birinə çevrilib.

Əlbəttə, burada dərhal “yəhudilərin öz aralarından birini seçib qabağa verməsi” kimi çoxdan bəlli və olduqca populyar olan qənaət də yada düşəcək, ancaq fakt budur ki. Kissincer öz ağlı, dərrakəsi, müdrikliyi ilə hələ də dünyaya yol göstərir. O, dövlətdə tutduğu mövqeyə də, söz yox ki, əsasən savadının, ağlının gücüylə gəlib çıxıb və 1973-cü ildə ona sülh üzrə Nobel mükafatını boş yerə verməyblər, həqiqi sülhpərvər olduğuna görə veriblər. Kissincer həmin missiyasını indi də davam etdirir, az qala hər həftə gah Rusiyaya, gah Ukraynaya, gah da Avropa ölkələrinə çağırışlar edərək onları sülhə, razılaşmaya, konsensusa səsləyir.

putin-kissincer.jpg (81 KB)

Fəqət indinin 60-80 yaşlı siyasətçiləri elə düşünürlər ki, Kissincerdən çox bilirlər. Halbuki Kissincer II dünya müharibəsini də görüb (döyüşlərdə iştirak edib), Koreya müharibəsini də, Vyetnam savaşını da, onlarca başqa qanlı ixtilafları da. O, bir çox hərbi nifaqların çözülməsində iştirak edib, sülh yaradılması işində rol oynayıb və yaxşı bilir ki, bütün bu işlərin sonu necə olacaq.

Kissincer həmişə real siyasət tərəfdarı olub, güclünün gücü hesablaşmağı üstün tutub, idealist düşüncədən uzaq durub, uduzanların haqqı üçün özünə və ölkəsinə düşmən qazanmayıb, bəzi hallarda radikal tədbirlərdən yana olub. Bu, əlbəttə, onun reputasiyasına xələl gətirən məqamlardır. Məsələn, SSRİ və Çinlə münasibətlərin yaxşılaşdırılması, gərginliyin azaldılması təşəbbüsü ilə çıxış edən və bu sahədə nailiyyətlər qazanan Kissincer eyni zamanda Kambocanın bombalanmasına, ABŞ-ın Çilidə qanlı hərbi çevrilişə dəstək verməsinə, Argentinada “çirkli müharibə” aparmasına tərəfdar olub.

2001-ci ildə dünyanın 100 aparıcı intellektualının reytinq cədvəlində ilk yeri tutan və Rusiyanın Diplomatiya Akademiyasının akademiki olan Kissincer Rusiyanın Ukraynada apardığı müharibənin ilk ilində Kremlin gücü ilə hesablaşmağı üstün sayırdı, hesab edirdi ki, Ukraynanın NATO-ya qəbulundan imtina etmək, Rusiyanın tələblərini yerinə yetirmək və Moskvaya güzəştə getməklə müharibəni Ukrayna və Avropa üçün daha az itkiylə sonlandırmaq mümkün ola bilər. Ancaq son aylarda o, mövqeyini bir qədər dəyişib, hesab edir ki, Rusiyanın qabağından qaçmaqla onu və müharibəni durdurmaq mümkün deyil.

Sec_of_State_Kissinger.jpg (244 KB)

ABŞ qoşunları II dünya müharibəsinin sonlarında Almaniya torpaqlarında irəliləyərkən alman dilini bilən əsgər Kissincer Krefeld şəhərinin denasifikasiyısında ciddi iştirak edib, sonra onu Hannoverə keçiriblər. Bu dəfə çavuş Kisisncer həmin şəhərdə gestapo zabitlərini və diversantları zərərsizləşdirib, medallarla təltif olunub. Yəni o, müharibədə əsgər və aşağı rütbəli zabit kimi vuruşmağın nə olduğunu bilir.

Kissincer 1950-ci ildə Harvard kollecini bitirib, 1952-54-cü illərdə Harvard universitetinin magistr pilləsini qurtarıb və doktorluq dissertasiyası müdafiə edib, həmin universitetdə dərs deyib.

1955-ci ildə o, ABŞ prezidenti Duayt Eyzenhauer tərəfindən yaradılmış, ABŞ-ın milli təhlükəsizlik şurasına tabe olan əməliyyat-koordinasiya komitəsində müşavir postu tutub. Bundan sonra o, vəzifə pillələrində irəliləməyə başlayıb.

Artıq ötən əsrin 60-cı illərində Kissincer dünyanın nüfuzlu və hörmətli ekspertlərindən biri idi. Prezident Nikson onu məhz buna görə təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə dəvət edib.
1973-1977-ci illərdə müşavir vəzifəsi ilə yanaşı dövlət katibi postunu da tutan Kissincer impiçment təhdidi qarşısında istefa verməyə məcbir olan Riçard Niksonun yerinə gələn Cerald Fordla da yaxşı dil tapıb. Ancaq Ford prezidentliyinin sonuncu ilində onu müşavir postundan çıxarıb. Bununla belə, Kissincerin prezident administrasiyasındakı həlledici rolu azalmayıb.

images.jpg (8 KB)

Dünya düzəninin bu günlərə xəta-bəlasız gəlib çatmasında, III dünya müharibəsinin başlanmamasında Kissincerin böyük rolu olub. O, daima böyük dövlətlərin bir-biriilə necəsə, qarşılıqlı güzəştlər yolu ilə anlaşmasınını tərəfdarı olub və onun səyləri nəticə verib.

Kissincer az-az amerikalı siyasət adamlarından biridir ki, 1974-cü ildə Türkiyə ordusunun Kipr adasına müdaxilə edərək, adada yaşayan türkləri genosiddən xilas etməsini və adanı bölməsini dəstəkləyib. Buna görə o, Yunanıstan və ABŞ jurnalistləri tərəfindən kəskin ittihamlara məruz qalıb.

2007-ci ilin sentyabrında o, populist və qərəzkar amerikalı siyasət adamlarından fərqli olarq digər dövlət katibləri ilə birlikdə ABŞ Konqresini qondarma “erməni genosidi”nə dair qətnaməni qəbul etməməyə çağıran məktub imzalayıb.

2022-ci ildə Kissincer Ukrayna və Rusiya arasındakı münaqişənin tənzimlənməsi üçün mübahisəli ərazilərdə beynəlxalq müşahidə altında referendum keçirilməsini təklif edib. Ancaq onun sözünə fikir verən olmayıb.

zaxaroa.jpg (33 KB)

İndi də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova siyasət dühasının növbəti təklifini – Rusiyanın Avropa ilə anlaşmalı olduğu barədə dediyi sözləri “gülünc” adlandırıb və deyib ki, Ukrayna və Rusiya arasındakı sülh danışıqları Qərbin ssenarisi üzrə getməyəcək.

Maraqlıdır ki, Kissincer dünənə qədər Rusiyaya sərf edən açıqlamalar verəndə Kreml onun dediklərini məmnunluqla qarşılayırdı və federeasiya mediası sabiq dövlət katibinin fikirlərini gen-bol tirajlayırdı. İndi ikisinin də valı dəyişib. Artıq Kissincerin sülh çağırışlarına məhəl qoyan yoxdur.

Ancaq əvvəl-axır tərəflər onun dediklərinə gələcəklər. Ola bilər, bir az gec olacaq. Bəlkə də Vyetnamda bundan da qanlı müharibəni dayandıran adam dediklərinə diqqət yetirmək lazım olanda çox gec olacaq.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR