Свобода людям, независимость нациям!

Xeyirsiz şair

“Çün yəqin bildi Nəsimi ağzının var olduğun,

Ol yəqini sən güman etmək dilərsən, etməgil!"

(məlum şairdən sitat)

Bəlkə də Nəsiminin yaradıcılığı uca xalqımız arasında bu qədər məşhur olmazdı, əgər Afət Fərmanqızının onun “Məndə sığar iki cahan” beytiylə başlayan qəzəlinə qoşduğu mahnı olmasaydı. Güman edirəm yaxın illərdə sənətkar buna görə xalq artisti adı alar. Haqq edir. Yutubda filan qədər izləyəni varmış.

O cümlədən, mahnıdan sonra buna komik video qoşan Şəki xəstəxanasının bir qrup işçisinin baş həkim tərəfindən qovulması diqqətəlayiq hadisədir. İşdən qovulan tibb bacısı deyir 160 manat maaş alırdım, ata-anamı da bu pulla saxlayırdım, həkimə nə qədər yalvardım, insafa gəlmədi. Şairi o vaxt öldürüb soyanlar da insaf eləməmişdi, yeri gəlmişkən. İndi baş həkim niyə insafa gəlməlidir? Tarixi ənənələri yaşadır.  Hərçənd, maraqlansan bəlkə heç Teymurləngin vaxtında tibb bacısı o cür az maaş almayıbdır. Yəqin mahnıya video çəkib paylaşmaqla maaşı artırmaq istəyiblər. Səhiyyə nazirinin mətbuat katibi Pərviz müəllim demişkən, məşhur olmaq istəyirmişlər. Sənin harana yaraşır məşhur olmaq? İynəni vur, çıx get. Qoy baş həkim məşhur olsun, toy manısları tanınsın, uzağı nazirin mətbuat katibi məşhurlaşsın.

Dövlət 2019-cu ili “Nəsimi ili” elan edəndə bu cür tədbirlərin yaranacağı şübhəsiz idi. Bizdə həmişə belə olur. “Kənd təsərrüfatı ili” elan edirik, pambıqçılar zəhərlənir. “İdman ili” düzəldirik, boksçumuzun ağzını partladırlar, üzgüçümüz batır, yarış atımız yıxılıb, türkün məsəli, qılçını sındırır. Nə bilim, “Müsəlmançılıq ili”ndə dindarları tutub zindana saldıq, “Demokratiya ili”ndə müxalifəti. (Axırıncı il hələ olmayıb, özümdən uydurdum ki, bəlkə kiminsə ağlına yerləşdi). İndi də şairin adına il qoymuşuq, aləm dəyib bir-birinə. Klip çəkdirən, saç yolan, efirdə söyüşən, işdən qovulan... Bəlkə kütləvi xahiş ərizələri yazıb dövlət rəhbərliyinə göndərək, bu ilin adını dəyişsinlər, ayrı şey qoysunlar, yoxsa qabaqda daha pis olacağını güman edirəm. Nə keçib, uzağı 3 ay. Lap istəsən ilin başlanmağını Novruzdan götürüb sıfırdan yeni adla ilə girmək olar. Misal üçün, Səməd Vurğunun, Rəsul Rzanın adını qoymaq olar. Ya da “Süleyman Rüstəm ili”. Qısası, öz əcəliylə ölən, həmişə dövlətçiliyə sadiq, rəhbərliyə şeirlər yazmış adamların adını ilə qoymalıyıq. Dava da düşməz. “El bilir ki, sən mənimsən, Azərbaycan, Azərbaycan” - gör burda nəsə problem varmı? Yoxdur. Nə cür istəsən oxu, lap meyxana de. “Mən hansı bir insana bənzədim ki Lenini” - bunu hazırda Mavzoleydə oxusan Putindən medal alarsan. Yaxud şeirdə tolerantlığa, humanizmə, mərhəmətə baxın: “Məndən sənə nə desələr inanma, ey gül, Səndən də gəlib gündə Süleymanə deyirlər”. İlin adını belə şairə ver, ondan sonra bax gör efirdə qaçan gəlinlər, doğranan baldızlar, zorlanan qayınlar, nə bilim, itən bacanaqlar haqda süjet tapılırmı.

Elə Nəsiminin yuxarıda adı çəkilən şeirində monopoliya, inhisarçılıq, gizli iqtisadiyyat və ofşor şirkətləri yaratmağın təbliği, tərənnümü özünə yer tapmışdır. Fikir verin, şair deyir ki, dünyada nə varsa hamısı mənimdir: “Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam”. Deyir hər yerdə dükan açmışam, əcəb eləmişəm. “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” - bəs burda nəyə söz atır? Gəlirlərin bəyan edilməsini, vergi deklarasiyasını vecinə almamaq təbliğ olunur. “Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam” - burada isə mobil rabitədən tutmuş enerji-qaz-neft sektoruna qədər hər şeyə əl qoyur. Bizə belə şair lazımdırmı? Uşaqlarımız, gənclərimiz bundan hansı dövlətçiliyə sədaqət öyrənəcəkdir? Bunu heç AYB üzvlüyünə qoymaq da olmaz.

Yaxşı şairə xalq şairi adı verərlər, ehtiyat fonddan təqaüd alar, arvadı dublyonka geyər, uşağı “Galenvagen” sürər, nə bilim, katibəsi bulvardan ev alar. Bir şair ki, şeirindən heç özü xeyir görməyibdir, onun yaradıcılığından millətə də xeyir gəlməz. Biz hazırda bunun şahidiyik.

Новости автора