Свобода людям, независимость нациям!

Susmaq təklifi…

Bizə məhv etmək işlərində kimsə lazım deyil. Heç erməni də. Özümüz özümüzü söyəcək, döyəcək, təhqir edəcək, haqlı-haqsız məhşər ayağına çəkəcəyik. Bircə yaxşı işimizə əhsən deməyəcəyik. Hələ üstəlik, günlərin birində hansısa səhvimiz ələ keçsə, nə dövlət, nə millət deməyəcək, əsas odur ki, “baş kəsməli” məqamdır söyləyəcəyik.

Baş kəsmək demiş, bizə heç o başkəsən terror təşkilatları da lazım deyil. Yəni bütün cəbhələrdə öz məsələmizi həll edirik. Sadəcə, bircə cəbhədə uduzuruq, o da Azərbaycanın mənəviyyatı, maraqları cəbhəsidir. Yəni o səngərdə biz layiqincə davrana bilmirik. Fərdi maraqları ictimai və mənəvi öhdəliklərini aşan cəmiyyət olmaqdayıq. Həm də bu mərhələyə çox sürətlə yaxınlaşırıq. Bəlkə artıq mərhələni keçmiş də sayıla bilərik. Təhsil Nazirliyi ilə ictimai rəy münasibətləri arasında tarix dərsliyi qalmaqalına görə yaranan uçuruma baxanda belə düşünməyə əsas olur. Hələlik bu yaranan uçurum bizim faciəmizdən başqa bir şey deyil. Bir neçə maraqlı məqam var.

Məsələ burasındadır ki, fakt aşkarlanandan sonra Təhsil Nazirliyi səssizcə dərslikləri yığıb və nəşriyyat öz hesabına yeni dərsliklər çap edib məktəblərə çatdırıb. Yəni tirajlamanı nəzərə alsaq, cəmi 7 min nüsxə və çox az adam əslində nə baş verdiyindən məlumatlı olub. Amma nədənsə sonradan bu məsələ kimlərsə tərəfindən gündəmə gətirilib, istifadə olunmasına qərar verilib. Bu, artıq fərdi maraqlardan başqa heç nə ifadə etmir. Əslində, bu bizim bizə münasibətimizdir. Ola bilər ki, Təhsil Nazirliyi strukturunda lap elə bu xəritə, kitab məsələsinə görə kimlərsə işdən uzaqlaşdırıldı. Fərdi maraqları öndə olan tərəf qazandı yəni. Axı dövlət və mənəvi maraqları nəzərə almayan qalibiyyətlər kimə lazımdır? Niyə unudulur ki, dövlətinin, millətinin və mənəviyyatının üzərində qazanılan bütün qalibiyyətlər ən böyük və faciəli məğlubiyyətdir. Bəs dövlət marağına vurulan zərbəyə görə cəzanı hansı qalib və ya məğlub ödəyəcək? Bu hesabı kimdən soracağıq? Dərslik müəlliflərindənmi? Bəli, lazımdır. Ancaq hesabı müəlliflərə paralel fərdi maraq güdənlər də ödəməlidir. Onlar məsələni ictimailəşdirən tərəf kimi günahkardır. Bu vəziyyətə “Durun!” əmri verilməzsə, uduzan tərəf həmişə biz olacağıq, azərbaycanlılar, Azərbaycan cəmiyyəti. Udan başqası üzərində qalibiyyətindən həzz alan və düşmənlər. Bir qədər geniş götürəndə hək ikisi elə Azərbaycan adlı məmləkətə düşmən kimi davranıb. Fərq bundadır ki, biri bəlli, o biri gizli düşməndir. Birinə qarşı açıq mübarizə apara bilirik. O birinə açıq söz demək olmur. Çünki necə deyərlər evin düz mətbəxindədirlər. Yəni özümüzünküdürlər. Nə atmaq, nə satmaq olur.

Bu yazıda məqsəd kimisə müdafiə etmək deyil. Nazirliyin bu məsələyə aidiyyəti əməkdaşları, dərslik müəllifləri diqqətsizliklik, səhlənkarlıq, lap desəniz məsuliyyətsizlik, savadsızlıq ediblər, tutalım belədir. Bəs bu hadisəni ictimailəşdirənlər kimlərdir?!.. Cavabı olan, amma susmaq tələb edən sualdır. İndi isə məsələyə görə cəmiyyəti həm də bu suallar maraqlandırmalıdır:
-Kitab olayında həqiqət haradadır? O xəritəni dərsliyin həmin bölümünü yazan müəllifmi tərtib edib? Edibsə, daha haralarda istifadə olunub? Xəritə necə və hansı şəraitdə dərsliyə düşüb? Belə bir xəritə dünyanın hansı tarixi mənbələrdə istifadə olunub? Neçənci ildən mövcuddur? Əgər belə bir xəritə varsa, niyə bizim elm camiyəsi indiyə qədər “üsyan” qaldırmayıb? Bundan başqa, xəritənin daha çox hansı mənbələrdə istifadə olunduğuna dair məlumatlar varmı? Və yaxud da xəritəni yayan mənbələr erməni tərəfinin maraqlarını təmsil edənlərdirmi? Yəni suallar çoxdur. Söyməkdən başımız açılsa, özümüzə və qarşı tərəfə ədalətli olmağı mütləq bacaracağıq. Qaldı başqa məsələlərə, fakt bu ki, iyirmi altı illik müstəqillik tarixi olan Azərbaycan indi Ermənistandan qat-qat güclüdür.

Fakt bu ki, bizim həmişə hədəfində olduğumuz düşmənlərimiz var ermənilərin simasında. Fakt bu ki, biz Qarabağı itirmişik. Yəni indi bizim hədəfimiz özümüz olmamalıyıq. İşimizin istiqaməti də, hədəfləri də artıq bəllidir. Gedib ermənilərlər savaşmaq lazımdır bütün cəbhələrdə, əsl, gerçək ermənilərlə. Özümüzdən olanlara şər atıb erməni deməklə dünyanı və ermənini bizə güldürməyək.

Bir də onu unutmayaq ki, vətəndaşıqsa, biznes və siyasi maraqların üstündə durmalıdır dövlət maraqlarımız. Yalnışlıqla yol verilən səhvə görə ictimai rəylə rəsmi dövlət qurumu arasında yaranan müvəqqəti qarşıdurmadan yararlanmaq olmaz. Bu, dövləti mənfəət uçurumuna yuvarlamaqdır. O uçuruma düşdüksə, heç bir biznes və siyasət maraqlar olmayacaq. Çünki o maraqları müdafiə eləməyə, ya da ortaya çıxarmağa yerimiz olmayacaq. Hərdən belə düşünüb ən qatı siyasi düşmən qarşısında belə susmaq lazım gəlir. Bunu həmişə lazım bilib zamanında mərd insanlar. O üzdən bir təklif var. Artıq hamılıqla susaq?!.. Bizi düşmən də görür axı. Hər halda ətrafında düşünməyə dəyəcək təklifdir.

Jalə Mütəllimova

 

Новости автора